Modern.az

Ölümdən betər olan...

Ölümdən betər olan...

Ölkə

2 Oktyabr 2012, 09:50

Və ya Azərbaycanda yas məclisləri ilə bağlı dəhşətli vəziyyəti necə dəyişək

Azərbaycan müsəlman ölkəsi olsa da, ölkəmizdə bir sıra adətlər İslam dini ilə (belə götürəndə həm də başqa dinlərlə.H.Q) uyğun gəlmir. Əlbəttə, bu mövzuda uzun müzakirə açmaq olar, Azərbaycanda İslam dini ilə uyuşmayan çoxlu sayda adət-ənənə, hadisə sadalamaq olar. Ancaq bu yazıda bunlardan biri ilə, hansı ki, dinlə daha çox hallandırılan yas mərasimlərinə toxunacağıq.

Azərbaycanda son illərdə keçirilən yas mərasimləri, xüsusən də paytaxt Bakıda keçirilən mərasimlər İslam dini ilə ümumiyyətə uyğun gəlmir. Bakı şəhərində dəbdəbəli ehsan süfrələri ilə bağlı artıq əfsanəyə çevrilmiş əhvalatlar, hətta lətifələr deyilir. Dəbdəbəli yas çadırları, bir neçə adda yemək, şirniyyat, subtropik meyvələr də daxikl olamaqla çərəzlər, təbii şirələr və sair. Son ilərdə Bakıda xeyli bahalaşmış və əhalinin gündəlik həyatına mane olan yas çadırlarını “mərasim zalları” əvəz edir. H.Aslanov metros ərazisində, eləcə də “Təzə Pir” məscid kompleksində yaradılan mərasim zalarında yas sahibləri üçün müxtəlif qiymətlərə mərasim təşkil olunur.

Bahalı yas menyuları

Məsələn, “Təzə Pir” məscid kompleksində 6 mərasim zalı var. Zallardan hər birində eyni vaxtda 250-300 nəfər qonaq qəbul eləmək olur. Bir nəfərlik xidmətin qiyməti isə 12 manatdan başlayır. 12 manatlıq menyuya hüzr mərasiminə gələnlər üçün əvvəlcə çay süfrəsi, çay süfrəsinə isə çayla yanaşı, ləbləbi, marmelad və qənd daxildir. Yemək süfrəsinə isə üstü qaralı plov (aş), göyərtilər, meyvələr (əsasən alma və armud) daxildir. Ancaq eynilə şadlıq saraylarında olduğu kimi, burada da bahalı menyu sifariş vermək mümkündür. Məsələn, yas mərasimlərində toyuq və ya balıq ləvəngisi sifariş edənlərə rast gəlinir. Belə olan halda bir nəfərlik stul üçün 20 manat və daha çox xərcə düşənlər də olur.


Stulun qiymətindən asılı olmayaraq, məclisin mollası da mərasim təşkilatçıları tərəfindən təqdim olunur. Mollanın 30 manat pulunu da onlar özləri verirlər. İşdir, məclis sahibi özü daha “prestijli molla” gətirmək fikrinə düşürsə, onun pulunu təbii ki, özü ödəyir. Adətən buradakı ehsan mərasimlərində gündüz 14.00-dək qadınlar, o saatdan sonra isə kişilər iştirak edirlər.

Bu gün istər bir qonaq (yəni başsağılığı üçün gələn adam) üçün 12 manatlıq xidmət tələb edən mərasim zalları, istərsə də günlük icarəyə verilən və böyük məsrəflərə səbəb olan yas çadırları Azərbaycan əhalisinin böyük əksəriyyəti üçün ağır işgəncədir. Ailə üzvünü itirən insanlar bu itki ilə yanaşı düşdükləri ağır xərclərin çətinliyini yaşamağa məhkum olurlar. Çünki orta statistik Bakı sakini “Təzə Pir”də bir mərasim üçün 3 min manat ödəməlidir. Nəzərə almaq lazımdır ki, adətlərə əsasən mərasimlər dəfn günü, 3, 7, 40, eləcə də 40-a qədər olan cümə axşamları və nəhayət il tamam olanda keçirilir. Deməli ən minimum xərclər daxilində ailə fərdini itirən azərbaycanlı həm də 10 min manata qədər pul xərcləməlidir.

Nəzərə almaq lazımdır ki, yas mərasimdən əvvəl ölünün kəfən-dəfn işləri var və bu zaman yenə də İslam dininin tələblərinin əksinə olaraq byük məbləğdə pul xərcləmək lazım gəlir. Məsələn, ölü yumanın qiyməti orta qiyməti 50 manatdır. Ölünü qəbiristanlığa aparmaq xidmətinin dəyəri isə 100 manata qədər dəyişir. Bundan başqa qəbir yerinin alınması (Bakıda ərazidən asılı olaraq 10 min manta qədər dəyişir), qəbir qazılması, kəfən, qəbir yerinin hazırlanması, nəhayət mollaya ödənilən vəsait. Bütün bunlar bu günkü Azərbaycan qiymətləri ilə böyük məbləğ edir. Və təbii ki, bütün bunlar Azərbaycan xalqının mənsub olduğu dinin əsasları ilə ziddiyyət təşkil edir.

İslam dininə görə necə olmalıdır?

