“Nobel almaq istəyən Əkrəm Əylisliləri görəndə elmə marağım azalır”

"Azərbaycanda balıqçılıq sahəsində bir neçə güclü mütəxəssis varsa, onlardan biri mənəm"
Modern.az saytı “Siyasilərin elmi fəaliyyəti” layihəsindən ikinci yazını sizlərə təqdim edir. Layihənin budəfəki qəhrəmanı Müasir Müsavat Partiyasının sədri, prezident seçkiləri dönəminin məşhur siması Hafiz Hacıyevdir.
H.Hacıyev 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsinə daxil olub, 1979-cu ildə həmin ali məktəbi bitirib. 1988-ci ildən biologiya elmləri namizədidir. Qeyd edək ki, Hafiz Hacıyev o vaxtkı Leninqrad şəhərində namizədlik dissertasiyasını müdafiə edib. Daha sonra biologiya elmlər namizədi olan Hacıyev o illəri bu cür xatırlayır:
“Gəncliyimdə rayon komsomol komitəsinin birinci katibi olmuşam. Həmin ərəfədə də elmə çox yüksək qiymət verilirdi. Elm adamı da titulları adları öz biliyi ilə qazanırdı. İndiki kimi yox! İndi hərə aparıb 5000 manat verəndə “doktoriski”ni ala bilir. O vaxt Leninqrad şəhərində biologiya sahəsi üzrə təhsil alırdım. Konkret ixtisasım isə balıqçılıq təsərrüfatı idi. Biologiya elmlər namizədi olsam da, dissertasiya işim sırf balıqçılıqla bağlı olub. Mövzum “Daxili sularda, vətəgələrdə balıqçılığın yetişdirilməsi və artırılması “ idi. Bu işi müdafiə edib elmlər namizədi oldum”.
H.Hacıyev deyir ki, namizədlik dissertasiyasını müdafiə edib bitirəndə artıq 1988-ci il idi. Bildiyimiz kimi də o ildən etibarən siyasi meydanda gərginlik birə beş artıb. H.Hacıyev də birmənalı olaraq siyasət və ictimai-idarəetmə istiqamətində çalışmağa başlayıb. Buna baxmayaraq doktorluq işini də müdafiə etmək imkanı olub. Amma bunu özü istəməyib. Səbəbini isə səbəbkar özü bu cür əsaslandırır:
“Daha sonra doktorluq işini də müdafiə edə bilərdim. Akademiyadan akademik Telman müəllim məni ora dəvət etdi. Müdafiə etmək imkanım da var idi. Gördüm ki, hərə gedib pul verib professor, elmlər doktoru olur. Həvəsdən düşdüm. Ona görə də bu işdən vaz keçdim. Bu kimi hallar mənim elmlər doktoru olmaq həvəsindən saldı”.
Hafiz Hacıyev qeyd edir ki, elmin arxasıyca getməsə də, ondan heç vaxt uzaqlaşmayıb. Belə ki, istehsalatda və rəhbərlik etdiyi balıqçılıq sahəsində elmi bacarığını tətbiq etməklə yüksək nailiyyətlər əldə edib:
“Amma yenə öz sahəmi çox gözəl bilirəm. Azərbaycanda balıqçılıq sahəsində bir neçə güclü mütəxəssis varsa, onlardan biri də mənəm. Elə ona görə də adımı “Balıq Hafiz” qoyublar. Balıqçılıq sənayesində rəhbər işlədiyim müddətdə Azərbaycan tarixində ilk dəfə 55 ton qara kürü istehsal olundu. O cümlədən qonşu Türkiyəyə 650 ton balıq ixrac etdik. İşlədiyim müddətdə xeyli sayda uğurlarım olub. Kürətrafı ərazilərdə minlərlə ton müxtəlif növ balıq yetişdirirdik. Bunları bu gün də etmək mümkündür. Amma nədənsə bu gün bunu etmirlər. Mən bu sahəni çox sevirdim, indi də ona marağım var. Doktorluq, professorluq o qədər də önəmli məsələ deyil. Mənim bildiklərim elə doktorluğa da layiqdir, professorluğa da. Sadə insanam və sadə bir həyat tərzi keçirirəm. Amma adlarını yaza bilməyənləri, Azərbaycanın torpaqlarını satmaqla Nobel almaq istəyən Əkrəm Əylisliləri görəndə elmə marağım azalır“.
İxtisası üzrə elmi praktikasını bir sıra sənaye obyektlərində tövsiyə materialına çevirsə də, H.Hacıyevin heç zaman ali məktəbdə dərs demək imkanı olmayıb. Bunu vaxtın azlığı və daha çox praktik fəaliyyətə marağın çoxluğu ilə əsaslandırır.
“Mənim o zamanlar ümumiyyətlə vaxtım olmayıb. Komsomol işindən aralanandan sonra Bakıda böyük vəzifələrdə işlədim. Kənd Təsərrüfatı Nazirliyində balıq sektoruna rəhbərlik etmişəm. Daha sonra Ayaz Mütəllimovun vaxtında bu ayrıca bir qurum oldu. Mən də o qurumun, yəni “Azərbalıq” Dövlət Konserninin rəhbəri oldum. Çox uğurlu bir müəssisə oldu. Onun tərkibində Balıqçılıq İnstitutu və texnikumu var idi. Hamısına özüm rəhbərlik edirdim. Apardığımız təcrübələr də öz müsbət təsirini göstərirdi. Çox gözəl nailiyyətlər əldə etdik. Azərbaycana milyonlar gətirirdik. Milli Bankda bunun hesabatı durur. Elmi tədqiqat institutunda mənim tövsiyələrim əsasında müəyyən layihələr hazırlanırdı. Tövsiyələrim balıqçılığın inkişafına müəyyən töhfələr verib. İxtisasımı istehsalatda tətbiq eləmişəm və o da öz nəticəsini verib. Salyanda dünya miqyasında görünməmiş kəmiyyətdə balıq yetişdirirdik. Bu mənim elmi işim sayəsində baş verib. Leninqradda aldığım təhsilin sayəsində bunları tətbiq edə bildim“.
Elmin Nuri