Bakının transformasiyası və Qarabağla Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı öz təcrübəmiz bizə göstərdi ki, şəhərsalma və mənzil siyasəti yalnız texniki məsuliyyət deyil, həm də dayanıqlılıq, sabitlik və uzunmüddətli inkişaf üçün strateji alətlərdir.
Modern.az xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən WUF13 çərçivəsində “Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü - Bağlanış Sessiyası”nda deyib.
Milli koordinatorun sözlərinə görə, məqsədimiz sadəcə yenidənqurma deyil, daha yaşıl və daha dayanıqlı şəhər inkişafı modeli qurmaqdır.
“Bunlar bizim milli təcrübəmizdən əldə etdiyimiz dərslərdir və onları bu qlobal platformada bölüşməkdən qürur duyuruq.
WUF13 forumun özü ilə məhdudlaşmayan mühüm irs formalaşdıracaq. Çoxsaylı təşəbbüs və siyasət nəticələri ilə yanaşı, Ümumdünya Şəhərsalma Forumunun səmərəli təşkili baxımından əməliyyat mükəmməlliyi də əsas istiqamətlərdən biridir.
Bakıda WUF13-ün keçirilməsi üçün uğurlu hazırlıqları nəzərə alaraq, biz bu təcrübənin gələcək ev sahibi ölkələr üçün qorunub saxlanılmasının və paylaşılmasının vacibliyini görürük”.
A.Quliyev qeyd edib ki, WUF13 Azərbaycan Akkreditasiya Şirkəti tərəfindən hazırlanmış Bakı standartları əsasında biz UN-Habitat ilə əməkdaşlıq edərək gələcək Ümumdünya Şəhərsalma Forumlarının təşkili üzrə məlumatlandırıcı əməliyyat bələdçisi hazırlamağı planlaşdırırıq.
“Dünən biz UN-Habitat ilə niyyət məktubu imzaladıq. Bu sənəd tərəfdaşlığımızın səviyyəsini daha da yüksəldir və yalnız WUF13-ün uğuruna deyil, gələcək Ümumdünya Şəhərsalma Forumlarının uzunmüddətli inkişafına dəstək üzrə ortaq öhdəliyi əks etdirir.
Bu fürsətdən istifadə edərək növbəti Ümumdünya Şəhərsalma Forumunun ev sahibi olacaq Meksikanı səmimi şəkildə təbrik edirəm. Biz WUF13 üzrə Azərbaycanın təcrübəsini, əldə olunan nəticələri və əməliyyat praktikasını bölüşməkdən, həmçinin növbəti forum üçün uğurlu keçid prosesinə dəstək verməkdən məmnun olarıq”.
O eyni zamanda əlavə edib ki, ev sahibi ölkələr arasında bu davamlılığın gücləndirilməsi daha güclü və daha effektiv WUF irsinin formalaşdırılmasının mühüm hissəsidir.