Modern.az

Laçınsız ölənlər

Laçınsız ölənlər

Ölkə

18 May 2014, 11:00

Bizim rayonda belə bir söz vardı “Filankəs Laçın kimi oğlandı, boy-buxun yaraşıq”.  Biz Ağdamda yaşayırdıq, amma qüsursuz gözəlliyə sahib olanı Laçına bənzədirdik. Görəsən indi bizim Laçınla eyni dərdi daşıyan  rayonumuzda bu misal qalıbmı? İndi birinə Laçın kimi oğlan deyə bilərikmi? Darmadağın olmuş, düşmən oylağına çevrilmiş Laçına kim bənzəmək istəyər?

..Laçının vüqarlı dağlarının əyilmiş qamətinə yas tutmağa davam edək. Allah dərdi çəkənə verər. Biz dərdi çəkməyi bacaran, 1 gün gözü yaşlı, o biri gün qol qaldırıb oynamağı bacarırıq.  İllər keçir, heç nə dəyişmir.  Yenə Şəhidlər xiyabanına gediləcək,  el-oba toplaşıb uzun illər bir-birini görməyən insanalar görüşəcək. Söhbətlərdə eyni olacaq.  Eyni suallar, eynu cavablar. Yurdsuz qalan insanlar xatirələrini bölüşəcək, illərlə əziyyət çəkib qurduğu evlərindən danışacaq, torpağından, daşından, dəlisindən, ağıllısından danışacaq, kövrələcək, bir ah çəkib dağılışacaq. Amma bu təxmində belə bir söhbət də olacaq.

-          Qardaş Əjdər (ad şərtidir) əmi nətərdi?

-          Boy xəbərin yoxdu, Əjdər əmi 3 ay əvvəl rəhmətlik oldu. Yazıq kişi Laçın deyə-deyə getdi.

-          Eh... Belə görürəm biz də elə onun kimi gedəciyik.

-          Allah göstərməsin.

-          Ağır dərddi, əvvəllər hər kəndin öz məzarlığı olardı, indi ölülərimiz də didərgin düşüb. Amma torpağı əmanət qoyduq. Bəlkə bir gün Laçını alarıq.

-          Eh....

-          Eh...

Belə bir dialoqdan sonra kiprikləri sulanmış iki yurdsuz insan ya sığındıqları yataqxanaya, ya da onlar üçün salınmış yeni Laçın məhəlləsinə gedəcək. Düz bir il bu kövrək dialoq olmayacaq. Ondan sonra həyat davam edəcək. İnsanlar gündəlik qayğılarının dərdinə düşəcək. Laçını içlərində hər zaman ansalar belə, qayğılar onları Laçın  kafesinə  işləməyə götürəcək...

...Laçında doğulub yaşlanan atalar  bu dünyayı tərk edəcək, Laçında doğulub Bakıda böyüyən köçkünlük adını üzərlərindən ata bilməyən övladlar yaşlanacaq, Bakıda doğulan laçınlı uşaqlar Laçını anmayacaq. Laçının vüqarlı daglarının əyilmiş beli bir gün onu qaldıracaqlarına ümid edəcək...

Mənim laçınlı analarım, qardaşlarım mən sizin hansı hisləri yaşadığınızı anlayıram. Çünkü mənim də ölənlərim torpağa əmanətdi. Çünkü mən də yurduzam...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı