fəlsəfə doktoru, dosent
AMEA-nın girişindəki nəzarətçilər fəlsəfə doktorlarından çox alırlar
İndi isə çağdaş Azərbaycan elmində (AMEA və AAK sistemində) baş verən «yeniliklər»dən bir neçəsinə diqqət yetirək.
Azərbaycan elminin əsas «yeniliklər»indən biri odur ki, AMEA sistemində çalışanlar gərək ailəsini saxlaya biləcək qədər maaş tələb etməsinlər. Əgər bunu tələb etsəniz, onda belə bir cavab alarsınız ki, bura akademiyadır, elm ocağıdır, yəni burada insan kimi yaşamaq üçün zəruri olan maaşın alimə verilməsindən danışmaq, tələb etmək olmaz. Ona görə də, bu barədə söz açanlara verilən cavab budur ki, kim insan kimi yaşamaq üçün zəruri olan maaş almaq istəyirsə, gedib başqa yerdə çalışsın.
Qeyd edək ki, AMEA institutlarında aşağı-yuxarı elmi dərəcəsi olmayanlar 150-200, fəlsəfə doktorları 250-300, elmlər doktorları 300-350, şöbə müdirləri 400-450, direktor müavinləri, direktor 500-600 manat arasında maaş alırlar... Müqayisəsi doğru olmasa da nəzərnizə çatdıraq ki, AMEA-nın girişindəki nəzarətçilər fəlsəfə doktorlarından çox alırlar.... Bu anlamda gənclərin AMEA-ya yalnız elmi ad və elmi dərəcə əldə etmək üçün üz tutmaları təbiidir. Çünki burada işləyənlərin 95 faizi heş vaxt şöbə müdiri, direktor müavini, direktor olmayacaqlar. Deməli, AMEA və AAK gənclər üçün perspektivli iş yeri və karyera deyildir...
Yeri gəlmişkən, bu il AMEA əməkdaşlarının iş rejimi ilə bağlı bəzi addımlar atılmış, keçid-kontrol mərkəzi yaradılmışdır. Bildiyimiz qədər məqsəd o olmalı idi ki, AMEA əməkdaşları gündəlik 8 saatlıq iş rejimindən kənara çıxmasınlar. Bununla da guya, elmin keyfiyyəti artmalı idi. Məncə, AMEA rəhbərliyinin bu son “yeniliyi” keyfiyyəti artirmaqdan daha çox, elmə az-çox xidmət edən 15-20 faiz (bəlkə də bundan da az) əməkdaşların da buradan uzaqlaşmasına gətirib çıxaracaqdır və çıxarır da. Çünki onlar elmə xidmət naminə əsas iş yeri hesab etdikləri AMEA da çalışmaqla yanaşı, məcburən bir neçə yerdə pedaqoji fəaliyyət də göstərirlər. Sözdə elmi keyfiyyətin qalxmasına hesablanmış keçid-kontrollu ciddi iş rejimi isə əslində o deməkdir ki, alimin hansı məhsulu verməsi önəmli deyil, 8 saatın tamamını AMEA da olması vacibdir. Bu baxımdan görünən odur ki, iş rejimini sərtləşdirməklə elmin keyfiyyətini qaldırmaq istəyənlər üçün, sözün həqiqi mənasında elmə xidmət edənlərin itirilməsi də önəmli deyildir.
Azərbaycan elmindəki digər «yeniliklər»dən biri isə odur ki, əksər hallarda elmi məqalələr və kitablar alimlərin öz hesabına nəşr olunur. Xüsusilə, dissertasiya müdafiə edib elmi dərəcə almaq istəyənlər buna məcburdurlar. Doğrudur, bəzi institutlar insafən müəllif kitabı çap edirlər. Amma birincisi, bu kitabların 100 nüsxə çapı onun əhəmiyyətini və elmi dövriyyəsini minumuma endirir, ikincisi onun fiziki keyfiyyəti çox aşağıdır. Bu baxımdan son zamanlar bəzi institutlarda bir müəllif üçün 100 nüsxənin nəşrinin də dayandırılması əslində faciə deyildir.
Halbuki dünyanın əksər əlkələrində elmi kitabı və elmi məqaləsi çap olunanlar nəinki ciblərindən pul ödəyirlər, üstəlik bu uğurlarına görə onlara mükafat və qonorar verirlər. Üstəlik, tirajına və keyfiyyətinə də söz ola bilməz.
Hazırda ən vacib «yeniliklər»dən biri isə elmi dərəcə (fəlsəfə doktoru və elmləri doktoru) almaq istəyənlərdən xaricdə məqalələrin nəşr olunması, xarici konfranslarda iştirak tələbidir. Fikrimizcə, bu məsələ, Azərbaycan elmində «yeniliy»in ən pik həddidir. Yəni artıq biz az-maz qazandığımız maaşımızı ailəmizi saxlamaqla kifayətlənməməli, üstəlik bu az maaşdan hətta xarici ölkələrin jurnallarına da «yardım» etməliyik. Üstəlik, xarici konfranslarda iştirak etməklə də elmi dərəcəyə layiq olduğumuzu özümüzə, daha doğrusu AAK-ın və AMEA-nın rəhbərliyinə sübut etməliyik.
Qeyd edək ki, AAK-ın qərarı ilə fəlsəfə doktoru və elmləri doktoru dərəcəsi almaq istəyənlər üçün xaricdə məqalələr nəşr etdirmək, xarici konfranslara qatılmaq məcburidir. Bu isə o deməkdir ki, xaricdə məqalə nəşr etdirmək rəsmi şəkildə «yenilik»dir. Ən maraqlısı isə odur ki, əgər siz minumum 300-400 dollar ödəyib xaricdə bir məqalə nəşr etdirsəniz, institut rəhbərliyi bunu qiymətləndirib nə vaxtsa sizə 5-10 manat mükafat da yaza bilər!!! Amma o da, nadir hallarda...
Hər halda heç bir məntiqə uyğun deyildir ki, elmi dərəcə almaq istəyən bir iddiaçı öz hesabına xaricdə məqalə çap etdirir və buna layiq olduğunu isbatlamış olur. Deməli, elmi yeniliyi olub, amma xaricdə nəşr etdirməyə pulu olmayan iddiaçı isə bu anlamda iddia etdiyi elmi dərəcəyə layiq deyildir.
Bunu xarici konfranslarda iştirak məsələsinə də aid etmək olar. Birmənalı şəkildə hər hansı elmi dərəcəyə (fəlsəfə doktoru, elmlər doktoru) iddialı şəxs aldığı təqaüd və maaşla xaricdə keçirilən konfranslarda iştirak etmək maddi imkanına sahib deyildir. Bu konfranslara qatılmaq üçün kənar maddi dəstəyə mütləq ehtiyac var ki, bu anlamda şəxsən mən bu günə qədər iştirak etdiyim 3 xarici konfransa görə əsasən, pedaqoji fəaliyyət göstərdiyim universitetlərdən birinin rəhbərliyinə borcluyam. Halbuki birincisi, mən AMEA sistemində zəruri səviyyədə maaş almaliyam ki, xarici konfranslarda öz hesabıma iştirak edim, bu anlamda mənə kanardan maddi dəstək verənlərə özümü borclu hesab etməyim. İkincisi, bu mümkün deyilsə, o zaman çox cüzi miqdarda tələb olunan bu maddi dəstəyi AMEA özü ödəməlidir. Amma xarici ezamiyyətlər üçün institutlara ayrılan maliyyə o qədər azdır ki (hər halda mənə belə deyirlər), o da bir neçə elmi işçinin ezamiyyətinə ancaq çatır. Bunun üçün isə gərək ilin əvvəlində müraciət edəsən və s.

Əlbəttə, belə bir şəraitdə Azərbaycan elminin inkişafından yalnız sözdə danışmaq olar..
Azərbaycan elmində başqa bir «yenilik» isə vaxtilə dövlət orqanlarında çalışan yüksək çinli sabiq məmurların AMEA-nın institutlarına axın etmələridir. Artıq demək olar ki, bu dəb şəklini almışdır. Belə ki, vaxtilə yüksək vəzifələrdə çalışan, yaxud çalışmaqda olan bir çox məmurlar, millət vəkilləri ya gəlib burada elmi dərəcələr alırlar, ya da institutlarda müxtəlif vəzifələr (direktor, direktor müavini, şöbə müdiri və s.) tuturlar. Bir sözlə, əsas elmi bilik və alimlik keyfiyyətləri deyil, “əsas” keçmiş vəzifəlilik, pululuq, ya da kiminsə adamı olmaqdır.
Azərbaycan elminin «yeniliklər»indən biri də, bəzi dissertasiyaların və kitabların mahiyyəti və məzmunu ilə bağlıdır. Çox təəssüflər olsun ki, bugünkü dissertasiyalar və kitabların heç də az olmayan qismi bir-birinin təkrarı, ümumi söz yığınağıdır. Bunu üçün, son 10-15 ildə AAK-a göndərilmiş bəzi dissertasiyaları və ölkədə nəşr olunmuş kitabları oxumaq kifayətdir. Hətta iş o yerə gəlib çatmışdır ki, bur neçə dəfə dövlət rəhbərliyi səviyyəsində bu məsələ qaldırılmış, qanuna zidd əməllərinə görə AMEA və AAK sistemindəki bəzi şəxslər işlərindən kənarlaşdırılmışlar. Ancaq bu məsələnin köklü həlli baxımından yetərli olmamışdır.
Əsas “yeniliklər”dən biri də akademik və müxbir üzv olmaqla bağlıdır. Bir çox alimlərimiz var ki, bu adlar ugrunda mübarizə aparmaqdan yorulmurlar. Yəni dəfələrlə namizədliklərinin irəli sürürlər ki, müxbir üzv, ya da akademik olsunlar. Məncə, onlar biliklərinin elmə, elmi yeniliklərə sərf etmiş olsaydılar, Azərbaycan elmi daha çox qazanmış olardı. Amma bu elmi ad uğrunda mübarizə onları nəinki elmdən uzaqlaşdırır, bəzən də saglamlıqlarını qurban vermək həddinə də çatdırır.
Əlbəttə Azərbaycan elmindəki «yeniliklər» bununla bitmir. Ona görə də, bu mövzuya yenidən qayıdcağıq.