Modern.az

Cəmiyyətin mənəvi ekologiyası

Cəmiyyətin mənəvi ekologiyası

Ölkə

2 Mart 2010, 11:47

Müşahidələr   göstərir ki, qloballaşan dünyada insan resursları qorunub idarə olunmursa, cəmiyyət qəddarlaşır, qanunların icra mexanizmlərinin tapılması düyünə düşür.  Əgər cəmiyyətdə gərginlik yaranırsa, bu,  insanın vücudundan daha çox, onun ruhunu yorğun edir. Ruhu  yorğunluğun əsas bir səbəbi də depressiyadır.

Müasir cəmiyyətlərdə aqressivləşmə bir çox amillərlə  bağlıdır. Stress, vaxt məhdudiyyəti, qıcıqlandırıcı səs-küylərin artması, bəzən isə elmi-texniki tərəqqinin sürətli  inkişafı və digər sosial  problemlər əsəbi atmosferin  yaranmasına təsir göstərir. Bəzi psixoloqların fikrincə, hər   bir cəmiyyət necədirsə, onun  insanları da oxşarlıq təşkil edir. Əslində bütün proseslərin cəmiyyətdən kənarda baş verməsi mümkün də deyil, bu heç baş vermir də. 

Cəmiyyətdə mənəvi ekologiyanı bərpa etmək, normal münasibətləri yaratmaq  üçün bəlkə təhsildən və effektiv maarifləndirmədən  başlamaq  lazımdır. Əslində   cəmiyyətin  anlaqsız  duruma düşməsi və yaxud inkişafı    yaxşı təhsillə bağlıdır.     Şüurlu varlıqlardakı  problemlərin  bir  hissəsini təhsillə  bağlamaq  səmərə verər. Ona  görə ki,  bütün  sənət sahibləri parta arxasından çıxaraq  müstəqil həyata,  bu cəmiyyətə    yol  açırlar.  İkinci ailə sayılan məktəb, oradakı  müəllimlər azyaşlı  uşağın  gələcək  taleyini müəyyən edir. Gələcək biznesmenin, polisin, həkimin, mühəndisin əxlaqlı  dünyagörüşü, vətəndaşlıq mövqeyi məhz orta  məktəb  partasından formalaşır.

Zəncirvari proses olan bu məqamlarda baş verən  hər hansı   qüsurlar, buraxılan  səhvlər gündəlik  həyatımızda, cəmiyyətimizdə özünü bütün çılpaqlığı ilə büruzə verir. Bir  sözlə, yaşından, təhsilindən,  ailə tərbiyəsindən,  sosial  statusundan asılı olmayaraq sındırılmış  hər hansı bir şəxs   cəmiyyət üçün təhlükəli olur. 

Statistik rəqəmlərə nəzər  salsaq görərik ki,  Azərbaycanda   intiharlar xeyli artıb. Təbii  ki, özünəqəsd böyük prosesin  son nəticəsidir.  Bu nəticəni  yaradan səbəbləri araşdırmaq   lazımdır. Ötən həftə Azərbaycanın  regionlarının birində toyundan bir neçə gün öncə bir gəncin intihar edib həyatla vidalaşması xəbərini eşitdik. Bu, yalnız kədərli hadisə deyil, həmçinin  ağrılı  proseslərin  simptomları  və hadisələrə ədalətsiz yanaşmanın sonudur.

İntihar   hallarında və depressiyada  sosial-iqtisadi  faktorlar, maddı problemlər istisna olunmur. Lakin  burada digər  ehtimallar da yox deyil. Bəzən  gənclər öz potensialını  ortaya qoya bilmirlər və yaxud çoxlu  sayda ədalətsiz  əngəllərlə qarşılaşırlar. Bir çox məqamlarda onların sona   qədər  mübarızə  aparmağa psixoloji   hazırlıqları,  dünyagörüşləri çatmır.  İnternet  şəbəkəsindən  alınan informasiyalar  və  ümumilikdə  informasiya  bolluğu   müəyyən çaşqınlıq yaradır.  Təbii  ki, bütün bu  məqamlar   heç kimə  özünü intihar etməyə  və yaxud  depressiyaya  düşməyə  haqq qazandırmır. Allah insanı ən ali varlıq  kimi   yaradıb. Bütün nemətləri,  gözəllikləri  ona  bəxş edib.  Yalnız  Allahdan uzaq düşən  kəslərdir kimisə intihara və ya depressiyaya məruz qoyur.

Rəsmi məlumatlara görə, Azərbaycanda hər il psixi xəstələrin sayı 5 min nəfər artır. Ən  pisi odur ki,  bu şəxslərin böyük əksəriyyətini  gənclər təşkil edir. Şübhəsiz ki, bu rəqəmi yalnız rəsmi qeydiyyatdan keçənlər təşkil edir.  

Belə narahatedici  məsələlərlə, xüsusilə,  artan intihar  faktları  və depressiya  halları ilə bağlı KİV-lər, ixtisaslaşmış QHT-lər tərəfindən araşdırmaların   aparılmasına ehtiyac  var. Yalnız ortada olan  faktları  sadalamaqla və yaxud kimi isə tənqid  etməklə iş  bitmir.   Burada  real situasiyanı  dəyərləndirərək optimal variantlar   tapmaq, inkişafa xidmət edən təkliflər hazırlamaq  mümkündür. Media yalnız  informasiya yaymaqla   kifayətlənməməlidir.  Bu  sahədə   jurnalist   tədqiqatına   zərurət  var.

Təəssüf  ki, cəmiyyətdəki istər intihar,  istərsə də,  depressiya halları ilə bağlı həm medianın, həm də QHT–lərin çox ciddi tədqiqatlarına  rast gəlinmir. Təbii  ki, bu işlərin yerinə yetirilməsi  kifayət qədər vaxt  və  maliyyə   vəsaiti tələb edir. Ən  azından bu məsələlər barəsində    donor təşkilatların düşünməsi pis  olmazdı. Çünki heç kim cəmiyyətdəki mövqeyindən  asılı olmayaraq depressiyadan  və yaxud  aqressiv  münasibətlə  qarşılaşmaqdan    sığortalanmayıb. Ona  görə də,  belə ciddi  problemlərə  barmaqarası, laqeyd  baxmaq olmaz. Ümumiyyətlə,  Azərbaycanda ictimai  elmlərin,   sosialogiyanın  tədrisinə, bu sahədə kadr potensialının   peşəkarlığının artmasına  önəm vermək lazımdır. Bu  məsələlərlə  bağlı konsepsiyanın hazırlanması  zərurəti  yaranıb.  Cəmiyyətin  peyvəndini tapmaq üçün  kompleks tədbirlərə ehtiyac var. Bu normal təhsildən, millətin, dövlətin  inkişafına  xidmət edən vicdanlı  münasibətdən başlayır.    Hazırkı informasiya bolluğu şəraitində, internetin belə  ildırım sürəti ilə  genişləndiyi dövrdə insanları məntiqli  və sivil  polemikaya  cəlb  etmək  daha  məqbul   yol  olar. Çünki  dünya  polemika  üzərində qurulur. Digər  tərəfdən  Azərbaycanda  insan  vücudunun və ruhunun  təmizlənməsində  islam  sivilizasiyasına ehtiyac  hiss olunur...  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?