Modern.az

Təhlükəli tendensiyalar

Təhlükəli tendensiyalar

Ölkə

11 Mart 2014, 11:55

Bu gün dünyada  konfliktlərin həllində  nəinki yumşalmalar hiss olunmur, əksinə təhlükəli tendensiyalar  getdikcə daha da artmaqdadır.  Bunu son dövrlər Krıma Rusiya tərəfdən edilən hərbi müdaxilələr bir daha sübut edir.  Əslində bu müdaxilə  yalnız  Ukraynanın  ətrazi bütövlüyünə qarşı yönələn təcavüz deyil. Bu daha çox keçmiş sovet respublikalarına və ümumilikdə dünyaya nümayiş etdirilən hegemon mesajdır.

Tarixən türk torpaqları olan Krımın  başı hər zaman bəlalı olub.  Məlum faktdır  ki, 1783-cü ildə Rusiya  Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Həmin tarixdən başlayaraq  minlələrlə Krım türkləri  yarımadanı tərk edib Türkiyəyə üz tutur.  O dövrdən başlayaraq  bu torpaqların  əsl sakinləri  Krımda etnik çoxluqdan etnik azlığa çevrilib. Krım türklərinin növbəti deportasiyası  II dünya müharibəsi illərinə təsadüf edir.  

Lakin bu gün  tarixi  araşdırmaq məqamı deyil.  BMT-nin  və ümumilikdə dünyanın qəbul edib tanıya biləcəyi Krım Muxtar Vilayəti Ukraynanın ərazisi kimi qəbul edilib. Suveren bir dövlətin  ərazisinə hərbi müdaxilə  və sərhədlərin dəyişdirilməsi cəhdi normal məntiqlə qəbul olunan hal deyil.

Rusiya  bu addımı ilə tək Ukraynanı cəzalandırmaq fikrində olmaması aydın şəkildə hiss olunur.  Bu həm də  imperiya iddialarından  əl çəkməmək fikrini bir daha təsdiqləmiş oldu.  Azərbaycanın işğal olunan Dağlıq Qarabağ ərazisində erməni separatçılarına, Gürcüstanda, Moldovada və daha haralarda hansısa separatçılara dəstək vermək heç bir dövlətə başucalığı gətırməz. Bu addımların heç birinin hüquqi anlamı, məntiqi əsası yoxdur.  

Bəs, belə təhlükəli  tendensiyaları  kim  dayandırmalıdır? BMT və ATƏT kimi dişsiz qurumlar?  Onu  da etiraf etmək lazımdır ki, BMT-nin əgər yumşaq ifadə etsək bu qədər  zəif duruma düşməsinin səbəblərindən biri ABŞ-dır.  Həmin BMT-nin   Fələstin məsələsi ilə bağlı  300-dən atrıq qətnaməsi,  Azərbaycanın  ərazi bütövlüyünün  təmin edilməsi ilə bağlı  5 qətnaməsi  qəbul edilib.  Bu qənamələrin bu vaxta qədər heç biri yerinə yetirilməyib. Ancaq bir neçə il öncə  Liviya və həmin ölkənin keçmiş rəhbəri  Qəddafi ilə bağlı   BMT  TŞ-da qəbul edilən  qərarlar mürəkkəbi qurumamış icra olundu.

 Görün, bu qurum hansı vəziyyətdədir. Deməli, indiki şəraitdə  Krım böhranının  aradan qaldırılmasında dişsiz  beynəlxalq təşkilatlardan nə isə gözləmək mənasızdır. ABŞ-ın və  Avropa dövlətlərinin iqtisadi-siyasi təzyiq mexanizmlərinin  hansı effekt verəcəyini zaman göstərəcək. Baxmayaraq ki, Krım məsələsi yenicə başlayan zaman politoloq Vəfa  Quluzadə  deyirdi  Rusiya tezliklə çökəcək.

 Bu gün dünyada antirusiya əhval ruhiyyəsi güclənsədə, Rusiya  iqtisadi sahədə itkilər versədə,  ancaq bu ölkə könüllü olaraq imperiya iddialarından  geri çəkilənə oxşamır. Əslində ərazi bütövlüyü üçün təhlükə yaranan,  separatizmlə üzləşən dövlətlər  Rusiyadan hər zaman təhlükənin gəldiyinin fərqindədirlər. ABŞ-ın Moskvaya xəbərdarlığına baxmayaraq Rusiya qüvvələri Krımda gərginliyi artırmaqdadır. Birləşmiş Ştatların xəbərdarlığında deyilirdi ki, Moskva regionu ilhaq etsə, diplomatiya üçün qapılar bağlanacaq.

Onu da ehtimal etmək olar ki,  bu gün  Krım böhranın necə həll olunması MDB məkanında bir sıra münaqişə ocaqlarının həllinə yol aça bilər. Ən təhlükəlisi odur ki, Rusiyaya edilən təzyiq mexanizmləri heç bir effekt vermədiyi halda  bütün  münaqişə ocaqlarının genişləşnməsinə, separatçı qüvvələrin daha da  Rusiya tərəfdən həvəsləndirilməsinə stimul verilə bilər. 

Ona görə erməni təcavüzündən əziyyət çəkən Azərbaycan tərəfi, Azərbaycan vətəndaşları  bütün gözlənilməyən vəziyyətlərə hazır olaraq, yeri məqamı gələndə adekvat  cavab verməlidirlər. İndiki  informasiya müharibəsi şəraitində ən azından  dünyaya  Azərbaycanın haqlı mövqeyini çatdırmaq baxımından  daha innovativ təşəbbüslər artırılmalıdır.  Onu demək  çətindir, bəlkə Krım böhranın çozülməsi bir çox münaqişələrin  daha ədalətli həllində optimal varianta,  normal çıxış yoluna  çevrilə bilər. 

Digər tərəfdən Krım türklərinin və ümumilikdə türk dünyasının  ən ciddi  problemlərindən biri  bu xalqlar arasında əlaqələrin arzuolunan səviyyədə olmamasıdır. Bu  gün Krım türklərinin problemi və yaxud Qarabağın işğal faktı  fil qulağında yatan Mərkəzi Asiya respublikalarının, həmçinin Rusiyanın ərazisində mövcud olan türk dilli muxtar vilayətlərin əhalisini çətinki  narahat etsin. Həmin etinasızlıq sindromunun səbəbləri  kifayət qədərdir. Bunlardan biridə  türk dilli xalqlar arasında inteqrasiyanın lazımı şəkildə olmamasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı