Bu gün Türkiyədə xalqın milli qürur və tarixi yaddaşının rəmzlərindən biri olan 30 Avqust – Zəfər Bayramı qeyd olunur.
Modern.az xəbər verir ki, Zəfər Bayramı Türkiyə tarixində mühüm əhəmiyyət daşıyan Böyük Taarruzun və Dumlupınar döyüşündə qazanılan qələbənin ildönümü münasibətilə hər il avqustun 30-da qeyd edilir.
Böyük Taarruz 26 avqust 1922-ci ildə başlayıb və avqustun 30-da Dumlupınarda türk ordusunun qələbəsi ilə nəticələnib. Bu qələbə Türkiyənin İstiqlal müharibəsində həlledici mərhələlərdən biri hesab olunur.
Bayram münasibətilə ölkənin müxtəlif şəhərlərində, xüsusilə Ankarada və İstanbulda rəsmi mərasimlər, hərbi paradlar və müxtəlif tədbirlər keçirilir.
Türkiyədə 30 Avqust Zəfər Bayramı həmçinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qazanılan qələbənin və Türkiyə Cümhuriyyətinin qurulmasına aparan mübarizənin simvolu kimi qeyd edilir.
Qeyd edək ki, Zəfər Bayramı Türkiyənin ən mühüm milli bayramlarından biridir.