Dövlət Statsitika Komitəsinin məlumatına görə, Azərbaycanda 2008-ci 7933, 2009-cu ildə isə 7789 nikahın pozulması faktı (boşanma) qeydə alınıb. Bütün boşanmalarda ən çox əziyyət çəkən tərəflərdən biri də dağılan ailələrin uşaqlarıdır.
Rəsmi statistikadan görünür ki, kənd yeri ilə müqayisədə şəhər yerində boşanma faktları daha çoxdur. Şəhər yerində ailələrin dağılma prosesi daha sürətlə artır. Ən çox boşanma Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Naxçıvan MR, Lənkəran, Xaçmaz, Ağdam, Şəmkir, Tovuz, Qusar Yevlax rayonlarında qeydə alınır. Statistikaya görə, Bakı şəhərində ildə 3000-dək nikah pozulur. Son bir ildə Sumqayıt və Gəncədə 400-ə yaxın, Naxçıvan MR-də 300-ə yaxın, Mingəçevirdə 150, Xaçmazda 170, Lənkəranda 150, Qusarda 120, Ağdamda 150, Tovuzda 140, Şəmkirdə 115, Yevlaxda 110 ailə dağılıb. Azərbaycanda ən az boşanmanın qeydə alındığı rayonlar Yardımlı, Xızı, Biləsuvar, Xocalı, Qobustan rayonları, Naftalan şəhəridir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə boşanma hallarının 40 faizdən çoxu gənc ailələrin payına düşür.
Boşanma zamanı mübahisə doğuran predmetlərdən biri də uşaqların kimin himayəsində qalması və alimentin ödənilməsi məsələləridir. Ekspertlər bildirirlər ki, Azərbaycan məhkəmə təcrübəsi onun göstərir ki, uşağın kimin himayəsində qalacağı məsələsində analara daha çox üstünlük verilir. İstisna yalnız o halda baş verir ki, qadın öz analıq vəzifələrini lazımınca yerinə yetirmir və ya əxlaqsız həyat tərzi keçirir. Çoxsaylı uşağa malik olan ata-ana ayrıldıqda isə, uşaqlar tərəflər arasında bölüşdürülür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda boşanan ailələrdən 5 mini uşaqsız, 3 mini uşaqlıdır. Rəsmi statistikaya görə, hər il təxminən 5 min uşağın valideyni boşanır.
Belə uğursuz ailələrdən 1500-də uşaqların sayı 1, qalanlarında isə 2 və daha çox olub.
Ekspertlər evliliyə son qoyan əsas amillərin bunlar olduğunu bildirirlər: iqtisadi çətinliklər, ər-arvadın səviyyə fərqliliyi, cinsi problemlər, qadın və kişinin xəstəliyi, xasiyyətin düz gəlməməsi, tərəflərdən birinin xəyanəti, yetkinlik yaşına çatmayanlarla evlənmə, sonsuzluq, qadıvnlara qarşı zorakılıq, ailədaxili digər münaqişələr.
Modern.az