Modern.az

Ölüdən pul qazanmaq

Ölüdən pul qazanmaq

Ölkə

8 Dekabr 2013, 13:27

Azərbaycan xalqının yaxşı yaşadığını iddia edən adamlardan soruşmaq istəyirəm: Bakıda məzar yerləri niyə bu qədər bahadır? İqtisadiyyat elmindən bilirik ki, qiyməti bazar tənzimləyir. Görünür, bazarda qəbir yerlərinə daha çox tələbat var...

Bakıda fəaliyyət göstərən mağazalar bir-birinin ardınca öz profillərini dəyişirlər. Ötən həftə də yazdığım kimi, son vaxtlar paytaxtda peraşki və qutab satışı ilə məşğul olan mağazaların sayı xeyli artıb. İnsanların aldığı cüzi əməkhaqqı onların normal qidalanması üçün kifayət etmir. Sıravi azərbaycanlıların ciblərindəki qəpik-quruş ancaq keyfiyyətsiz məmulatlardan hazırlanan peraşki və qutab almağa çatır. Bu üzdən dəbdəbəli geyim əşyaları satan mağazaların çoxu iflas edib. Büdcə oğruları istisna olmaqla əhalinin böyük əksəriyyəti aclıq və səfalətin girdabında çabalayır.

Tanışlarımdan biri uzun illərdir ki, ticarətlə məşğul olur. Getmədiyi xarici ölkə, satmadığı əşya qalmayıb. Yaxın bir-iki ilə kimi həmişə gün-güzərandan, dolanışıqdan şikayət edirdi. İşlərinin necə getdiyi ilə maraqlananda hər dəfə eyni sözləri deyirdi: “Ticarətdə pul yoxdur”. Bir-iki il əvvəl əlindəki pulun hamısını yas biznesinə yönəltdi. Hətta pulu çatmayanda evini girov qoyub, bankların birindən 60 min manat kredit götürdü. Bu hərəkətinə görə hamı onu qınadı. Ağsaqqallar dedilər ki, ev əlindən çıxacaq, uşaqların küçədə qalacaq. Açığı, mən də bu cür düşünürdüm. Əlindəki bir-iki çadırın hesabına tanışımın bu qədər borcu ödəyə biləcəyinə inanmırdım. Amma 6 ay sonra eşitdim ki, o, bankdan götürdüyü pulu son qəpiyinə kimi ödəyib, üstəlik, əlindəki çadırların sayını da artırıb. Biz bir müddət əvvəl görüşəndə, ondan iqtisadi uğurlarının sirrini soruşdum. Cavabı belə oldu: “Hər gün bizi dörd-beş yas yerinə dəvət edirlər. Ölü işi varlıya, kasıba baxmır. Camaat borc-xərc etməklə də olsa, məclisini yola verir”.

Tanışım haqlıdır. Bəzən elə olur ki, bir həftədə üç-dörd hüzr mərasimində iştirak edirəm. Əvvəllər Bakıda hamı şadlıq evi açırdısa, indi imkanı olan adamlar əllərindəki investisiyanı mərasim salonlarına yatırırlar. Toy deyil ki, pulun yoxdursa evlənməyəsən. Yas elədir ki, lap 109 yaşlı baban da ölsə, onun üçün mərasim təşkil etməlisən. Buna görə də son vaxtlar Bakıda mərasim salonlarının sayı durmadan artır. Hətta bəzi işbazlar səadət saraylarının profilini dəyişib, bu məkanları da mərasim salonlarına çevirirlər. Heç kimi qınamaq olmur. İqtisadiyyatın qaydası belədir, pul hardan çıxırsa, investisiyanı da ora yatırmalısan.

Yenə Azərbaycanın iqtisadi inkişafına cavabdeh olan şəxslərdən soruşuram: ehsan biznesinin “çiçəkləndiyi” ölkədə iqtisadi inkişafdan danışmaq nə dərəcədə doğrudur? Yoxsa, camaat toxluqdan ölür, bizim xəbərimiz yoxdur?..

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı