Onsuz da hamımız öləcəyik - gec, ya tez, vaxtlı, ya vaxtsız. Əsas olanı odur ki, sonda hamımız rahat və ucuz ölüm axtarır, bu dünyadan sakit köçmək istəyirik. Və heç birimiz 18 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıdan Ağdama qədərki qısa məsafədə canını tapşıran 613 nəfər kimi əzabla, müsibətlə, təhqir olunaraq ölmək istəmirik. Mən hələ əsir götürülən 1275 binəsibdən danışmır, itkin düşmüş 150 talesizin adını tutmuram...
O gecə - o qarlı-şaxtalı gecədə lüt-üryan yola çıxanların hər biri mənim övladım, bacım, evimizin gəlini, əlindən öpməyə hazır olduğum ağbirçəyim, qarşısında bağır basıb baş endirdiyim ağsaqqalım idi. Ağdama gəlib çata bilmədilər. O gecə Allah yatmışdı. Bunlardan xəbəri yox idi...
...O gecə erməni Azərbaycan kişisinin - sənin, mənim, onun - hamımızın papağını başımızdan alıb tulladı.
Papaq ta qədimdən bizdə namus, qeyrət, təəssüb timsalı sayılıb. Amma erməninin 18 il qabaq tulladığı o papaq hələ də yerdədir - çürüyə-çürüyə qalır. Dalınca gedəni tapılmır.
...Sizin bugünkü ölkəmizin ərazisinin nə qədər olduğundan xəbəriniz varmı? Dərhal kalkulyatorunuzu işə salıb hesablama aparmağa tələsməyin. Mən sizə deyəcəm - ermənilərin alıb üstündə oturduğu torpaqları çıxandan sonra bizə qalan yalnız 73,4 min kvadrat kilometrdir. Hesablayın da, 86,7 min kvadrat kilometr, çıxaq 13,3 min kvadrat kilometr... Ay sağ ol, düz tapmısız - 73,4 min kvadrat kilometr.
Sizə bir yersiz sual da verim: Məmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranda ərazimiz nə qədər idi? Yenə də sağ olun, düz tapmısız - 114 min kvadrat kilometr. Ta zəhmətdən keçib, onu da çotkəyə vurun - son doxsan ildə biz erməniyə üst-üstə nə qədər torpaq vermişik? Düppədüz - 40 min kvadrat kilometrdən artıq.
Siz Allah, xətrinizə dəydiyimin fərqindəyəm, amma mənə bir nəsnəni açıqlayın da, noolar?! Hansı günü gözləyirsiz - vaxtı ilə babalarımızın səhvən ağuşunda yer verdiyi qaraçıların gəlib sizi Xəzərin sularına qərq eləyəcəyi günü?! Ayılın da, a başınıza dönüm...
...Fevralın 26-da Bakıda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan “Ana fəryadı” abidəsinin önündən keçdik, gül dəstələri, çələng qoyduq, əzabla öldürülənlərin ruhuna dualar oxuduq. Dünyaya səpələnmiş azərbaycanlılar da qurbanları bu və ya digər şəkildə andılar. Və orasını da deyim ki, bu tədbirlərdə Azərbaycansayağı kampaniyaçılığın elementləri də yox deyildi.
O məqamda, həmin anım mərasimində yaşadığım ağrılı duyğular isə neçə gündür içimdən çıxmır: Tanrı bu millətə iki nəsnəni - səbri və göz yaşını göndərən vaxtı mütləq bol əlli, bostan könüllü olub. Millət nə qədər ağlayıb-sıtqayarmış, pərvərdigara?! Ağlamaqdan gözdə yaş da qalmayıb. Torpaq həsrətindən infarkt keçirənlərin, şəkərə tutulanların, təzyiqi kəllə-çarxa çıxanların sayını isə nə siz bilirsiz, nə də mən. Heç qadasını aldığım Dövlət Statistika Komitəsi də belə “əhəmiyyətsiz” məsələlərə vaxt ayırmaq fikrində deyil. Bəs neyləyək? Bəs onda biz neyləyək axı?
Cavabını mən bilirəm. Bilirəm və orasını da dəqiq bilirəm ki, desəm məni mütləq topa-tüfəngə qoyub atacaqsınız. Ancaq başqa çarəm yoxdur, öldürsəniz də, deyəcəm.
Vaxtım, imkanım və həvəsim olsa, 9 milyonluq böyük saray tikərəm. Özümünkülər qarışıq hamını yığıb dolduraram o saraya və qapılarını da arxadan qıfıllayaram ki, heç kəs çıxıb qaça bilməsin. Sonra da Hollivudun o məşhur filmini - “Cəsur ürək” (“Xrabroye serdçe”) filmini gündə beş dəfə göstərərəm. Göstərərəm ki, şotlandların öz torpaqlarını ingilislərdən necə və nəyin bahasına xilas elədikləri aydın olsun. Balaca Şotlandiya qan axıtdı, bəs deyincə qurban verdi, amma İngiltərə boyda nəhəngin qabağında əyilmədi, sınmadı. Ağlamaqla, özünü öldürməklə, Allaha əl açmaqla torpaq azad olmur. Başqa sözlə, “Allaha yalvarmaqla donuz darıdan çıxası deyil” - bunu bilin.
...Son vaxtlar adamı ürəkləndirən və təsəlli verən məqam budur ki, deyəsən, düşdüyümüz vəziyyətlə daha heç kim barışmaq istəmir. Hamı artıq səbrimizin tükəndiyindən danışır. Bir məqam isə xüsusi vurğulanır ki, nə BMT, nə ATƏT, nə də xristian təəssübkeşi rolunda çıxış eləyən başqa təşkilatlar bizim Qarabağ yaramıza məlhəm qoymaq fikrindədir. Bir sözlə, fakt budur ki, dünya bizdən, biz də dünyadan umsuq düşmüşük.
Allahı sevərsiz, vaxt tapanda erməninin başımızdan alıb tulladığı o papaq barədə düşünün...