Talelər dəyişmir. Ancaq hər gün baş verən yol nəqliyyat hadisələrini insan taleyi kimi qəbul etmək düzgün deyil. Avtomobil qəzaları haqqında hər gün eşidirik. Bu qədər qəzalar, fəlakətlər olar.
Dünyada görünməyən avtomobil qəzaları Azərbaycanda baş verir. Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov mətbuata müsahibəsində bildirib: ”Yol qəza hadisələrində ölənlərin sayı Qarabağ müharibəsində ölənlərdən çoxdur”.
Həqiqətən statistik rəqəmlər hər gün dəyişir. 6 ay ərzində 450-ə nəfərə yaxın ölüm, 1000 artıq xəsarət alan var. Ola bilər bu rəqəmlərdə yanlışlıq olsun. Hər bir ölüm hadisəsi tək bir ailə üçün faciə, göz yaşı deyil. Bu həm də, cəmiyyət üçün, millət üçün faciədədir. Bu hadisələrə sakit yanaşmaq mümkün deyil. Bütün cəmiyyət, media, QHT-lər həyəcan təbili çalmalıdır. Vətəndaş olaraq bu hadisələrdən heç kim sığortalanmayıb.
Bəs, hansı səbəbdən Azərbaycanda bu qədər yol nəqliyyat hadisələri baş verir?
Verilən məlumatlara görə, bu il Azərbaycanda avtomobillərin sayı 60 min artıb. İnsanların imkanları artdıqca və yaxud digər vasitələr hesabına avtomobil sahibi olurlar. Bakı şəhərində həqiqətən avtomobil sıxlığı aydınca hiss olunur. Məgər yol qəzalarının başlıca səbəbi budurmu? Elə ölkələr və şəhərlər var ki, əhalisi də, avtomobillərin sayı da Bakı şəhərindəkindən qat-qat çoxdur. Deməli, bu əsas səbəb ola bilməz.
Ümumiyyətlə, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Ən başlıca səbəb məsuliyyətsizlikdir. Bu məsuliyyətsizlikdə çoxlarının payı var. Qeyri-şəffaf və qeyri qanunu sürücülük vəsiqəsinin verilməsi, avtomobili idarə edərkən sürət həddini aşma, maşını idarə edərkən mobil telefondan istifadə etmə, yorğunluq faktoru, yolların, avtomobillərin nasazlığı və ən əsası isə sürücünün içkili vəziyyətdə olması qəzalara yol açır.
Bu səbəbləri aradan qaldırmaq haqqında düşünmək lazımdır.
Bəlkə sürücülük vəsiqələrinin verilməsini Tələbə Qəbulu üzrə Dovlət Komissiyasına həvalə etmək olar. Çünki sürücülük vəsiqəsinin verilməsində daha müasir mexanizmlər işləyib hazırlamaq lazımdır ki, gələcək sürücünün beyninə Avropa mədəniyyəti, dəyərləri hopsun. Hazırda insanların ən çox gileyləndiyi məqam sürücülərin total mədəniyyətsizliyidir. Bu bir çox problemlərin təzahürüdür. Azərbaycan ictimaiyyəti, Azərbaycanda olan hərəkət iştirakçıları düşünməlidir ki, yol qəza hadisəsi ilə bağlı həlak olanlar da bu ölkənin vətəndaşıdır. Bu məsələlərlə bağlı ailədə valideynin, məktəbdə müəllimlərin və ümumilikdə cəmiyyətin məsuliyyəti böyükdür.
İmkanlı şəxslər öz gül balalarını tərbiyə edərkən, onlara avtomobil alıb verərkən məsuliyyətlərini dərk etməlidirlər. Həddindən artıq bahalı avtomobili həddindən artıq sürətlə idarə edən bəzi novcavanlar görəndə və onların törətdiyi qəza hadisələrinin statistikasına nəzər salanda düşünürsən ki, həmin o imkanlı şəxslər zamanında kaş ki, məsuliyyətli olaydılar. Axı övlad əziz olduğu kimi onun tərbiyəsi də əziz olmalıdır. Bir çox hallarda həmin o novcavan sürücülərlə yol polisi də bacarmır. Nəticələr isə acınacaqlı olur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov maraqlı bir məlumat verdi. Eyyub müəllim dedi: “Bakıdan Şirvan şəhərinə gedən zaman 07 markalı ”Jiquli” avtomobili yol boyu qarşısına çıxan bütün maşınların qarşısında müxtəlif manevirlər edərək təhlükəli məqamlar yaradırdı. Mən dəfələlərlə 102 xidmətinə mobil telefonum vasitəsilə zəng etdim. Təəssüf ki, həmin təhlükəli avtomobili qarşıdakı polis postlarında saxlamaq əvəzinə mənə bildirdilər ki, geri qayıdıb Qaradağ RPİ –yə yazılı məlumat verməlisən. Zamanında tədbir görülmədiyinə görə, həmin o “Jiquli” markalı 07-nin sürücüsü yol boyu manevrləri ilə bizi təqib etdi”. Təəssüf ki, belə faktların sayı çoxdur.
Belə bir fikir tez-tez səslənir. Yüksək sürət ömrü qısaldır. Yaxşı bəs, hansı zərurətdən Azərbaycanın əsas magistral yollarında, xüsusilə, Bakı- Quba yolunda sürət həddini yüksək müəyyənləşdirmək planları ortalığa çıxıb? Müşahidələr göstərir ki, qəza hadisələrinin böyük hissəsi sürət həddini aşma nəticəsində baş verir. Deməli, sürəti həddini artırmaq əvəzinə daha optimal mexanizmlər işləyib hazırlamaq lazımdır.
Bu gün bütün problemləri yol polisi ilə bağlamaq düzgün deyil. Ancaq bu sahənin özündə ciddi islahatlara ehtiyac var. Burada gənc kadrların şəffaf seçimindən tutmuş digər işlərə qədər proses davam etməlidir. İslahat apararkən Gürcüstanın təcrübəsinə istinad etmək ciddi effekt verə bilər.
Bundan əlavə əsas magistral yolların kənarında tez-tez rast gəlinən qəzaların nəticəsi olaraq insanların yaxınlarına yaratdıqarı “xatirə kompleksləri”nin yanından etinasız ötüb keçmək də mümkün deyil. Həmin insanları başa düşmək olar. Ancaq bütün bunların baş verməməsi üçün bu hadisələrdən qaçmaq lazımdır. Bunun üçün isə maarifçilik işləri peşəkar səviyyədə sürətlənməlidir.
Bütövlükdə isə hər bir hərəkət iştirakçısının qanuna riayət etməsi vacibdir.