Biz Avropadan göndərilən avronu almaq üçün rəsmən iki dəfə aldadılırıq...
Bilmirəm, nə məsələdir, kimin problemi varsa, mənə üz tutur ki həll elə. Elə bilirlər ki, qəzet səhifələrində, internet saytlarında cızma-qarayla, yazı-pozuyla məşğul olan qələm əhli hər kəsin hansısa porbleminə əncam qıla bilər. Day demirlər ki, keçəl dərman bilsə, öz başına yaxar. Az sayda həmkarımı çıxmaqla çox sayda qələmdaşımın durumu elə mətbuatın indiki günündədir.
Əlqərəz, biri gəlib deyir ki, bəs mənə Avropanın bir ölkəsindən Western Union vasitəsiylə yollanan avronu Azərbaycan bankları ABŞ dolları və ya AZN-lə verir. Şikayət qəbul olunmur, deyirlər ki, bu, Azərbaycan tərəfinin qəbul və icra etdiyi bir sistemdir. Ölkənin bütün banklarında Western Union vasitəsiylə pul köçürmə xidməti ABŞ dollarıyla aparılır. Məsələn, Western Union vasitəsiylə Avropadan 200 avro göndərilibsə, milli valyutaya vurulur ki, bu da 203 AZN edər. Daha sonra 203 ABŞ dollarına vurulur, bu da 237 dollar 28 sentdir. Əgər pulunuzu dollarla deyil, milli valyutayla almaq istəyirsinizsə, bank sizə 183 manat verəcək. Beləliklə vətəndaş 20 manat itirir, sonda qazanan Azərbaycan bankları olur. Yəni, biz Avropadan yollanan avronu almaq üçün rəsmən iki dəfə aldadılırıq...
Sözügedən məsələni araşdıranda məlum oldu ki, Western Union vasitəsinə pul köçürülmələrdə nə qonşu Gürcüstanda, nə Türkiyədə , nə Rusiyada, nə Ermənistanda, nə də dünyanın hər hansı dövlətində bu cür bank oyunları oynanılır. Bu oyuna sadəcə Azərbaycanda rast gəlmək mümkündür.
... Bu arada “Tax Justice Network” təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı müəyyən edib ki, son illər Azərbaycandan xaricə milyardlarla dollar çıxarılıb, ki, bu məbləğ ölkənin 7 milyard dollarlıq xarici borcunun 68,4 faizi deməkdir. Əlavə olaraq bildirilir ki, son 20 il ərzində Azərbaycanda 48 milyard dollar pul çıxarılıb.
Əslində bu danılmaz bir gerçəklikdir. Çünki, Azərbaycan banklarında qeydiyyatda olmayan pullar buradan xarici ölkələrə gizli yollarla ötürülür. Mənbə bildirir ki, bu çirkli pulların digər valyutalara çevrilməsi 0.5 faizlə həyata keçirilir. Azərbaycandan çıxarılan çirkli pullar tək elə İstanbulun “Çarşı bazarı” deyilən ticarət şəhərciyinin 3 “toçka”sında yuyulur...
Bu günlərdə İrandakı tanışlarımdan biri yazır ki, “baba, nə məsələdir, bank kartım işləsə də, hesabımdakı puldan istifadə edə bilmirəm. Royal Bankda problem var” deyə sual verir. Cavab verirəm ki ay rəhmətliyin oğlu Royal Bank öz səhmdarlarından biri olan İran əsilli iş adamının güdazına gedib. Burdakılar öz pulunu işləyən banklardan heç ala bilmir, ta İrandan gəlib pul almağın müşgül məsələdir, unut getsin. Əlavə edir ki, “mənim maman da , babam da (İranda anaya maman, ataya baba deyirlər- L.S.) sağ salamatdır, deyirlər sizin ölkənizdə hər nəmənə iş varsa, rüşvətlə həll etmək olur”. Yenə də cavab verirəm ki, bizdə ölüyə də, diriyə də rəhmət var. Amma sənin Royal Bankda batmış pullarına doğurdan da rəhmət düşür. O ki qaldı bizim ölkədə rüşvət məsələsinə, həqiqətən də bizim ölkədə rüşvət var, amma indi İranla aramızda problem yarandığı üçün çətin ki, sizin vermək istədiyiniz rüşvətin altına kimsə girə bilsin...