“İctimai Şura üzvlərinə qarşı “onlar polisə işləyir” tipli ironik ittihamlar düzgün yanaşma deyil”

Kütləvi aksiyalar zamanı bəzi hallarda polislə yanaşı, mülki geyimli şəxslər etirazçılara qarşı yönəldilir. Rəsmi izahatlarda bu adamların polis əməkdaşları olduğu bildirilir.
Modern.az-a açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi
Orxan Mansurzadə 4000-ə yaxın İctimai Şura üzvünün varlığını və onlar arasında hətta tanınmış ziyalıların olduğunu dilə gətirib.
O.Mansurzadə qeyd edib ki, cinayətkarlıqla mübarizədə İctimai Şura üzvlərinin xüsusi rolu var:
“Polis haqqında” Qanuna görə, polisin təyinatı, əsas vəzifəsi insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaqdır. Qarşıda duran əsas vəzifə isə cinayətkarlıqla mübarizə və asayişin təmin olunmasıdır. Burada əsas məsələ cinayət baş verməyibsə, müəyyən profilaktik tədbirlər görməklə buna sədd çəkməkdir. Profilaktik tədbirlərin spesifik xüsusiyyətlərindən biri də polisin əhali ilə sıx təmasda, cəmiyyətin içində onun fəal kəsimi ilə ünsiyyətdə olması, onlar arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, asayişin təmin olunmasına vətəndaş cəmiyyətini cəlb etməkdir. Bu işdə KİV nümayəndələri ilə də işlər aparmaq cinayətkarlıqla mübarizədə önəmli faktorlardan biridir. DİN sistemində zaman-zaman beynəlxalq standartların və qabaqcıl dünya praktikasının tətbiqi bizim fəaliyyətimizdə əsas istiqamətlərindən biri olub. ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 2006-cı ildə bir neçə bölgədə “Cəmiyyət dəstəkli polis” layihəsi həyata keçirilib. Bu layihə uğurla həyata keçirildiyinə görə 2009-cu ildə artıq bütün ölkədə tətbiq edilməyə başlandı. Bundan sonra qanunvericilikdə dəyişiklik olundu və sahə rəisi institutu yaradıldı”.
O.Mansurzadə xatırladıb ki, 2009-cu ildə polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi barədə sərəncam verilib: Sahə rəislərinin nəzdində “İctimai Şura” adlanan yeni strukturlar yaradılıb.
”Sahə rəislərinin fəaliyyət göstərdiyi ərazilərdə cəmiyyətin aktiv hissəsini təmsil edən insanlar, hörmətli adamlar Şura üzvü seçilir. Bu üzvlər profilaktik tədbirlərdə iştirak edirlər. Əvvəllər məhkum olunmuşlar, münaqişəli ailələr, sərxoşluqla əlaqəli olan məsələlər, narkotik maddələrə meylli insanlar və bu kimi risk qrupuna aid olan şəxslərlə fəal iş aparırlar və sahə rəisinə tövsiyə xarakterli məsləhətlər verilir. Sahə rəisi İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsi üzrə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir. Bütün bunlar polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Şura üzvlərinin əksəriyyəti yaşadığı ərazidə böyük hörmətə və nüfuza malik ziyalılar, ağsaqqallardır. Onlar müxtəlif sahələri təmsil edirlər. Şura üzvləri müəyyən görüşlərdə iştirak edirlər. İctimai Şura üzvləri həmçinin kommunal-məişət problemlərinin aradan qaldırılması üçün ərazinin və ya rayonun icra strukturları qarşısında məsələ qaldıra bilərlər. Hazırda ölkə ərazisində 4000-ə yaxın şura üzvü fəaliyyət göstərir”.
İctimai şuraların fəaliyyətini şərh edən keçmiş polis polkovniki
Şəmsəddin Əliyevin sözlərinə görə, İctimai Şuranın vəzifəsi cinayətkarlıqda mübarizədə cəmiyyətin dəstəyini polis orqanlarına çatdırmaqdan ibarətdir. Adətən, 5, yaxud 10 nəfərdən ibarət şuraların hər hansı hadisənin araşdırılmasına müdaxilə edə bilərlər.
“Ümumiyyətlə, polis orqanları öz fəaliyyətini ictimaiyyətin iştirakı olmadan qura bilməz və bu mümkün olan bir iş deyil. Əhali öz polisinə arxa çevirsə, o zaman hüquq-mühafizə orqanlarını böyük bir cinayətkar təhlükəli amillə üz-üzə qoymuş olarıq. Bəziləri İctimai şuraları keçmiş xalq drujinaları ilə müqayisə edir. O zaman adamlar qollarına üstünə “xalq drujinaçısı” yazılmış qırmızı lent gəzdirirdilər. Amma indi bu olmasa da, el arasında İctimai Şura üzvlərinə qarşı “onlara polisə işləyir” tipli ironik ittihamlar səsləndirilir. Bu düzgün yanaşma deyil. Mülki geyimli İctimai Şura üzvünün də polis kimi qanunun tələbinə məhəl qoymayan adama qarşı güc tətbiq etmək ixtiyarı var. Amma bu vətəndaşın ram edilə bilməsi həddini aşmalı deyil”.
Aqşin Kərimov