Bu sistemin təkmilləşdirilməməsi ali təhsilə kütləvi savadsız axını yaradır
Ali və orta ixtisas məktəblərinə keçirilən bu ilki tələbə qəbulu prosesi də xeyli sayda qüsurları ilə başa çatdı. Təhsil mütəxəssislərinin səhvləri sayəsində illərdir, iflas yaşayan orta təhsilin problemləri eyni dərəcədə ali təhsil pilləsinə sıçrayır. Bu problemin adı kütləvi savadsızlıqdır.
Məlumdur ki, təhsil və səhiyyə bütün dövrlərdə dövlətin strateji sahəsi olub. XX əsrin əvvəllərində maarifçi ziyalı Firudin bəy Köçərli sərrast bir fikir işlətmişdi ki, bu fikir bütün qərinələr üçün keçərlidir: əgər müəllım savadsız olarsa, millət ruhən, həkim savadsız olarsa, millət cismən məhv olar. Çağdaş dünyamızda sanki ideoloji mətbəxlərdə bizə bu fəlakəti, mənəvi terroru bilərəkdən hazırlayanlar var. İbtidai və yuxarı sinifləri məntiq deyib kifayət qədər mürəkkəb riyazi suallarla yüklənmiş əzazil dərs vəsaitlərinin əsasında hazırlamaq guya məntiqi təfəkkürü geniş nəsil yetişdirməyə xidmət edir. Əslində isə biliklərin məktəbli üçün ibtidai sinifdən başlayaraq qəlızləşdirilməsi gəncliyi fəlakətə gedən yola çıxarır. 20 ildir ki, həm səhiyyədə, həm təhsildə savadlı və təçrübəli nəsil itib. Hər ikisində madiyyat mənəviyyatdan önə keçib. Doğrudan da ciddi mənəvi terrorun içərisindəyik və TQDK sədri Məleykə Abbaszadə uzun illərdir, savadsızlıq hegemonluğunun mənbəyini təkcə Təhsil Nazirliyində axtarmağa çalışır. Halbuki orta təhsildəki savadsızlıq eyni şəkildə onun rəhbərlik etdiyi qurum vasitəsilə ali məktəb müstəvisinə transfer olunur.
Elçibəy hakimiyyətindən bu günə qalan ən yaxşı mirasın test sistemi olduğunu mübahisə etməyə dəyməz. Bu sistemin hədəfi təhsildə rüşvət və korrupsiyanın, başqa sözlə, himayədarlığın qarşısını almaq, nəticədə kasıb təbəqənin önündəki səddi götürmək, kompleks halda isə çəmiyyəti qeyri-bərabərlikdən xilas edib savadlı, kamil bir nəslin yetişməsinə şərait yaratmaqdan ibarət idi. Lakin cəmiyyət bir siyasi sistemdən digərinə keçdiyi üçün test sistemi ilkin olaraq təcrübə idi və önə çıxan qüsurların analizı ilə ildən-ilə təkmil səviyyəyə gəlib çatmalı idi. Hətta Elçibəyin öz dövründə məlum oldu ki, bu sistem tələbə olmaq istəyən gəncin sevdiyi ixtisasdan, sevmədiyi ixtisasa, fitri qabiliyyət tələb edən sahələrə təsadüfi gedib çıxmasına, nəticədə belələrinin öz yerində düzgün dayanmamasına gətirib çıxarır. Təsadüfi deyil ki, o dövrdə ali məktəb müəllimlərinin yeni qəbul üsulunu təqdir etmələri ilə yanaşı, belə bir etirafları da var idi: qabiliyyətləri ilə zövq verən tələbələr 1992-ci illə bitdi. Bu, hüquqşünas olmaq istəyənin jurnalistikaya, jurnalist ixtisasını sevənin hüquq fükultəsinə düşməsi, bütün qruplar üzrə eyni halların təkrarlanması və könülsüz təhsil mənzərəsinin meydana çıxardığı fikir idi.
Dəqiq deyə bilmərik ki, test sistemini tətbiq edən həmin iqtidarın hakimiyyəti davam etsəydi, boşluqlar yeni müxanizmlərlə tənzimlənərdi, yoxsa yox. Amma bu sistemin davamçıları axsaqlığın harada olduğunu bildikləri halda, islahatlara getmək baradə qərarsızlıqlarında davam edirlər. Bu mirasın ən zəruri cəhətlərindən birinə heç bir xəyanət olmadı, yəni, yeganə şəffaf qurum kimi zəngin olmayan ailələrin də qapısını acmaqda davam edir. Məsələ burasındadır ki, başqa bir tərəfdən, bu sistem zəngin olmayan ailəni, həm də sıxır. Ödənişli təhsil gəlib elə bir statistikaya dirənib ki, test sisteminin məqsədini alt-üst edib. Artıq əksər fakültələrin ödənişə kecirilməsi kasıbın təhsilə marağını azaldır. Beləliklə, ali təhsil hərbi xidmətdən yayınmağın ən optimal üsuluna və valideynlərin övladlarına diplom almaq yarışına çevrilir. Həhayətində, test sistemi ilə köhnə metod arasındakı fərq itir, zəngin yenə də müvazinətini saxlaya bilir, pul amili aşağı təbəqənin sosial bəlasına çevrilir. Bir tərəfdən, təhsil haqları minimum səviyyəyə endirilmir, bir tərəfdən, əlverişli kredit yolları tapılmır, başqa tərəfdən isə, pullu təhsil keyfiyyətli təhsil sonucunu verə bilmir. Türkiyə ödənişli təhsilin ləğv olunması yolunda artıq addımlar atır, bizdə isə hətta orta təhsilin ödənişli sistemə keçməsini istəyənlər var.
Məleykə Abbaszadənin başçılıq etdiyi qurumun günahı ondan ibarətdir ki, balları aşağı sala-sala ali təhsil müəssisələrinə kütləvi savadsızlar yerləşdirir. 150 bal bilikləri kəm olan oğlan və qıza imkan verir ki, ali məktəbin auditoriyasını parka çevirsin, gəncliyini sadəcə, bu “xoşbəxtlik” içərisində boş-boşuna keçirsin. Hansı ki, belələrinə boş dəbdəbəni fürsət etmək yox, orta ixtisas və peşə təhsilinin reytinqini yüksəltməyə ciddi ehtiyac var. Xatirə kimi sandıqda saxlananan diplomdansa, yaxşı bir peşəni, orta ixtisası mənimsəmək gəncliyin özünün gələcəyinin etibarlı zəmanətidir. Bu zəmanəti TQDK qəbul prosesinə ciddi tabular, baryerlər tətbiq etməklə, kəmiyyət əmsalını keyfiyyət əmsalına çevirməklə yarada bilər. Amma niyə yaratmır, yaxud bunu ücün çarpışmır, testi təkmilləşdirmir- bu, aydın deyil. Belə qənaət alınır ki, ölkənin təhsil strateqlərinə pullu təhsillə ali məktəbləri, onun professor- müəllim heyətini saxlamaq intellektual, hazırlıqlı nəslin yetişdirilməsindən daha çox lazımdır.
Məleykə Abbaszadə bu ilki qəbul prosesində iki məqama diqqət çəkdi: orta məktəbin buraxılış imtahanlarından “2” almış şagirdlərin qəbulda nəticə göstərmələrinə və qızıl medalistlərin yetərli balla fərqlənə bilməmələrinə. Bu iki amili tənqidi ovqatda qeyd etdiyinə görə, anlaşılır ki, belə hallardakı paradoksu eyni zamanda TQDK-nın özündə axtarmaq istəmir. Heç kəsə sirr deyil ki, tələbə qəbulu prosesində bəzi yerlərdə nəzarət güclü şəkildə təşkil edilmir və hər il yüzlərlə gənc köçürmənin köməyi ilə ali, orta ixtisas məktəblərinə qəbul ola bilir. Bu baxımdan buraxılş imtahanlarında ”2” alanların qəbuldakı sonuclarını daha çox köçürmə prosesində axtarmaq lazımdır. Qızıl medalçıların məsələsi artıq təhsil nazirliyinin məsuliyyətinə daxildir. Yeni nazir Mikayıl Cabbarovun təyin olunduğu qısa vaxt hələlik mərkəzi aparatın mərdanovçulardan təmizlənməsinə sərf olunur. İslahatların aşağıya-məktəb direktorlarına çatması xeyli zaman istəyir. Ümumiyyətlə, cəmiyyətimiz hər zaman ona öyrəşib ki, problemli sahələrin əlindən tutub ayağa qaldırmağı ona rəhbərlik edən şəxsin yenisi ilə əvəzlənməsində görsün. Amma yenisindən möcüzə gözləmək o zaman olar ki, ona tapşırılan sahə qüsurlar içərisində itib-batmasın. Dövlətin strateji sahəsi təhsilsə elə bir bataqlıq içərisindədir ki, düşdüyü zaman qədər də çıxmasına zaman lazımdır. TQDK və Təhsil Nazirliyi bir-birinə zəncirvari bağlı olduğu üçün mənəvi terrorun aradan qalxması onların ikisinin əlindədir.