“Qarabağa Doğru - Haqqın və haqqımızın səsi”aksiyası çərçivəsində Ağdamda səslənən Qarabağ (Qazi) azanına dini icmalardan dəstək davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin çağırışı ilə azanın Cümə günləri ölkə məscidlərində səsləndirilməsi təşəbbüsünə qoşulan icmaların sayı atmaqdadır.
Modern.az-ın müxbirinin sualına cavab olaraq ilahiyyatçı Əlixan Musayevbildirib ki, adıçəkilən azanın məscidlərdən səsləndirməsində heç bir problem yoxdur. “Əksinə torpaqlarımızın işğalda olduğu bir vaxtda bu cür təşəbbüslər dəstəklənməlidir. Bunu təqdirəlayiq hal hesab edirəm.”
Ə.Musayev azanın başqa vasitələrlə yayılmasının da vacibliyini önə çəkib. “Düşünürəm ki, “Qarabağ (Qazi) azanı” təbliğ edilməlidir. Bununla bağlı bir sıra təkliflərimiz də var. Yaxşı olardı ki, ölkəmizdə yayılan Qurani-Kərimin oxunuşu olan disklərin əvvəlində bu azan əlavə edilsin. Həmçinin radio və televiziyalarda olan dini verilişlərdə Qarabağ azanı səsləndirilsin və onun haqqında geniş məlumatlar verilsin. Azanın daha geniş yayılması üçün Komitənin saytında olduğu kimi dini saytlar ayrıca bölmə şəklində bunu saytda yerləşdirsinlər və insanlar asan bir şəkildə azanı yükləyib dinləyə bilsinlər.”
Ə. Musayev məscidlərdə imam və axundların azan barədə moizələrdə məlumat verməsinin vacibliyini də önə çəkib. “Təklif edərdik ki, məscidlərdə namazdan öncə olan xütbələrdən əvvəl azan – rəmzi şəkildə- səsləndirilsin və onun haqqında dindarlara məlumat verilsin. Bundan sonra əgər kimsə canlı olaraq azan vermək istəyirsə yenə də verə bilər.”
Ə. Musayev milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan azanın təbliğinin əhəmiyyətini vurğulayaraq adıçəkilən formanın mənəvi aspeklərini diqqətə çatdırıb: “Bu azanın ibadətə heç bir aidiyyatı yoxdur. Bu bizim milli kimliyimizi və keçmişimii xatırlamaq üçün bir vasitədir. Həmçinin bunun bir mənəvi tərəfi də mövcuddur. Çünki torpaqlarımızın işğal altındadır və biz ən azı bu vasitə ilə də Qarabağı xatırlamalıyıq. Axı bu Qarabağ torpaqlarından səslənmiş azandır və inanıram ki,tezliklə biz yenidən öz doğma yurdumuzda azanı bərpa edəcəyik.”
Modern.az