Milli soyad sonluğu məsələsi indi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Məsələyə fərqli münasibətlər sərgilənir. Tarixçi alim, millət vəkili Fəzail İbrahimli Modern.az-ın əməkdaşı ilə söhbətdə soyad sonluqlarının milliləşdirilməsi məsələsinə belə münasibət bildirib: - Hər bir millətin soyadlarla bağlı göstəriciləri var. Cənubi Qafqazda “idze”, “şvili” deyiləndə gürcülər, “yan” deyiləndə ermənilər başa düşülür. Amma azərbaycanlıların millət kimi göstəricisi soyadında ifadə olunmur. Hesab edirəm ki, Azərbaycanda proses insanlarımızı kütləvi şəkildə zorla soyadlarını dəyişdirmə, onları istəklərinə uyğun olmayan məqamlara vadar etmə formasında olmamalıdır. Qanun elə şəkildə olmalıdır ki, bundan sonra dünyaya gələn övladlarımızın soyadlarının sonluğu məcburi milliləşdirilsin. Bu isə birmənalı olaraq “-lı, -li, -lu, -lü” sonluğu ilə məhdudlaşdırılmamalıdır, “-zadə” sonluğu da saxlanıla bilər.