Bəzən müəllim ömründə elə şagirdlər olur ki, illər keçsə də, onların adı, baxışı, düşüncə tərzi və həyata münasibəti yaddaşdan silinmir. Zaman keçdikcə onlar müəllim üçün ən doğma, ən əziz insanlardan birinə çevrilirlər. Əgər sən bir şagirdin zəkasına, mənəvi dünyasına toxuna bilmisənsə, ona sevgi, vəfa, etibar ötürə bilmisənsə, bunun mütləq geri dönüşünü alırsan. Ceyhun Hüseynov da mənim üçün məhz belə şagirdlərdən biri idi.
Ceyhun təkcə savadlı bir gənc deyildi. O, yüksək intellekti, geniş dünyagörüşü, vətən sevgisi, tərbiyəsi və insanlığı ilə seçilən nadir gənclərdən idi. Hələ məktəb illərindən hiss olunurdu ki, qarşıda onu böyük gələcək gözləyir. Orta məktəbi qızıl medalla bitirməsi, beynəlxalq olimpiadalarda qazandığı uğurlar, müxtəlif ölkələrdə təhsil alması və bir neçə xarici dili mükəmməl bilməsi onun zəhmətkeşliyinin və məqsədyönlülüyünün nəticəsi idi.
Riyaziyyat, ingilis dili və coğrafiya üzrə beynəlxalq olimpiadalarda qazandığı medallar, Nyu-Yorkda keçdiyi təcrübə proqramı, BMT tədbirlərində etdiyi çıxışlar, ADA Universitetində təhsili, Yaponiyada mübadilə proqramı və Tel-Əviv Universitetində “Sülh və Konfliktin Həlli” üzrə magistr təhsili — bütün bunlar onun nə qədər böyük potensiala malik olduğunu göstərirdi.
Amma Ceyhunu fərqləndirən əsas xüsusiyyət yalnız biliyi deyildi. O, daxilən çox zəngin, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər bir gənc idi. Necə deyərlər, dolu insan idi. Xaricdə böyük gələcək imkanları, hətta Brüsseldə doktorantura təklifi olduğu halda, ilk növbədə Vətənə xidmət etməyi seçdi. Bu seçim onun xarakterini və yetişdiyi ailənin mənəvi dəyərlərini açıq şəkildə göstərirdi. Bu tərbiyədə, yəqin ki, bizim də payımız vardı.
O, əsl Vətən sevdalısı idi. Diqqətlə izlədiyi, maraqla dinlədiyi dərslərin əvəzini öz davranışı, dürüstlüyü, sədaqəti və Vətən sevgisi ilə qaytarırdı. Şəhid əmisi Hüseynov Ceyhun Tahir oğlunun yolunu və ruhunu yaşadan Ceyhun özü də Vətən sevgisini həyatının əsas amalına çevirmişdi. Musiqi ilə məşğul olan, gitara və pianino ifa edən, idmanı sevən, Quran oxuyan, eyni zamanda bir neçə xarici dildə sərbəst danışan bu gənc həm də yüksək mənəviyyat sahibi idi.
Təəssüf ki, ömrü çox qısa oldu…
Hərbi xidmətinin başa çatmasına cəmi 20 gün qalmış onun həyat yolu yarımçıq qaldı. Bu xəbər onu tanıyan hər kəsi dərindən sarsıtdı. Çünki Ceyhun kimi gənclər təkcə ailəsinin deyil, xalqın və dövlətin gələcəyi hesab olunurdu.
Bir müəllim kimi onunla qürur duyuram. Çünki Ceyhun bu xalqın və müəllimlərinin necə savadlı, dünyagörüşlü, milli ruhlu və Vətənə bağlı gənclər yetişdirdiyini göstərən parlaq nümunələrdən biri idi.
Bu gün o, fiziki olaraq aramızda olmasa da, xatirəsi onu tanıyanların qəlbində yaşayır. Onun həyat yolu bir çox gənclər üçün örnəkdir. Ceyhun Hüseynovun adı savadın, vətənpərvərliyin, əxlaqın və ləyaqətin simvolu kimi yadda qalacaq.
Onun xatirəsini əbədiləşdirən otaqda imzamla verilmiş diplomu və ən böyük şəklinin məhz liseyimizin məzun kitabçasından götürülməsini görəndə çox həyəcanlandım. İxtiyarsız olaraq bu kəlmələri qürurla, səssizcə içimdə təkrarladım: “Sən bizim məzunumuzsan!”
Yəqin ki, bu ifadəni qürurla söyləyən çox olub, bundan sonra da çox olacaq. Çünki bundan sonra da “Ceyhun, sən bizim oğlumuzsan...” deyənlərin sayı heç vaxt tükənməyəcək.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı