Modern.az

Münaqişələr, sarsıntılar, insan faktoru

Münaqişələr, sarsıntılar, insan faktoru

Ölkə

20 Avqust 2013, 11:52

İnsan həyatına ziyan  gətirə biləcək məqamlar çoxdur. İşsizlik, sosial ədalətin  pozulması,  ekoloji fəlakətlər  və s. qeyd etmək olar. Mən yalnız münaqişələrin insan  həyatında yaratdığı sarsıntılarla bağlı  fikirlərimi açıqlamaq  istərdim. Gerçəkdən Qarabağ münaqişəsinin gətirdiyi fəlakətlər  hamıya bəllidir. Lakin burada bizim hiss etmədiyimiz çox ağrılı məqamlar var və bütün bunlar dərinləşməkdədir..  

Münaqişələr  zamanı   yaranan stresslər, gərginliklər müxtəlif formalarda özünü göstərir. Bu gün müharibənin törətdiyi fəsadlardan yaranan gərginliklər, insanlarda getdikcə artan aqresivləşmə və digər faktorlar nədənsə ciddi araşdırılmır.  Ümumiyyətlə, kifayət qədər  vaxt və maliyyə tələb edən tədqiqat işi  bu gün arzu olunan səviyyədə deyil. Azərbaycan mühitində  bir çox sahələrdə  geniş tədqiqat işinə ehtiyac hiss olunur.

Təbii ki, münaqişələrin, müharibənin öz qanunları və çətinlikləri var. Ancaq azyaşlı, məsum  körpələrin  hansı günahı var ki,  münaqişənin fəsadlarından şikəst döğulur. Bu  qüsurlar onları ömür böyu təqib edir, cəmiyyətdən təcrid  olunurlar.

Bəzi faktları qeyd etmək istərdim.  Azərbaycan Respublikasının  Prezidenti yanında  QHT-yə  Dövlət Dəstəyi Şurasının  dəstəyilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Ermənistan-Azərbaycan münaqişəsinin  insan  faktoruna vurduğu  ziyanla bağlı tədqiqatların aparılması  və  innovativ təşəbbüslərin artırılması”  layihəsini həyata keçirib. Layihə haqqında kifayət qədər məlumatlar ictimaiyyətə  təqdim olunub. Lakin bəzi  məqamlara ötəri nəzər salaq.

Biz bu layihəni bitirsək də  gördüyümüz mənzərələrin  stressindən hələdə  çıxa bilməmişik. Həmin layihə dövründə  araşdırmalar nəticəsində məlum oldu  ki,  1989-cu  ildə  Ağdam  rayonunda 1-2 uşaqda qıcolma baş verirdisə, hal-hazırda doğulan uşaqların təxminən 60%-ində  bu xəstəlik  baş qaldırır. Həmin rayonun  Üçoğlan kəndində  20 azyaşlı  uşaq iflicdir.  Belə xəstəliklər  yalnız  Ağdamla bitmir. Bizim  həyata keçirdiyimiz layihə Ağdamla bağlı  olduğuna görə, yalnız  həmin rayonun adını çəkirəm. Təəssüf ki,  xəstəliklər digər yerlərdə də geniş yayılır.

Cəbhə bölgəsinə gedəndə  fikirləşirik ki, görəsən hər hansı təhlükə  baş verib-verməyəcək. Bir qorxu, narahatçılıq hissi  insanların daxilində qalır.  Qorxunu içərilərində boğan  həmin cəbhə bölgəsində yaşayan  insanların çalışması, uşaqların məktəbə  getməsi,  müəllimlərin  o gərginlik içərisində dərs deməsi fədakarlıqdır.

Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadların  təhlilini aparsaq görərik ki,  son 20 ildə yetişən gəncliyə  bu münaqişə necə təsir edib. Mənim fikrimcə,  erməni təcavüzü istiqamətində təbliğatı quran zaman bu məqamlara önəm vermək lazımdır. Axı dünya demokratlarının yuxusuna insan hüquqlarının pozulması haram qatır.  Kimin dəstəyilə, kimin fitvası ilə baş verməsindən asılı olmayaraq  Ermənistanın təcavüzü özü də insan hüquqlarının  20 ildən artıq pozulması deməkdir.

Bütün dinlərdə, beynəlxalq təşkilatların nizamnamələrində  insan hüquqları  ən ali bəşəri prinsip kimi qəbul olunur. Müqəddəs  kitabımız olan Qurani-Kərimin  49-cu surəsinin 13-cü ayəsində  yazılır:  “Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara  və qəbilələrə ayır­dıq ki, bir-birinizi tanıyasınız”. Əslində bu ayədən  BMT-nin  İnsan  Hüquq­ları Bəyannaməsinin birinci maddəsi meydana gəlir.  Həmin  sənəddə göstərilir: “Bü­tün insanlar öz hüquqları  etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edil­miş­dir  və onlar qardaşlıq münasibətində olmalı­dır­lar”.

Münaqişənin fəsadlarına nəzər salanda  o da   aydın şəkildə  təsdiqlənir ki, həmin  Bəyannamə   BMT-nin digər sənədləri kimi  kağız üzərində qalıb. Təbii ki, münaqişə dövründə insan faktorunun,  xüsusilə, azyaşlıların ziyan çəkməsi məsələsinə ötəri, laqeyd yanaşmaq olmaz. Digər tərəfdən BMT-ni,  başqa beynəlxalq təşkilatları tənqid etməklə, asıb-kəsməklə və yaxud ənənəvi deyingənliklə məsələ bitməməlidir.

İnsan faktoru ilə bağlı görülməsi vacib olan  ciddi işlər var.

Birincisi, işğal olunan rayonlarla bağlı hər biri haqqında ayrıca  araşdırmalar aparılmalıdır. Dünyanı hay-küylə deyil məntiqli, inandırıcı faktla inandırmaq mümkündür.

Ikincisi,  bu  araşdırmalara təcrübəsi və intellekti olan insanları cəlb etmək  effektli olar.  Ümumiyyətlə, bu sahədə  peşəkar kadr hazırlığı  gündəmdə olmalıdır.  Təəssüf  ki, QHT sistemində davamlı  maliyyənin olmamasına görə, bu sahədə  formalaşan peşəkarlar öz iş yerlərini dəyişmək məcburiyyətində qalırlar.

Üçüncüsü, faktları ortaya çıxarmaqla, ictimaiyyətə təqdim etməklə iş bitməməlidir. Vurulan ziyana görə  məcburi köçkünlərə kompensasiyaların ödənilməsi məsələsini gündəmə gətirmək lazımdır. Bunun üçün  beynəlxalq hüquqda kifayət qədər mexanizmlər var.

Nəhayət, münaqişə dövründə insan hüquqları ilə bağlı, insan faktoruna dəyən ziyanla əlaqədər   bəzi ölkələrin təcrübəsini öyrənməyə zərurət var. Çünki  bu sahədə araşdırma apararkən  cəlbedici metodologiyalara rast gəlmək mümkündür.

Əlqərəz bu sahədə  daha çox çalışmaq lazımdır. Baş verən  vəhşilikləri sadəcə olaraq seyr etmək və hər şeyi zamanın  ixtiyarına buraxmaq özü-özlüyündə  fəlakətdir. Gəlin, belə etinasızlığa son deyək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı