(İçsəs)
Arxayınlıq – arxalandığına inamdır.
***
Doğruçu arxayınlıq – özünə güzəştsiz inamdır.
***
Yalançı arxayınlıq – özünə güzəştli inamdır, inandığından kor-koruna asılılıqdır, ona aldanmaqdır.
***
Yalançı arxayınlıq – özünə və başqasına yalançı güvən duyğusundan yaranan ərincəklik (tənbəllik), başısoyuqluq, saymazlıqdır.
***
Üstün ola bilmədiyin başqasını bəyənmirsən – paxıllıq yaranır.
***
Paxıllıq – başqasından əskikliyini anlamaqdır.
***
Üstün olduğun başqalarını bəyənmirsən – lovğalıq yaranır.
***
Başqalarına gərək olduğunu anlayırsan – fədakarlıq yaranır – özünü ölümə verirsən.
***
Başqalarının özündən gərəksizliyini anlayırsan – diktatorluq, ağalıq yaranır – başqalarını ölümə verirsən.
***
Özünün başqalarından gərəksizliyini anlayırsan – özünə qıyırsan – ölümə yenilirsən.
***
Lovğalıq – yalançı özündənrazılıqdır, dəyərindən artıq görünmək istəyidir.
***
Doğruçu özündənrazılıq – kamilləşmək yoluyla insani dəyər qazamaqdır.
***
Paxıllıq – başqasından əskiklikdən yaranan ağrı-acıdır, lovğalıq – həmin əskikliyi pərdələmək üçün yalançı həzz, təsəllidir.