Heydər Əliyevin dövründə mart və oktyabr hadisələri. Hər ikisində ulu öndərimiz bu sınaqlardan üzüağ çıxdı. Çox çətin bir dövr idi.
Respublika sarayında ictimaiyyətin bu hadisələrə həsr olunmuş tədbiri keçirilirdi. Atam da çıxışçılar sırasındaydı. Tədbirdə prezident Heydər Əliyev iştirak etmirdi. Bəlkə də iştirakının ziyalıların, ictimaiyyətin fikrinə bir növ təzyiq kimi olmasın deyə, iclasa qatılmamışdı.
Tədbir televiziya ilə yayımlanmırdı. Yayımlanmadı da. İlk çıxışı Baş prokuror əvəzi Eldar Həsənov etmişdi. Sonda isə atam Qabil. Heç bir cangüdəni, silahı, vəzifəsi olmayan bir insan. Küçələrdə avtomat səslərinin eşidildiyi bir vaxtda.
Atama, anama dəyməyə gəlmişdim. Dedi ki, “Mahir, çıxışımı qurtardım. Səhnədən endim. Bir nəfər məni qucaqlayıb öpdü. Dedi ki, “mən Eldar Həsənovam. Baş prokuroru əvəz edirəm”. Yanımdan əl çəkmədi. Xarici maşınına otuzdurub kabinetinə gəldik. Çay gətizdirdi. Çıxışımı bəyəndiyini dedi. Hansısa problemimin olub-olmamağını soruşdu. Zorən bir kitabımı çap etdirməyi boynuna götürdü. Çox mədəni və ziyalı adamdır. Belə başa düşdüm ki, Heydər Əliyevi sevən, əsl sevən biridir”.
Üstündən bir-iki gün keçdi. Heydər Əliyev keçirdiyi görüşlərin birində atamın Respublika sarayındakı çıxışına toxunaraq, onu “orijinal fikirli şair” adlandırdı. Yenə evə gəldim. Soruşdum ki, “axı bu nə çıxışdır ki, heç yanda çap olunmur, televiziyada verilmir, amma Heydər Əliyev bir çıxışında səni “orijinal fikirli şair” adlandırır. Eldar Həsənov az qala əlinin içində gəzdirir”. Atam çıxışını danışdı. Və bu fikirləri mən sonralar “Ağa Məhəmməd Şah Qacardan Sərdar Cəlaloğluya” adlı yazımda istifadə etdim:
“Günlərin bir günü vəzir-əyanlar gəldi yanıma ki, bəs şah sağ olsun. Bazarda bir dilənçi var, yığır camaatı başına ki, o, şah olacaq. “Qacar da başından tacı çıxaracaq, qoyacaq başıma. Qarşımda da diz çökəcək. Hakimiyyəti verəcək mənə” deyir.
Mən də yaman qəzəbləndim. Dedim ki, gətirin o məlunu mənim hüzuruma. Dediklərinizi təkrar eləməsə, sizin boynunuzu vurduracam. Dediyiniz düz çıxsa, bu artıq mənim işimdir.
Əlqərəz, fərraşlar gətirdilər o dilənçini, Sizin dilinizdə desək, bomju mənim hüzuruma. Heç sual da vermədim. Özü həyasızcasına üzümə dedi ki, “Sən Qacar tacı başından çıxarıb qoyacaqsan başıma. Hakimiyyəti də verəcəksən mənə, özün də bir qul kimi qarşımda diz çökəcəksən”. Qaldım belə. Fikrə getdim. Qərara aldım ki, elə də edim. Görüm axırı nə olur?
Tacı çıxarıb qoydum dilənçinin başına. Əbamı atdım çiyninə. Otuzdurdum taxtımda. Diz çökdüm qarşısında . Bunu görüb bütün saray əhli də diz çökdü. Və dedim: “Şahım! Əmr elə!”.
Dilənçi neyləsə yaxşıdır? Əlini mən tərəfə açaraq dedi: “5 qəpik ver də…”.
Heç nə demədim. Bir təpik vurub taxtdan aşırdım onu yerə və dedim: “Dilənçidən padşah olmaz””.
Atamın çıxışının məğzi bu idi. O dövrdə prezidentliyə can atan, dövlət çevrilişinə cəhd edənlər çox idi. Amma hamısı da... Yəqin ki, atam bu misalıyla bütün o dövrkü vəziyyətə tarixi-bədii cəhətdən öz möhürünü vurmuşdu.
İndi deyəcəksiniz ki, “Mahir, təkrara yol verirsən”. İstəməzdim. Sadəcə Rüstəm İbrahimbəyovun “Xalq dəyişiklik istəyirsə, Milli Şuranın hesabına hərə 1 manat köçürsün...” deyə Azərbaycan xalqına çağırışı atam şair Qabilin 18 il bundan əvvəl çəkdiyi bu misalı bir daha yadıma saldı.
Ovaxtkı 5 qəpiyi bugüngü kursa vurdum. Düz 1 manat eləyir. Başqa müqayisələr də var. Demirəm, özünüz nəticə çıxarın.