Modern.az

Keçid ballarının biabırçı həddi: 150 bal="2"

Keçid ballarının biabırçı həddi: 150 bal="2"

Ölkə

16 İyul 2014, 00:30

Artıq ikinci ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məcburiyyətdən keçid ballarını biabırçı həddədək aşağı salır. İllərdir davam edən bu tendensiya bu gün açıqlanan nəticələrin timsalında bir daha özünü biruzə verdi. Geridə qalan 2013/2014 tədris ilində ixtisas qruplarının üçündə keçid balı 150-dək endirilmişdi.
I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanlarının iyulun 15-də açıqlanan nəticələrindən sonra isə hər iki qrupda abituriyentlərin nəticələrinin qeyri-qənaətbəxş olduğu üzə çıxdı. Keçid balları demək olar, yarıbayarı azaldıldı.

Həftəsonu baş tutacaq II və III ixtisas qruplarının nəticələrinin də belə olacağı gözləniləndir. I ixtisas qrupu üzrə plan yerlərinin həddən artıq olması ucbatından bu ixtisas qrupunda balların əvvəlcədən müəyyən edilmiş həddən aşağı salınması artıq ənənəvi hal alıb. 2012/2013 tədris ilinədək 200-dək endirilən minimal keçid balı, iki il əvvəl 150 bal həddində müəyyən edildi.

Keçən ilki qəbul imtahanlarında ən böyük səs-küy IV ixtisas qrupu ətrafında yaranmışdı. Daim yüksək nəticələri ilə seçilən və indiyədək bir dəfə də olsun müəyyən edilmiş ilkin həddən aşağı salınmayan bu ixtisas qrupunda keçid balları gözlənilmədən 150-dək endirilmişdi. Bu nəticənin keçici olacağı gözlənilsə də, analoji hal bu il də təkrarlandı. Ən az plan yeri nəzərdə tutulmuş bu ixtisas qrupunda bu qədər uğursuz nəticələrin qeydə alınması birmənalı savadsızlıq göstəricisidir.

Nəzərə alsaq ki, ölkə səhiyyəsinin gələcəyi hesab olunan Azərbaycan Tibb Universitetinin tələbələri məhz bu ixtisas qrupu üzrə imtahan verir, bu hal onsuz da heç bir perspektiv vəd etməyən Azərbaycan səhiyyə sisteminin gələcəyi adına həyəcan siqnalıdır.


150 balı Sovet təhsil sistemindəki qiymətləndirmə ilə uyğunlaşdırsaq, bu nəticə heç "2" qiymətinə də müvafiq deyil. Belə olan halda isə imtahanların keçirilməsinin əhəmiyyəti formaldır. Əgər tərtib edilmiş sualların cəmi 22 faizinə cavab verən abituriyent tələbə adını qazanırsa, abituriyentlərə təcili yardıma ehtiyac duyacaq qədər həyəcan yaşatmaq daha nəyə lazımdır...

Məlum məsələdir ki, Azərbaycan təhsil sistemindəki çatışmazlıqlar saya, sayı isə ifadəyə gəlməzdi. Məktəbəqədər təlim və tərbiyə işlərindən tutmuş, ali təhsil müəssisələrinədək tədris prosesinin bütün mərhələrində neqativlər bəhs olunması artıq hesab olunan duruma gəlib. Sonrakı, kadrların işlə təmin olunma mərhələsindən isə danışmaq ümumiyyətlə qanqaraldıcıdır.

Yuxarıda haqqında bəhs etdiyim I ixtisas qrupunda ali məktəblərdə 10 minədək plan yeri ayrılıb ki, bu ixtisasların çoxsu bir-birindən o qədər də fərqlənməyən oxşar profilli mühəndsilik ixtisaslarıdır. Zavod və fabrik sarıdan kasad olan bir ölkədə Elektroenergetika, Cihazqayırma, Texnoloji maşın və avadanlıqlar, Materialşünaslıq, Mexatronika və Robotexnika mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi kimi ixtisaslarda yüzlərlə qəbul planının olması yalnız ali təhsilli fəhlələrin sayını artırmış olur.

Bütün bunların nəticəsidir ki, ali təhsil müəssisələrinin məzunları arasında tələbəlik dövrünün vaxt itkisi olması fikri formalaşıb. Məzunların böyük qismi iş tapmaqda çətinlik çəkir.

Sözüm sizədir, hörmətli aidiyyatı orqan səlahiyyətliləri, üzərinizə düşən işə səthi yanaşmaqdan vaz keçin, özünüzü bir az "əziyyətə" salın, yeniyetmə və gəncləri təhsilə, təhsilin verdiyi səadətə

inandırın. Bir yazar dostumun təbirincə desək, vaxt gələcək nəvə-nəticələrimiz arxeoloji axtarışlar zamanı belə bir daş kitabəyə rast gələcək; "Avarayıq.biz"! Bu daş kitabə də birbaşa dövrümüzün ictimai mənzərəsini xarakterizə edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı