Modern.az

Bakıdakı sexlərin keyfiyyətsiz konfetləri, noğulları, marmeladları

Bakıdakı sexlərin keyfiyyətsiz konfetləri, noğulları, marmeladları

Ölkə

19 Fevral 2010, 19:02

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı yoxlamalar zamanı “Bolluq” əmtəə nişanlı “Royal Celli” konfetlərinin qablaşdırıldığı 1 kiloqramlıq salafan torbaların üzərində saxlama müddətinin 12 ay, həmin məhsulların yığıldığı 4 kiloqramlıq kağız qutuların üzərində isə 6 ay göstərildiyi aşkar edilib. Modern.az-ın məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti xəbər verib.

Bununla əlaqədar Dövlət Xidməti bu konfetlərin istehsal edildiyi Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsi, 5 ünvanında yerləşən sexdə yoxlama aparıb.
Yoxlama zamanı həmin ünvanda fiziki şəxs Ağasəf İsgəndərova məxsus qənnadı məmulatlarının istehsalı sexində istehsal edilən marmelad və karamelin etketlənməsi zamanı haqsız rəqabət və istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib. Normativ-texniki sənədlərin tələblərinə əsasən, marmeladın saxlama müddəti 3 ay, karamelin saxlama müddəti isə 6 aydır. Lakin sexdə istehsal edilmiş “Royal meyvəli” və “Royal jele” marmeladlarının üzərində saxlama müddəti 6 ay, “Bon-Bon”, “Bol-top” və “Meyvəli Bon-Bon” karamellərinin üzərində isə saxlama müddəti 12 ay göstərilmiş, bununla da bu malların saxlama müddəti saxtalaşdırılaraq 2 dəfə artırılıb.

Bundan başqa, sexdə istehsal olunan “Ağ şəkər” əmtəə nişanlı noğulun, habelə məhsulların qablaşdırılması üçün istifadə edilən bükmə və qablaşdırma materiallarının uyğunluq və gigiyenik sertifikatlarının olmadığı aşkar edilib.
Yol verilmiş qanun pozuntuları ilə əlaqədar bu malların istehsalının və satışının dayandırılması, həmçinin ticarət şəbəkəsindən geri qaytarılması barədə sahibkar Ağasəf İsgəndərova icrası məcburi göstəriş verilib.
Dövlət Xidməti araşdırmalarını davam etdirir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara qənnadı məmulatları alarkən ehtiyatlı olmağı tövsiyə edir, “Bolluq” əmtəə nişanlı “Bon-Bon”, “Bol-top” və “Meyvəli Bon-Bon” karamellərini, “Royal meyvəli” və “Royal jele” marmeradlarını, “Ağ şəkər” noğullarını almaqdan çəkinməyə çağırır.

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?