Modern.az

Vicdansızlıq...

Vicdansızlıq...

Ölkə

9 Aprel 2013, 16:46

Ötən gün eşitdiyim üzücü bir olay dörd il qabaq baş verən hadisəni kino lenti kimi gözümün önünə gətirdi.
Dörd il qabaq oğlum Yusif məktəbəqər dövrünü Xətai rayonu 288 saylı Körpələr evi-uşaq bağçasında keçirirdi.

Bir gün işdən evə gələndə Yusif yarıdoluxsunmuş, yarıəsəbi və pörtmüş halda mənə dedi ki, sabahdan baxçaya getməyəcək. Heç əsgər də olmayacaq. Üstəlik müəlliməsindən də zəhləsi getdiyini vurğuladı.
Birdən-birə 5 yaşlı uşağın 180 dərəcə dəyişib bu şəkildə danışması mənə çox qəribə gəldi. Səbəbini soruşanda uşaq ağlamağa başladı və özünü ifadə edə bilmədi. Onu birtəhər sakitləşdirdim. Niyə belə danışdığının səbəbini soruşdum.

Məlum oldu ki, Milli Ordunun yaranma günü ilə bağlı bağçada tədbir keçirilib. Onların qrupunda 15 oğlan uşağının hamısına əsgər forması geyindiriblər. Bircə Yusifdən başqa. Hətta Yusif həmin tədbirdən çəkilən fotolara belə, baxmamış hamısını cırmışdı.

Düşündüm ki, yəqin bu uşaq nəyisə bacarmadığı üçün müəlliməsi ona əsgər forması geyindirməyib. Amma bir valideyn olaraq məsələni araşdırmaq üçün sabahı gün bağçaya getdim. Maraqlandım...
Sən demə müəlliməyə pul verilmədiyi üçün o da Yusifə bu cür münasibət göstərib. O günə qədər uşaqla bağlı müəllimə pul verilməsinin tam əleyhinə olmuşdum.
Amma o gün 5 yaşlı uşağın yaşantıları, üzləşdiyi ayrı-seçkilik, mənən qırılması və hər gün evdə əsgər olcağı, ermənini torpaqlarımızdan çıxaracağı barədə dediklərinin əksinə danışması məni dəyişdirdi.
Hətta o gündən müəllimlərə imkan qədər başqalarından daha artıq pul verməyi qərarlaşdırdım.
Yusifin müəlliməsinə isə təklif etdim ki, bu xoşagəlməz olaydan sonra müqəddəs bir peşənin adına xələl gətirdiyini görə, öz ərizəsi ilə bağçadan çıxıb getsin. Eyni zamanda onu da bildirdim ki, müəllim adına xələl gətirən bu adam işdən getməyəcəyi təqdirdə, bütün bu olanları mətbautda yazacağam.

Baş verən hadisəni Təhsil Nazirliyinin İctimaiyyətlə əlqələr şöbəsinin müdiri Bayram Hüseynzadəyə danışdım. O, məsələyə müdaxilə elədi. Direktor da daxil olmaqla bütün müəllim heyəti vəlvələyə düşmüşdü.
Amma onu da bilirdim ki, bütün dünya dəyişsə də, Yusifin aldığı zərbə sağalmayacaqdı.

Ertəsi gün Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli mənə zəng elədi və çox xahiş etdi ki, bu olanları unudum. Amma o zaman mən Müşfiqin yerinə olsaydım, əksini deyərdim. Halbuki, mən Müşfiq Ələsgərliyə nə baş verdiyini danışmışdım...

Ötən gün bundan da betər bir hadisə eşitdim. Bakının məktəblərindən birində uşaqlardan pul yığılırmış. Müəllim bütün valideynlərə deyir ki, hər uşağa görə 20 manat gətirməlisiniz. Kimin imkanı var, kimin imkanı yoxduya baxmayıblar.
Çox imkansız bir ailə bir həftəlik ərzaq üçün ayırdığı 20 manatı gətirib müəlliməyə verib. Onu qınamayın ki, niyə çörəkpullarını müəlliməyə verib. Verməsə, o ailənin də uşağı hansısa şəkildə Yusif kimi mənən əziləcəkdi.

Bilirsiniz bundan sonra nə olub? O imkansız ailənin uşağı iki gün səhər-səhər məktəbə yavan çörək yeyərək gedib.

Belə təhsilmi olar? Bağça yaşlı uşağa əsgərliyə getməməyi təlqin edir.

Belə təhsilmi olar? Məktəbyaşlı uşağın məktəbə ac geməsinə bais olur.

Yüzlərlə belə neqativ hallar sadalamaq olar. Bəs, günah kimdədir?

Bəyəm təhsil naziri Misir Mərdanov bağça müəlliməsinə tapşırmışdı ki, 5 yaşlı bir uşağın bütün dünyasını 20 manata görə cəhənnəmə döndərsin..?

Bəyəm Misir Mərdanov məktəb müəlliməsinə tapşırmışdı ki, uşağın çörəkpulunu əlindən alsın, əvəzində uşaq məktəbə ac gəlsin..?

Heç də belə deyil.

O uşaqlar müəllimlərini necə xatırlayacaqlar, bilirsinizmi..? Bu sualın cavabı yəqin o müəllimlərin heç vecinə də deyil. Çünki onlar müəllim deyil, vicdansızdırlar.

Elə olmasaydı, müəllim 20 manata görə bir uşağı ayırıb kənarda qoymazdı. Ona da əsgər forması geyindirərdi.

Elə olmasaydı, müəllim 20 manata görə bir uşağı qarşısında ac görmək istəməzdi. Ən azı özünə düşən puldan imtina edərdi...

Mənəviyyatımız korlanıb. Fərd olaraq korlanmışıq. Bu dünyada vicdansızlıqdan pis heç nə  yoxdur. Biz isə vicdansızlaşırıq…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı