Fayton Bakının simvollarından biridir. Qədim Bakı ilə, İçərişəhərlə bağlı yaradılan rəsm əsərlərinin az qala hamısında bu atributun yeri var. Sovet dövründə Bakı həyatı ilə bağlı çəkilən və milli kinomuzun genefondunu təşkil edən filmlərdə fayton baş şəhərimizin özəl sifətlərindən biri olaraq əksini tapıb.
Bakıya Azərbaycanın başqa yerlərindən və xarici ölkələrdən gələnlər hər zaman faytona meyl göstəriblər. Bakı xatirəsi kimi fayton üzərində şəkil çəkdiriblər. Br sözlə Bakı deyəndə, Bakı bulvarı deyiləndə, fayton da yada düşüb.
İndi Bakı Bulvar İdarəsi faytonların Milli Park ərazisindən yığışdırılması haqqında göstəriş verib. Səbəb kimi atların bulvarı çirkləndirməsi, bulvara döşənən daşların atların ayaqları altında sıradan çıxması göstərilir. Əvəzində isə sözügedən idarə adamlara "öz faytonlarını" təqdim edir: - Qoşqulu maşın.
Bulvara döşənən daşların atların ayaqları altında sıradan çıxması fikrini bölüşürəm. Nədən ki, dövlətin böyük miqdarda paraları hesabına bulvara döşənən o daşlar adamların ayaqları altında oynayıb yerindən çıxır, nəinki atların. Fəhlələr bütün günü bulvarda yerindən oynayan daşları bərkitməklə məşğuldur.
Bu gün Avropanın Fransa, İngiltərə kimi modern ölkələrində polislər küçələrdə atla o başa-bu başa çapırlar. Amma bu ölkələrin küçələri göy çəmənlik deyil, daşla, asfaltla döşənib. Sadəcə, ortada keyfiyyətli iş var. Onların küçələrinə daşları dünyada ucuz işçi qüvvəsi kimi qəbul edilən çinlilər döşəməyib, bizdəki kimi. Sözügedən idarənin faytonla bağlı təklifi də qadağası kimi gülüncdür. Məlumdur ki, faytona xaricdən gələn turistlər maraq göstərir. Onsuz da avropalı turist indi təklif edilən qoşqulu-motorlu arabanı öz ölkəsində minib. Hətta bəlkə həmin arabalar onun ölkəsində istehsal edilir. Axı avropalı turist üçün o arabalar hansı maraq kəsb edə bilər? Misirə gedən turist orada "Hammer" yox, dəvə minməyə üstünlük verir. Bu baxımdan, təbii faytonların motorlu arabalarla əvəz edilməsi heç bir maraq kəsb etmir.
Dünya təzədən ilkinliyə, təbiiliyə yol aldığı bir vaxtda bizlər nədən süni həyata bu qədər meyl göstəririk? Nədən Bakıda təbii ağacları kəsirik, onun yerində elektriklə işləyən ağaclar basdırırıq?
İnsanlarımızın böyük əksəriyyətinin süni yetişdirilmiş, modifikasiya olunmuş məhsullarla qidalandığı bir vaxtda, gözümüzə dəyən hər şeyin də süniləşdirilməsi hansı zövqün məhsuludur görəsən?
İnkubatorlaşdırılmış həyata doğru sürətlə irəliləyən Azərbaycan, səndə bir təbiilik qaldımı adından başqa...