Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyi arasında gərginlik səngimək bilmir. Qeyd edək ki, bu məsələdə ox yaydan çıxıb və iki qurum arasında yaranan münaqişənin ədalətli həlli üçün ən yüksək səviyyədə müdaxiləyə ehtiyac yaranıb. Çünki bu cür deyişmələr onsuz da kövrək reputasiyaya malik, hər tərəfdən basqı və ittihamlarla üz – üzə qalmış nəhəng bir sahənin dilə - dişə düşməsinə səbəb olub və sonu görünməyən ittihamlardan korlanmış imici qismən də olsa bərpa etmək üçün təxirəsalınmaz tədbirlər görülməsi zərurəti ortaya çıxıb.
Problemin mövcudluğunun artıq ictimai rahatsızlıq və inamsızlıq yaradıb. İttihamlarsa əndazəni aşaraq qorxulu tendensiya yaradıb. Əslində heç bu savaşda kimin haqlı, kimin haqsız olduğunu da izah etməyə lüzum yoxdur. Çünki Təhsil Nazirliyi və TQDK bir ağacın iki budağıdır və bu budaqların yola getməməsi bütövlükdə ağacın quruyaraq məhv olması anlamına gəlir. Bu baxımdan qarşılıqlı ittihamların, daha doğrusu TQDK sədrinin vaxtaşırı mətbuat konfransı keçirərək Təhsil Nazirliyini qınamasına qarşı tərəfin bəzən tələsik, bəzənsə gecikmiş cavabların eynilə mətbuatın üzərindən verilməsi heç şübhəsiz qələm əhli üçün göydəndüşmə mövzu olsa da son nəticədə bilavasitə hamımıza dəxli olan taleyüklü bir sahənin tənəzzülünə gətirib çıxarır.
Əlbəttə, hamı bilir ki, təhsil sitemində çoxsaylı problemlər var, ancaq bu gün cəmiyyət həyatının hansı sahəsində çeşidli problemlər yoxdur? Digər tərəfdən biz də bir çox təhsil ekspertləri kimi biz də bu qənaətdəyik ki, problemləri dar çərçivədə müzakirə edərək həll etmək mümkündür, aləmə car çəkməklə onu ictimailəşdirməksə məsələni daha da qəlizləşdirməkdir. Çünki təcrübə göstərir ki, bu zaman ittiham hədəfi olan tərəf hətta həqiqət olan məqamları belə danmağa çalışaraq özünü təmizə çıxarmağa,əks arqumentlərlə silahlanaraq iddiaları təkzib etməyə çalışır. Ötənlərdə mətbuatla təmaslara üstünlük verərək rəqiblərinə nümayişkaranə mesajlar, hətta ultimatumlar göndərən keçmiş əmək və əhalinin sosial müdafiə naziri Əli Nağıyevin elə oxşar nümayişkaranə şəkildə tənbeh edilərək cəzalandırılması təcrübəsini də yaxın keçmişdəgörmüşük.
Əlbəttə, heç kim danmır ki, təhsil naziri necə deyərlər, aydan arı, sudan durudur. Bizlər də vaxtaşırı bu sahədəki nöqsanları, çatışmazlıqları tənqid etmişik və bu gün də etməkdəyik. Ancaq insan təbiəti belədir ki, o bir qurumun və ya şəxsin yeri gəldi – gəlmədi ittiham hədəfinə çevrilərək bəzən də qurşaqdan aşağı zərbələrə məruz qalmasına biganə qala bilmir, hətta həmin hədəf günahkar olsa belə ona dəstək ifadə etməyə tələsir.
Əgər Misir Mərdanovun postundan kənarlaşdırılması bu qədər labüd idisə onda sual olunur ki, niyə ötən ilin sentyabrın əvvəllərində ölkə prezidenti onu yox, hər üç müavinini görəvindən kənarlaşdırdı? İki gün öncə Baş Prokurorluq tərəfindən Bakı Baş Təhsil İdarəsindəki vəzifə saxtakarlıqlarıyla və külli miqdarda dövlət vəsaitlərinin dələduzluq, sənədlərin saxtalaşdırılması yoluyla mənimsənilməsiylə bağlı yaydığı açıqlamadan dərhal sonra yenə hamı baş günahkar obrazında Misir Mərdanovu gördü. Ancaq bu ölkənin yazılmamış oyun qaydalarından az – çox məlumatı olan hər kəs bilir və ya bilməlidir ki, bu gün təhsil sahəsinə bütünlüklə Mərdanov nəzarət edə bilmir. O başqa məsələ ki, bunun səbəbi nədir?
Hələ bu harasıdır? Azərbaycanda orta məktəbin neçəsində direktorlar nazir, deputat, icra başçısı, rəis, prokuror və digər ünlü personaların ailə üzvləri və ya qan qohumlarıdır, kimsə bunu araşdırıbmı? Misir Mərdanov hətta istəsə belə onları işdən çıxara bilərmi? Yəqin kimsə deyəcək ki, onda o nazir postunda niyə oturub. Digər tərəfdən, qanuna görə nəinki məktəb direktorlarını, hətta orta məktəb müəllimlərini də nazir təyin edir və çıxarır. Ancaq bütün bunlar yalnız kağız üzərində belədir vərealııqda isə icra başçıları “balaca padşahlar” rolunda olduqlarından bu kimi məsələlərə özləri baxır və nazirliyə “əziyyət vermək” istəmirlər. Bütün bunları hamı bilsə dəyenə də qurbanlıq axtarışına çıxır və ilk kara gələn də Misir Mərdanov olur. Son bir neçə ildə Təhsil Nazirliyi vakant müəllim yerlərinə qəbul həyata keçirir. Ancaq nazirlikdədə etiraf edirlər ki, bir çox rayonların təhsil şöbələri və məktəb direktorları müəllimə ehtiyacları olsa belə həmin vakansiyaları təqdim etməkdən imtina edirlər və “dərə xəlvət, tülkü bəy” prinsipiylə təmənna qarşılığında istədikləri şəxsi, nəinki ali təhsili olmayan, hətta texniki peşə məktəbini alayarımçıq bitirən adamları müəllim kimi işə götürürlər. Son nəticədə isə məktəb təhsil ocağına deyil, bazara çevrilir. Bir müddət öncə nazirlik minə yaxın saxta diplomlu müəllimi aşkarladığını bəyan etmişdi, ancaq hamı bilir ki, reallıqda bundan bir neçə dəfə çox saxta diplomlu adam nazirliyin xəbəri olmadan dərs saatı müxtəlif müəllimlərin adına yazılmaqla məvacib alır və nəticədə dövlətə külli miqdarda ziyan vurulur.
Məsələ ilə bağlı Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədovla əlaqə saxlayaraq təmsilçisi olduğu qurumun bu ittihamlara qarşı hansı addım atacaqlarıyla maraqlandıq. Nazirlik rəsmisi bildirdi ki, mövqelərini rəsmi açıqlamalarında bildiriblər və bundan artıq nəsə deməyə lüzum görmür. İ. Pirməmmədov dedi ki, mətbuat bu məsələdə ucuz sensasiya axtarmamalı və ciddi təhlillərlə problemin həllinə öz töhfəsini verməlidir. Maraqlıdır ki, Təhsil Nazirliyinin yaydığı məlumatda da media mənsublarına müraciət edərək məsələyə mümkün qədər həssas və məsuliyyətli yanaşılması xahiş olunur: “Çünki onların hər biri Azərbaycan məktəbinin yetirməsidir”.