Modern.az

Boş-boş sözlər...

Boş-boş sözlər...

Ölkə

21 Aprel 2010, 15:50

Qələmi əlimə alıram ki, fikrimi toplayıb yazı yazam, bacarmıram. Musiqi dinləyə-dinləyə düşüncələrimi cəmləşdirə biləcəyimi düşündüm, yenə də yanıldım. Axı nə olub mənə, bunca mövzu varkən niyə heç nə alınmır? Dayan, dayan... Mövzu var dedim? Həə. Nədi mövzu? Bəs onda niyə yaza bilmirəm? Bəlkə söz bazam zəifləyib? Böyrümdəki kitab rəfimi nəzərimdən keçirdim. Əşşi. Boş sözlərdi. Bunca kitab oxuyanın söz ehtiyatı tükənə bilməz. Upss. Deyəsən, çox lovğalandım axı. ...bu arada atam gəldi, nə etməyimlə maraqlandı, məntiqli cavab ala bilməyəcəyini anladı, sual dolu baxışlarla otaqdan uzaqlaşdı. Offf. Boş-boş sözlər. Depressiyadam axı deyəsən. Ah-ha, mövzu tapdım, depressiya, əlbəttə DEPRESSİYA. Yooox, yenə alınmadı. Bu barədə artıq yazmışam. Bəs, axı, nəəəəəə? Nədən yazııım?

 

Bəlkə Vətəndən yazım? Yooox. Bu mövzuda əsrlərdir yazırıq, söz limitimiz dolub. Hətta, o qədər yazmışıq ki, bizim yerimizə yarısı işğal altında olan yazıq Vətən də xəcalət çəkir. Göyə baxmağa utanıram ki, Allahın önündə günahkaram, yerə baxmağa utanıram ki, torpaqdan xəcalət çəkirəm. Ehhh. Bağışla, ay Vətən səni yalnız söz xətrinə sevdik. Bəlkə də cansızlığından sui-istifadə etdik, bilmirəm. Hələ mənim kimilərə şükür. Çox vaxt istəyi həyata keçməyəndə başqasına "səni qara yerə soxum" deyib qarğış edənlərə yəqin ki, rast gələrsiz, bəlkə elə aranızda bu qarğışdan istifadə edənləriniz də var. Nəzərə alaq ki, o qara yer deyilən torpaq hər birimiz üçün əbədi məskəndir. Sağkən təhqir etməyək ki, öləndən sonra o torpağın qara köksünü qucaqlamağa haqqımız olsun. Vətəni çıxdıq. Tutaq ki, boş-boş sözlərdi deyə.

Bəlkə sevgidən yazım? Sevgi haaa. Özü də müasir sevgilərdən. Nakam qalan, sevib aldadan, aldanaraq sevən gəclərdən. Bu da ürək açan mövzu deyil. Tərifləsəm qız lap Leylidir, pisləsəm, daşürəkdir deyəcəklər. Çünki, “balans” sözü dilimizin lüğət fondunda donmuş ifadədən başqa heç nə deyil. Əşşi. Boş-boş sözlərdi.

Tutaq ki, sevgini də çıxdıq. 

Bəlkə sevgiyə həsrət qalan valideynlərdən və ya körpələr evindən yazım? Nəvələrinə həsrət nənə-babalaradan, analıq hissindən uzaq, dildə peşman qadınlarımızdan yazım bəlkə. Borcu sadəcə dünyaya uşaq gətirməkdən ibarət olan, “missiyamı yerinə yetirdim, kim baxar-baxsın” deyib, körpələrini küçələrə atan "ANA"ları təhqir edim bəlkə. Yaxşısı budur, ailəsinə baxmaqdan boyun qaçıran, atalıq məsuliyyətini dərk etməyən kişilərdən yazım. “Ata-ana” deyib ağlaşan, ürək parçalayan yetimlərin taleyindən də yaza bilərəm. “Taleyin pis üzünü görmüşəm” deyib, ağılsızlıqları ucbatından gecə küçələrə çıxan qız-qadınlarımızdan da yazsam pis olmaz. Yox, bəlkə ağızlarının sözünü bilməyən hər önünə gələn anaları-bacıları yaşındakılara söz atan küçə oğlanıarından yazım. Daha bir əlavə, yetimlərdən gələcəyə toy müğənnisi yetişdirən və “SMS göndərin” deyib bar-bar bağıran telekanaldan yazım. Qızını yeniyetmə yaşına qədər tanımayan, ulduz oldu deyə “KEZBAN” deyib ağlayan, bu  günə qədər olan-olub, bu gündən sonra “qızım oxuyar məni də, özünü də dolandırar” ümidiylə canlı efirə gələn anadan yazım, bəlkə. Yazmağına yazırıq amma, yazmaqla düzəlsəydi, hər şeyi qələmimizlə çoxdan düzəldərdik.

          Bayaqdan hər abzası bəlkələrlə başlayıb, boş-boş sözlərdi deməklə tamamladım amma, nə qədər də çox yazsaq hələ də yazılası nə qədər mövzularımz var düşünün. Düşünməklə yetinməyək, bəlkə fəaliyyətə başlayaq? Kimə qarşı və necə? Hamımız sapı özümüzdən olan baltalarıq. Cəmiyyətin axırına çıxırıq yavaş-yavaş. YOOOX!!!

Axı, belə olmaz. Bu cəmiyyəti kökündən dəyişdirmək lazımdır. Bir az daha fəal olaq. Əlimizdən gəldiyi qədər bir-birinizə qənim kəsilək, qardaş qardaşın qanını içməyə hazır olsun, övladlar valideynlərinin üzünə ağ olmaqla kifayətlənməsinlər, alçadacaq sözlər desinlər, hətta gərəkirsə, döymək də olar. Çəkinməyin, bu dediklərimdən. Çətini nəyəsə başlamaqdır. Heç də pis başlamamışıq. Axı biz axmaq insanlarıq. Özümüz-özümüzlə bacarmırıq, nəfsimizin quluyuq. Cəmiyyəti bu günə salan da bizik, indi oturub şikayətlənən də.

Ahha, telefonuma zəng gəlir. Boş-boş sözlərə son, fəaliyyətə keçmək zamanıdır. Hazırlaşım psixoloqumla görüşüm, bəlkə mənim dağılmış psixologiyamı düzəldə bildi. Özümə gələn kimi, sizi də özünüzə gətirmək üçün də fəaliyyətə keçəcəm. Yəqin oxuyanlar məni psix, dəli hesab edəcəklər. Axı, hələ də bizim cəmiyyətdə psixoloqa dəli həkimi deyirlər. Nə isə boş-boş sözlərimə də son qoyuram. Sağlam düşüncəli yaşamamız diləyilə...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı