Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk gününün yekunlarına dair yekun bəyanat təqdim olunub.
Modern.az xəbər verir ki, yekun sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev səsləndirib.
Bəyanatda vurğulanıb ki, mənzil təminatı ilə bağlı problemlər iqlim çağırışlarından ayrı qiymətləndirilə bilməz və bu məsələlərə kompleks yanaşma tələb olunur.
Sənəddə həmçinin qeyd edilib ki, Azərbaycan WUF13 çərçivəsində əldə etdiyi təşkilati və praktiki təcrübəni gələcəkdə tərəfdaş ölkələrlə paylaşmağı planlaşdırır.

“Bugünkü Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə səsləndirilən əsas məsələlərin qısa yekununu təqdim etmək mənim üçün şərəfdir.
İlk növbədə bugünkü müzakirələrə töhfə verən bütün nazirlərə, nümayəndə heyətlərinin rəhbərlərinə, panel iştirakçılarına və iştirakçılara təşəkkürümü bildirmək istəyirəm.
Həmçinin nümayəndə heyətləri ilə birlikdə Azərbaycan hökumətinə və xalqına səmimi qonaqpərvərliyə, eləcə də Bakıda 182 ölkədən 40 mindən çox qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirən WUF13-ün uğurlu təşkilinə görə minnətdarlığımızı ifadə edirəm.
Bura tədbirin təşkili üçün çalışan və dəstək göstərən bütün şəxsləri də əlavə etsək, bu rəqəmin 50 mindən çox olduğunu deyə bilərik.
Biz həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən liderliyini, eləcə də adekvat mənzil və dayanıqlı urbanizasiya sahəsində beynəlxalq əməkdaşlıq üçün bu mühüm platformanı yaradan UN-Habitat və icraçı direktor Anaklaudia Rossbaxın səylərini yüksək qiymətləndiririk”, - deyə bəyənatın tam mətnində vurğulanıb.