İslam dininə görə, dünyadan köçən şəxs üçün 4 işi etmək vacibdir. Bunlar meyitin yuyulması, kəfənlənməsi, meyit namazının qlınması və dəfn. İlk iş meyitin yuyulub qüsullənməsidir. İslam hökmlərinə görə meyit yuyulduqdan sonra əvvəlcə sidr maddəsi qatılmış su, daha sonra kafur (Şərqdə bitən ağac növündən hazırlanmış maddə. Meyitin çürümə prosesini ləngidir-red.) qatılmış su və nəhayət, təmiz suyla qüsllanır. Bundan sonra cəsədi əsasən təmiz ağ parçaya (kəfənə) bükürlər. Növbəti vacib əməl meyit namazının qılınmasıdır. İslam hökmlərinə görə, meyit namazını bu əməli dəqiqliklə bilib yerinə yetirmək iqtidarında olan hər kəs qıla bilər. Ancaq namazı bölgədə savadı və doğruçuluğu ilə tanınan şəxsin qılması tövsiyə olunur. Və nəhayət, mərhum üçün edilməli olan sonuncu vacib əməl - basdırılmadır. Dünyadan köçmüş şəxs yuxarıda sadalanan əməllər yerinə yetirildikdən sonra gecikdirilmədən torpağa tapşırılmalıdır.

İslam dininin hökmlərinə görə, dünyadan köçdüyü zaman və şəraitdən, yerdən asılı olmayaraq dünyasını dəyişən müsəlman barəsində bu əməlləri yerinə yetirmək vacibdir. Bu hökm yalnız döyüş meydanında şəhid olan əsgərlərə aid edilmir. İslama görə, Allah və vətən yolunda şəhid olanlar müqəddəs sayıldığından onların qanları pak hökmündədir. Buna görə də döyüşdə ölənlərə yuyulub kəfənlənmə vacib deyil, geydikləri döyüşçü libası onları kəfəni ola bilər.

Göründüyü kimi İslam dünyadan köçən müsəlman üçün xeyli dərəcədə sadə bir mərasim nəzərdə tutur. Ehsan mərasimləri, 3, 7, 40, cümə axşamları, Quran oxunması mərasimləri daha çox əlavə iş, mərhum qarşısında son borcdur. Bu gün dilimizdə “ehsan” kimi tələffüz olunan söz ərəbcədən “həsənə”, yəni gözəl iş, xeyirxahlıq mənasını verir. Ehsan konkret olaraq yemək süfrəsi deyil. Məsələn, isti havada susamış bir insana bir qab su vermək də ehsandır, bir nəfəri (və ya çoxlu insanı) yedirmək, eləcə də bir imkansız pul vermək, məktəb açmaq, məscid tikmək və ya tikintiyə yardım etmək və digər yaxşı əməl hesab olunan bütün işlər ehsanadır.

Quran Kərimin “Bəqərə” surəsinin sonuncu ayəsində buyurulur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir...”

Bu mənada müsəlmana başsağlığı üçün evinə gələn hər kəsi yedrimək və ya borca düşmək xatirinə olsa belə onlara bahalı məclis təşkil etmək nəinki olmaz, hətta İslam dini ilə ziddiyyət təşkil edərək böyük günaha səbəb olur.

“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (Əraf surəsi 31-ci ayə).

Bu mənada Azərbaycanda keçirilən və böyük xərcə, ən əsası israfa səbəb olan mərasimlər getdikcə millətin həqiqi mənada üz qarasına çevrilir. Əlbəttə, kiməsə bu məclisi açma demək olmaz. Amma insanlara izah olunmalıdır ki, yas mərasimində “ehsan” adı ilə edilən işlər, açılan süfrələr son nəticədə nəzərda tutulan məqsədə, yəni savab qazanmağa deyil, əksinə günaha səbəb olur. Açılan ehsan süfrəsinin, oxunan Quran ayəsinin, edilən duaların dini baxımdan bir mənası var: ehtiyaclı insanların ehtiyacını təmin etməklə dünyadan köçən insanın ruhunu şad etmək, Allahdan o insan üçün rəhmət istəməkdir. Deməli son nəticədə israfçılıq və pis vərdişlərə gətirib çıxaran məclisə məqsədə hesablanmır. İnsanların biri biri ilə bəhs etmək naminə yas məclisləri təşkil etməsi dini baxımdan böyük günahlara səbəb ola bilər.

Çıxış yolu

Əlbəttə çıxış yolu dəbdəbəli mərasimlərdən imtina etmək, sadə məclislərə üstünlük vermək və ən mühüm imkanlı insanlara ehsan etmək üçün başqa yolların (imkansıza əl tutmaq, təhsilə yardım etmək, yetimlərə kömək etmək və sair) olduğunu başa salmaq və ən əsası cəmiyyəti yas mərasimləri üzərində qurulan bu “yarışdan” ayırmaq lazımdır. İslam dini sanlıqdır, çətinlik deyil. İnsanların din adı ilə özlərinə və cəmiyyətə maddi və psixoloji zərər vurması dinin ruhu ilə ziddiyyət təşkil edir.

Yeri gəlmişkən, bəzi bölgələrdə, kəndlərdə tərəqqipərvər din adamları, ağsaqqalar dəbdəbəli yas adətlərindən imtina etməyə başlayıblar. Artıq ölkənin bəzi əazilərində bu zərərli vərdişdən qurutulub. İndi qalır bunu bütün ölkəyə yaymaq.

Hüseyn Quliyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı