Xəzər dənizinin səviyyəsi enməkdə davam edir.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasından məlumat verilib.
Belə ki, 2026-cı ilin aprel ayında Rusiya Elmlər Akademiyasının P.P. Şirşov adına Okeanologiya İnstitutunun və Həştərxan Biosfer Qoruğunun iştirakı ilə Xəzər Hərbi Donanmasının Hidroqrafiya Xidmətinin gəmilərində “Yeni Delta 2026” adlı kompleks elmi-coğrafi ekspedisiya təşkil olunub. Tədqiqatlar Volqa-Xəzər gəmiçilik kanalının akvatoriyasında və Xəzər dənizinin şimal hissəsində aparılıb.
Geomorfoloji müşahidələr zamanı dənizin sahil xəttində baş verən dəyişikliklərlə bağlı operativ məlumatlar əldə edilib. Mövcud və yeni formalaşan adalarda sahil xəttinin genişləndiyi müəyyən olunub. Məsələn, Xəzərin Rusiya hissəsindəki Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb. Buna səbəb Xəzərin səviyyəsinin enməsi və adanın şərq, qərb və cənub hissələrində yeni dayaz sahələrin yaranmasıdır.
Tədqiqat zamanı Tbilisi bankının yerində formalaşan adanın da sürətlə genişləndiyi qeydə alınıb. Bildirilib ki, həmin adanın sahəsi ötən illə müqayisədə üç dəfə böyüyüb.
Şimali Xəzərdə su axınlarının sürəti və istiqamətinin müəyyənləşdirilməsi üçün hidro-fiziki ölçmələr aparılıb. Yan müşahidəli hidrolokatorlar və çoxşüalı exolot vasitəsilə dəniz dibinin landşaftı öyrənilib. Akustik Doppler axınölçən cihazların qeydləri su kütlələrinin cənub-qərb - şimal-şərq istiqamətində irəli-geriyə hərəkət etdiyini göstərib. Alimlər bunu dənizin şimal hissəsinə daxil olan çay sularının yenidən paylanması və yaz mövsümündə formalaşan sinoptik şəraitlə əlaqələndiriblər.
Ekspedisiya çərçivəsində laborator analizlər üçün hidro-kimyəvi göstəricilərin müəyyənləşdirilməsi məqsədilə nümunələr də götürülüb. Aparılan kompleks tədqiqatların nəticəsinə görə Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsi tendensiyası bir daha təsdiqlənib.