Demək olar ki, hər ay hər hansı bölgəmizin işğalının, yaxud hansısa soyqırımın, faciənin ildönümü qeyd edilir. Bəzən ayrı-ayrı milli qəhrəmanların da xatirə günü kütləvi şəkildə anılır. Çox vaxt yuxarıdan göstərişlə kampaniya şəklində keçirilən belə tədbirləri müşahidə edəndə insanı bir sual düşündürür; görəsən, şəhidləri, yaxud hansısa Milli Qəhrəmanı ziyarət edənlər arasında neçəsi buraya nə üçün gəldiyini dərindən dərk edir? Özü də adətən belə ziyarətlərin əsas fiqurları ölkənin, ya da bölgənin babat vəzifəli, rütbəli şəxsləri, yaxud “tanınmış ziyalıları” olur. Şəhidlər, qəhrəmanlar haqqında təntənəli, gurultulu çıxışları da belələri edir, bölgələrimizi düşmən tapdağı altından azad etmək üçün mübarizə aparmaq barədə vədləri də onlar verir... Adam bir az dar çərçivədə onların sözləri və əməlləri arasındakı uçurum barədə düşünəndə dəhşətə gəlir. Bu natiqlərin bütün əqidə və əməlləri nə ziyarət etdikləri şəhid və qəhrəmanların uğrunda vuruşub həlak olduqları amallarla, nə də torpaqlarımızı düşmən tapdağından azad etməyə yönəlik mübarizə ilə uzlaşır... Axı hamı gözəl bilir ki, onlar kütlə qarşısında torpağı azad etmək yollarından, şəhidlərimizin qəhrəmanlığından, ölkədə, yaxud bölgədə təhsilin, mədəniyyətin, səhiyyənin, kənd təsərrüfatının və s. inkişafından sicilləmə nitqlər söyləyib öz lüks avtomobillərinə əyləşərək kabinetlərinə çəkildikdən sonra elə sadaladıqları həmin sahələrdən nə qədər “yığdıqları” barədə düşünəcək və köməkçilərinə bu istiqamətdə növbəti göstərişlər verəcəklər... Yəni, onlar üçün hər şey vasitədir: Qarabağ dərdi də, şəhidlərimizin, qəhrəmanlarımızın xatirəsi də... Hər şey vəzifə, karyera, biznes nərdivanında yüksəlmək üçün növbəti bir pillədir... Onların bu ziyarətləri də xalqın əlindən aldıqları və dövlətin büdcəsindən taladıqları haram gəlirləri hesabına yeyib-içmək, xarici ölkələri gəzməklə müşayiət olunan fəaliyyətlərində bir reklam fasiləsidır... Daha dəhşətlisi də odur ki, belə “başbilənlər” özləri işğal altındakı torpaqlarımızın sakinləri olalar və öz əməlləri ilə torpaqlarımızın azad edilməsinə, təhsilimizin, səhiyyəmizin inkişafına yox, qaçqın həmyerlilərinin; müəllimlərin, həkimlərin, əkinçilərin və s. alın təri ilə əldə etdikləri qazancının talanmasına xidmət edələr...
İndi paytaxtda da, bölgələrimizdə də qarşısında boğazdan yuxarı populist nitqlər söyləmək üçün şəhid məzarlıqları, abidələr, heykəllər kifayət qədərdir. Erməni işğalı(!) altında olan Laçın rayon İcra Hakimiyyətinin müvəqqəti(!)yerləşdiyi Ağcabədinin Taxta Körpü qəsəbəsində də şəhidlər kompleksi salınıb. Orada Laçının Milli Qəhrəmanlarının təsvirləri və şəhidlərin adları əks olunub. Kompleks Laçın rayon Təhsil Şöbəsinin iki addımlığındadır... Abidədəki təsvirlər arasında yanvarın 13-də şəhid olmasından 20 il ötən Milli Qəhrəman İsrafil Şahverdiyevin də mətin, əyilməz, vüqarlı baxışları diqqəti cəlb edir.... Bu günlər Taxta Körpüdə İsrafilin şəhid olmasının ildönümü olduğu çox az adamın yadına düşdü... Amma 22 ildir Bərdə şəhərində yerləşən və İsrafilin adını daşıyan Ağanus kənd tam orta məktəbində gənc nəslin təlim-tərbiyəsi üçün əlindən gələni edən 20-25 qaçqın müəllimin, hər gün İsrafilin və digər Milli Qəhrəmanların portretlərinin tozunu alan 7-8 xadimənin, texniki işçinin işlədiyini, aylıq tələbatlarını ödəməyən məbləğdə maaş(!) aldıqlarını yada salanlar çox oldu... Fəqət, yaddaşlarının möhkəmliyinə güvənən həmin məxluqatlar Ağanus məktəbinin şəhidlər guşəsində İsrafilin portretindən yuxarıda yazılmış Allah kəlamını ya oxumayıblar, ya da unudublar:
”Allah yolunda öldürülənlərə (şəhidlərə) “ölü” deməyin. Əksinə, onlar Allah dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz”...
Bəli, biz çox şeyi dərk etmirik. O cümlədən, Axirət günü Allah qarşısında cavab verəcəyimizi və şəhidlərin, o cümlədən İsrafilin sualları qarşısında lal qalacağımızı... Bunları dərk etməyənlər, unudanlar zatən özləri ölüdürlər... Onlardan çox danışmağa dəyməz... Allah dərgahında dirilərdən biri - İsrafil Şahverdiyevdən bəhs edək...
...Onu uşaqlıqdan tanıyırdım. Qonşu Unannovu kəndindən idi. Amma orta məktəbi bizim Ağanus kəndində bitirmişdi. Erkən yaşlarından ata-anasını itirib nənəsinin himayəsində ağır zəhmətlə böyümüşdü... Həmin gün isə birinci dəfə idi ki, onunla belə yaxından söhbət edirdik. Birinci və sonuncu dəfə... 1993-cü il 12 dekabr... Erməni hərbi birləşmələri ilə döyüşlərin ən qızğın vaxtı... Füzuli rayonunun Böyük Bəhmənli kəndi...
Bakıdan Laçın polisinin rəisi, hazırda Laçın rayon İcra Hakimiyyətinin başçısı olan Akif Səlimovla birgə gəlmişdim... Polislərimiz kənddəki evlərdən birində yerləşmişdilər. Rəis məni döyüşçülərə təqdim etdi. Tanıdıqlarımdan öncə yaxınlaşıb boynumu qucaqlayan İsrafil oldu. Uzaqda görünən Kirs dağının zirvəsinə baxanda gözləri yaşardı... Doğma kənddəki günləri xatırladı. Sevimli müəllimləri olmuş ata-anamı soruşdu. Axşam sonradan şəhid olmuş həmkəndlim Mehman Mərdanovla və digər polislərlə birgə çörək kəsdik.Yenə Laçından, el-obamızdan uzun-uzun danışdıq. Nə qədər təkid etdimsə, müsahibəyə, haqqında məqalə yazmağa razı olmadı. Dedi ki, tanınmaq, şöhrətlənmək üçün döyüşmür, zabit olsa da, özünü buradakı sıravi döyüşçülərdən biri hesab edir. Bu dərəcədə sadə, təvazökar insan idi İsrafil... Halbuki onun göstərdiyi igidliklər artıq 1988-ci ildən bu yana Laçın, Şuşa, Qubadlı camaatına bəlli idi... 1989-cu ilin avqustunda Laçının Qayğı qəsəbəsi ərazisindən Şuşanın erməni quldurlarının yuvasına dönmüş Kirov kəndinə keçmək istəyən iki yaraqlının yaxalanması məhz İsrafilin rəşadəti sayəsində baş tutmuşdu... 1991-ci ildə jurnalist Salatın Əsgərova qətlə yetirildəkdən sonra İsrafil qardaşı Rəsulla birlikdə 12 erməni quldurunu gəbərtmişdi. Həmin ilin mayında isə Qaladərəsi və Kirov kəndlərinin erməni quldurlarından təmizlənməsində fəal iştirak etmişdi. Bütün bu igidliklərinə görə Laçında ilk dəfə İsrafil Şahverdiyev Sultanbəy mükafatına layiq görülmüşdü. Laçının işğalı günü İsrafil təkbaşına rayon mərkəzinə getmiş, düşmən qüvvələri haqqında məlumat toplayaraq geri qayıtmışdı. 1992-ci ilin yay-payız aylarında Kəlbəcər istiqamətində kəndlərimizin geri alınmasında, Hoçaz yüksəkliyinin müdafiəsində və s. göstərdiyi şücaətlər saysız-hesabsızdır...
...Həmin gecə yer olmadığı üçün rəhmətlik Mehmanla bir çarpayıda yatdım. Saat 3-4 radələrində həyəcan siqnalı verildi. Və İsrafil başda olmaqla bir qrup polis, o cümlədən Mehman ön xəttə göndərildi. Ertəsi gün qərargah rəisi Çingiz müəllimlə birgə Laçın polislərinin düşmənlə üzbəüz dayandığı səngərlərdə oldum... Ancaq İsrafillə bir daha görüşə bilmədim. Bakıya çatanda məlumat aldım ki, Akif Səlimovun rəhbərliyi ilə Laçın polisi, o cümlədənİsrafil Şahverdiyevin rotası ermənilərlə döyüşdə düşməni ağır itkilərə məruz qoyub. Ancaq polislərimizdən də bir neçəsi şəhid olmuşdu. Respublika prezidentinin fərmanı ilə bir qrup Laçın polisi “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu... Həmin günlər göz yaşları içində Laçın polisinə həsr etdiyim “Azərbaycanlılar vuruşmağı bacarır” başlıqlı yazı yazdım və “Təzadlar” qəzetində dərc etdim... Bir ay keçməmiş yenə də bir neçə polisimizin, o cümlədən Mehmanın, ardınca isə İsrafilin də şəhid olması barədə xəbərlər bizi bir daha sarsıtdı...
1994-cü il yanvarında ordumuzun uğurlu məşhur Horadiz əməliyyatından sonra ermənilər əks-hücumlarını genişləndirirdilər. Ayın 13-də İsrafilin rotası Horadiz-Cəbrayıl istiqamətində düşmənin növbəti hücumunu dəf edirdi. Cəsur komandir “geriyə yol yoxdur” əmrini vermişdi... Atəş od kimi yağırdı. Birdən İsrafil yaxınlığındakı pulemyotçumuzun yaralandığını gördü. Fədakar zabit əsgərini xilas etmək istəyərkən özü ağır qəlpə yarası aldı və bu etibarsız dünyaya gözlərini yumdu...
Qardaşı Rəsul tez-tez redaksiyamıza gəlirdi. İsrafilə şəksiz-şübhəsiz layiq olduğu Milli Qəhrəman adının verilməsi bəzi rüşvətxor məmurların ucbatından müşkülə çevrilmişdi... Rəhmətlik çox yanırdı bu haqsızlığa... Nəhayət, 15 yanvar 1995-ci ildə prezidentin fərmanıyla İsrafilə Milli Qəhrəman adı verildi... Amma qardaşı Rəsulu müharibənin ağrı-acısı, Qarabağ, Laçın həsrəti, bir yandan da qardaş itkisindən sonra bürokrat, rüşvətxor məmurların qapılarında keçirdiyi əsəb sarsıntıları yaşamağa qoymadı. 1995-ci il martın 23-də ürək partlamasından həlak oldu. Onu da xatırladım ki, Rəsul da qorxmaz döyüşçülərdən idi. 1992-ci il mayın 17-də kəndimizi müdafiə etməyə cəhd edən 4-5 nəfər arasında Rəsul da var idi... Hazırda o da qardaşı İsrafillə bəarabər ikinci Şəhidlər Xiyabanında uyuyur...
Ancaq tale Şahverdiyevlər ailəsinə daha bir zərbə vurdu. İsrafilin qızı Səadət də ali məktəbin sonuncu kursunda buraxılış imtahanından çıxarkən ürək tutmasından vəfat etdi...
1997-ci ildə Bərdə şəhərində yerləşən Ağanus kənd orta məktəbinin direktoru Ağayar İsmayılovun təşəbbüsü ilə həmin məktəbə Milli Qəhrəman İsrafil Şahverdiyevin adı verildi... İsrafil hər cür ada, tərifə layiq idi. Hərdən Qarabağda döyüşmüş bəzi şəxslərin şöhrət, ad-san, gələcəkdə vəzifə qazanmaq üçün çalışdıqlarını söyləyirlər. Ancaq İsrafil haqqında heç kəs cəsarət edib belə fikir söyləyə bilməz. O, əsl qəhrəman idi; sadə, təvazökar, qorxmaz, fədakar, heç kəsin çörəyinə göz dikməyən, əksinə, döyüş yoldaşlarının xatırladığı kimi, cəbhədə ərzağın qıt vaxtlarında çörəyi hamıya bölüb qardaşı Rəsulla özünə saxlamamağı bacaran bir insan idi...
Bu gün nəinki onu yada salan, onun amallarını yaşadan, əksinə, onun adını daşıyan məktəbdən belə “haqq” uman, onsuz da problemlər içində əzab çəkən müəllimlərin halal çörəyinə göz dikən soydaşları üçünmü həlak olmuşdu İsrafil?..
Bu dünya çərçivəsində düşünəndə heyfslənirsən. Amma məsələyə daha geniş düşüncə ilə yanaşdıqda görürsən ki, dildə müsəlmançılıqdan, vətəndən, xalqdan, dövlətdən dəm vurub əməldə Allaha, xalqa, dövlətə zidd fəaliyyətlə məşğul olan münafiqlərin sonu çox acınacaqlıdır. Onların baxışınca İsrafil kimi şəhid olanlar və bu əqidə ilə yaşayanlar ağılsızdırlar, yazıqdırlar, əslində isə onlar özləri axmaq, yazıqdırlar. Çünki, bu müvəqqəti dünyanın və nəfslərinin köləsidirlər. Və israfillər, Quranda deyildiyi kimi, Allah qatında diridirlər, Allah süfrəsinin qonağıdırlar. Buna görə də xoşbəxtdirlər... Münafiqlər isə cəhənnəmə atılacaqlar və onları şiddətli əzab gözləyir... Hələlik, bu dünyada qazandıqları haram pulların çoxluğundan şadlansınlar. Onların qəlbləri, gözləri, qulaqları möhürləndiyindən bilmirlər ki, Yaradan bununla onların öz günahlarını artırmalarına şərait yaradır. Bunu Allah deyir, mən demirəm...
Allah sənə rəhmət eləsin, gözəl insan, yenilməz Vətən fədaisi –İsrafil!..