Modern.az

Milli Şuranın namizədi-Diqqət Gültəkin Hacıbəyliyə yönəlib

Milli Şuranın namizədi-Diqqət Gültəkin Hacıbəyliyə yönəlib

Ölkə

16 Avqust 2013, 20:14

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namziəd üçün lazım olan sənədləri yerində olmadığı üçün qurum yeni namzəd axtarışına çıxıb.

Məsələ burasındadır ki, Rüstəm İbrahimbəyov namizəd olmayacağı təqdirdə Müsavat Partiyası ilı Xalq Cəbhəsi Partiyası arasında anlaşmanın əldə edilməsi mümkün deyil.

Nədən ki, prezidentliyə namzəd məsələsində bu partiyalar çətin ki, biri-birlərinə güzəştə getsinlər.

Hətta bu məsələnin Milli Şuranı dağdacağı çox real görünür.

Odur ki, Milli Şura partiya mənsubiyyəti olmayan və xarizmasıyla seçilən Gültəkin Hacıbəylinin üzərində dayanmağa qərar verib.

Bu qərarın Rüstəm İbrahimbəyov tərəfindən verildiyi də iddia olunur.

Bununla həm də Milli Şurada namizəd davasına nöqtə qoyulacaq.

Musavat.com saytının bununla bağlı sabiq millət vəkili, Müsavat Partiyasının Divan üzvü İkram İsrafildən aldığı açıqıama yuxarıda yazdıqlarımızı təsdiqləyir.

Sayt yazır ki, İ.İsrafil Gültəkin Haçıbəylinin Milli Şuranın prezidentliyə vahid namizədi ola biləcəyini qətiyyən istisna etmədi. Və hətta vurğuladı ki, qurum üzvlərinin məhz Gültəkin xanımın üzərində qərar tutmasıyla bağlı ehtimal kifayət qədər yüksəkdir: “Bu fikir yalnız bir siyasi partiya təmsilçilərinə aid deyil. Hazırda bu məsələ müsavatçılar, cəbhəçilər, eləcə də Milli Şurada təmsil olunan digər partiya və qurumların ayrı-ayrı təmsilçiləri arasında geniş şəkildə müzakirə edilməkdədir. Müzakirələrdə gəlinən əsas qənaət ondan ibarətdir ki, əgər, Rüstəm İbrahimbəyovun prezident seçkilərinə qatılması məlum səbəblərdən mümkün olmayacaqsa, onda, Milli Şura üzvlərinin hamısının qəbul edə biləcəyi bitərəf bir şəxsin üzərində dayanmaq lazımdır. Məlumdur ki, belə namizədlərdən olan Rafiq Əliyev və Cəmil Həsənli seçkilərə qatılmaq fikrində olmadıqlarını artıq vurğulayıblar. Belə şəraitdəsə, daha bir bitərəf  siyasətçi kimi Gültəkin Hacıbəyli kifayət qədər uğurlu variant kimi ön plana keçmiş olur”.

İkram İsrafilin fikrincə, indiki siyasi mərhələdə Gültəkin Hacıbəylinin prezidentliyə vahid namizədliyi üzərində dayanılması Milli Şura önəmli nəticələr verə bilər: “Şəxsən mən fikirləşirəm ki, Milli Şuranın uğur qazanmasına nail olmaq naminə indiki situasiyada Gültəkin Hacıbəylinin prezidentliyə namizədliyi üzərində dayanılması ideyasının müzakirə edilərək inkişaf etdirilməsi vacibdir. Çünki Gültəkin xanım xarizmatik, intellektli, beynəlxalq aləmdə tanınan, perspektivli, gənc və cəsarətli bir xanım-siyasətçidir. Dörd xarici dil bilən Gültəkin xanım hakimiyyətin ona qarşı bütün təzyiqlərinə mətanətlə duruş gətirir və heç bir halda geri çəkilmək niyyətində olmadığını hər kəsə göstərir. Bütün bunlar da Gültəkin Hacıbəylinin prezidentliyə namizədliyinin Milli Şura üçün ən uyğun variant olduğunu sübuta yetirir. Məhz Gültəkin Hacıbəylinin namizədliyinin ön plana çıxarılması cəmiyyətdəki pessimizm meyllərini aradan qaldıraraq, Milli Şuranın Rüstəm İbrahimbəyovun namizədliyinin gündəmə gəldiyi ilk günlərdə olan siyasi canlanmanı təkrarən geri qaytara bilər”.

İkram İsrafil Milli Şuranın sessiyasında müzakirə ediləcəyi təqdirdə, Gültəkin Hacıbəylinin prezidentliyə vahid namizədliyinə hər hansı ciddi etirazın ola biləcəyini düşünmür: “Rüstəm İbrahimbəyovun Gültəkin Hacıbəylini dəstəkləyə biləcəyinə şübhə etmirəm. Rüstəm İbrahimbəyovun Milli Şuraya hamının ümumi dəstəyi ilə sədr seçildiyini nəzərə aldıqda, onun Gültəkin Hacıbəylinin namizədliyi ilə bağlı verəcəyi mesajın böyük önəm daşıdığı şübhə doğurmur. Belə bir mesaj Milli Şuranın yolun davamına Gültəkin Hacıbəylinin namizədliyi ilə davam edilməsini təmin edə bilər. Çünki mənim ilkin qənaətim belədir ki, müsavatçılar da, cəbhəçilər də, Ziyalılar Forumu da, EL Hərəkatı və Eldar Namazov da, Lalə-Şövkət də Gültəkin xanımın vahid namizədliyində ortaq mövqe nümayiş etdirə bilərlər. İnanıram ki, Milli Şurada bütün siyasi qüvvələr Gültəkin Hacıbəylinin prezidentliyə namizədliyinə dəstək verəcəklər”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı