Modern.az

Bala sevgisi ana məhəbbətinə üstün gəlirmiş

Bala sevgisi ana məhəbbətinə üstün gəlirmiş

Ölkə

11 Fevral 2014, 15:11

«Elə bildim üstümə tank gəlir. Dərhal ermənilər olduğunu düşündüm. Sonra başa düşdüm ki, zəlzələdir. O səsi heç vaxt unutmaram. Evdən çıxıb yolayrıcına necə çatdığımı xatırlaya bilmirəm. Bir tərəfdə şüurlu məhəbbət idi: ana sevgisi, bir tərəfdə şüuraltı sevgi idi: bala məhəbbəti! Beynim anamdan nigaran idi, ürəyim balamdan. Ayaqlarım ürəyimə tabe oldu...  Biixtiyar məktəbə sarı qaçdım. Demək, bala sevgisi ana məhəbbətinə üstün gəlirmiş».

Anamın sözləridi bu. Onda mənim 10 yaşım vardı.  Dünənki zəlzələni hiss edəndə elə zənn etdim ki, hələ də 10 yaşım var mənim. Bəlkə o vaxtdan hələ böyüməmişəm, uşaq qalmışam? Axı bu yaşa qədər hər gün xatırladığım o uşaqlıq illəridir. Bəlkə ona görədir ki, məktəbimizi divar-divar, kitabxanamızı kitab-kitab, yollarımızı toz-toz əzbər bilirəm. Qonşularımız adam-adam, qəbiristanlığımız məzar-məzar yaddaşımın dərin qatlarında kök salıb. Bəlkə ona görədir ki, qaçhaqaçın-qovhaqovun, maşın-maşın köçlərin daban-dabana düzüldüyü günləri unuda bilmirəm. Təkcə bumu? Təbii ki, yox. Unuda bilmədiklərin arasında köçhaköçün az qala sona çatacağı günə kimi fəaliyyətini davam etdirən məktəbimiz də vardı.  Yadıma düşəndə lap burnumun ucu göynəyir. İdman dərslərimizin yeri isə həmişə xüsusi olub mənim üçün. Bəlkə bu, məktəbdə sonuncu dərsimizin bədən tərbiyəsi olması, bəlkə də günümüzədək dillər əzbəri olan 1988-ci il zəlzələsinin həyacanını bu dərsdə yaşamağımdandır?

Buna deyərlər Tanrı möcüzəsi. Amasiyanın 27 azərbaycanlı kəndindən bir nəfərin də burnunun qanamadığı həmin gün Tanrı bizimlə idi. Bu, hər gün üstümüzə bir hədə, bir təhdidlə gələn ermənilərə İlahi cavabı idi. Deyirlər, zəlzələ baş verməmişdən öncə özünü hansısa yollarla hiss etdirir. Həmin vaxt zəlzələyə oxşar yağış, dolu ara vermirdi. Elə bil göylər sınıb yerə töküləcəkdi. Kənd ağsaqqalları belə qərara gəlmişdilər ki, qız-gəlinləri Qarsa keçirsinlər, sonrası nə ola, ola! Doğru, Qarsa tərəf istiqamət aldıq, Arpa çayını keçə bilmədik. Yağış imkan vermədi. Buna təbiətin şıltaqlığı demək olmazdı, o, sadəcə bizi qoruyurdu. Ananın baladan, atanın övladdan, ailənin bir-birindən pərən-pərən olmasını istəmirdi. Elə ona görə də möcüzəsini göstərdi. Təcili yardımların arxa-arxaya düzüldüyü həmin mənzərəni evimizin pəncərəsindən tamaşa edirdim: Gümrü-Cələf-Amasiya… Onların başı öz dərdlərində ikən biz doğma Azərbaycana istiqamət aldıq!!!

Dünən özüm də bilmədən oxşar hadisə yaşadım. Zəlzələ oldugunu hiss edən kimi  şüurlatı bala sevgisi, şüuraltı ana məhəbbətini üstələdi. Eynən bir vaxtlar anam etdiyi kimi… Bu haqda ona deyəndə ürəkdən güldü və dedi: “Elədir qızım, bala bağır ətidir”.

Allah balalarımızı və analarımızı qorusun!!!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...