Modern.az

Etibar Məmmədovun oğlu AMİP-ə sədr hazırlanır

Etibar Məmmədovun oğlu AMİP-ə sədr hazırlanır

Ölkə

17 Aprel 2013, 15:47

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədovun oğlu Ayxan Etibaroğlunun siyasətə qoşulması siyasi müstəvidə birmənalı qarşılanmadı. Etibar Məmmədovun siyasətdən getməsindən sonra oğlunun lideri olduğu partiyanın Gənclər Təşkilatına sədr seçilməsi müxtəlif söz-söhbətlərin ərsəyə gəlməsinə zəmin yaratdı. Hətta bir çoxları Ayxan Etibaroğlunun sədr seçilməsinin təsadüf olmadığını, onun partiyanın gələcək rəhbəri olaraq hazırlandığını bildirirlər. Ayxan siyasətə ani gəlişi ilə mətbuatın gündəminə düşməyi bacardı. Artıq onun sosial şəbəkələrdə paylaşdığı foto və statuslar jurnalistlərin də   diqqətindən yaymır.

Maraqlıdır, atasının gedişindən sonra Ayxan Etibaroğlunun siyasətə birdən-birə qoşulması nə ilə bağlıdır? Doğurdanmı o, nə zamansa atasının qurduğu partiyanın rəhbəri olacaq?

Məsələ ilə bağlı AMİP sədri Yusif Bağırzadənin də fikirlərini öyrəndik. Partiya sədri Modern.az saytına açıqlamasında Ayxan Etbaroğlunun Gənclər Təşkilatına sədr seçilməsini müsbət qiymətləndirib. Onun sözlərinə görə, Ayxan Etibaroğlu AMİP-in aktiv gənclərindədir.

“Mən bunu müsbət qiymətləndirirəm. Qeyd edim ki, Ayxan Etibaroğlu bu vəzifəyə gətirilməyib. Partiyanın Gənclər Təşkilatının sədri seçki yolu ilə seçilir. Ayxan bundan əvvəl Gənclər Təşkilatının sədr müavini idi. O birdən-birə partiyaya gəlməyib. Təşkilatın üzvü olub, müavin keçib, sonra da sədr seçilib. Ayxan partiyanın aktiv gənclərindəndir”-deyə Y.Bağırzadə bildirib.

AMİP sədri Etibar Məmmədovun oğlunun müəyyən vaxtdan sonra partiya sədri olacağı ilə bağlı iddialara münasibət bildirib. O qeyd edib ki, AMİP gənclərin rəhbərlikdə təmsil olunmasına müsbət baxır:

“Mənim də oğlum partiyanın Gənclər Təşkilatında təmsil olunur. Hamımız istəyirik ki, həm mənim oğlum, həm Etibar bəyin oğlu gələcəkdə partiyanın aparıcı simaları olsunlar. Mən qeyd edim ki, bizim partiyada bir çoxlarının övladları təmsil olunurlar. AMİP bir ailədir, mən buna müsbət baxıram. Gənclərin siyasətdə təmsil olunması partiyanın bazasını təşkil edir. Biz də çalışırıq ki, 5 ildən, 10 ildən sonra partiyaya rəhbərlik edə biləcək gənclər yetişsin. Bu bizim arzumuzdur”.

Anar RÜSTƏMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı