st1:*{behavior:url(#ieooui) }
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin tərkib hissələrindən biri də ekoloji təcavüzdür. Müxtəlif vasitələtlə əldə olunmuş faktlar göstərir ki, düşmən işğal etdiyi ərazilərimizdə çayları, gölləri çirkləndirir, meşələri qırır, heyvanları öldürür, dövlət təbiət abidələrini dağıdır, yeraltı sərvətlərimizi talan edirlər. Bu isə təbii komplekslər arasında olan ən mühüm bioloji əlaqələrin pozulması ilə nəticələnib. Ermənilər gec-tez Azərbaycan torpaqlarından çıxarılacaqlarını yaxşı bildiklərindən təbii sərvətlərimizdən mümkün qədər çox gəlir əldə etməyə, varlanmağa çalışırlar.
İşğal altında olan ərazilərin ekoloji vəziyyətinin müqayisəli təhlili göstərir ki, torpaqlarımızda amansız ekoloji terror sürətlə davam etdirilir. Bunu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in məlumatları bir daha təsdiq edir. Bu mərkəz mütəmadi olaraq, işğal olunmuş ərazilərdəki təbiət abidələri, meşələr, su resursları və digər sərvətlərlə bağlı araşdırmalar həyata keçirir. Araşdırmalar göstərir ki, yeraltı və yerüstü təbii sərvətlərimizin talan edilməsi nəticəsində ölkəmizə vurulan zərərin miqdarı günbəgün artmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində 247 min 352 hektar meşə sahələri qalıb ki, bu, Ermənistanın bütün meşələrininin 55%-dən çoxdur. Amma işğal olunmuş ərazilərimizlə bağlı müşahidələr aparan operativ mərkəzin məlumatlarına görə, erməni tərəfinin əməlləri nəticəsində sözügedən bölgədəki meşələrə aid göstərilən rəqəm bir neçə dəfə azalıb.
İşğal olunmuş ərazilərimizdə kəsilən ağaclar ermənilər tərəfindən təkcə yanacaq kimi istifadə olunmur. Ermənilər qırdıqları ağacları mebel istehsalında xammal kimi istifadə üçün xarici ölkələrə ixrac edirlər. Nəticədə mebel sənayesi olmayan Ermənistan Azərbaycan ərazilərindəki meşələr hesabına dünyada özünü sənaye istehsalçısı kimi təqdim edir. “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in məlumatına görə, ermənilər işğal mebel sənayesində ən çox istifadə olunan qırmızı palıd, qoz ağaclarını demək olar ki, məhv ediblər. Çinar meşələrində isə hətta kötüklər belə çıxarılıb. İşğal olunmuş ərazilərimizdəki böyük əhəmiyyətə malik olan dövlət təbiət abidələrinin də əksəriyyəti erməni vəhşiliyinin qurbanı olub. Rəsmi məlumata görə, işğal olunmuş rayonlarda dövlət təbiət abidələri kimi 152 ədəd ağac növü, 13197,5 ha qiymətli meşə sahəsi, 5 ədəd geoloji obyekt vardı.
Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr vəhşicəsinə məhv edilib və müəyyən məqsədlər üçün istifadə olunur.
İşğal olunmuş ərazilərimiz həm də qiymətli faydalı qazıntı yataqları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirlib ki, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən, 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Aparılan tədqiqatların nəticələri göstərir ki, sadalanan faydalı qazıntı yataqları hazırda amansızlıqla istismar olunur. Təəsüf ki, bu işdə bəzi xarici şirkətlər də Ermənistana yardımçı olurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Möhübbət Qurbanovun sözlərinə görə, son illər işğal olunmuş ərazilərə xarici şirkətlər tərəfindən qoyulan investisiyaların həcmi 6 dəfə artıb. Təkcə 1999-2002-ci illər ərzində ermənilərin vasitəçiliyi ilə xarici şirkətlər tərəfindən işğal olunmuş ərazilərimizə qoyulmuş investisiyaların məbləği 85 milyon AZN-dən çox təşkil edir.
Azəbaycanın işgal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox çaylar və göllər, mineral bulaqlar da ekoloji terrora məruz qalmaqdadır.
Ölkəmizin ən mühüm su arteriyası olan Araz çayında suyun kimyəvi analizləri göstərir ki, son illər çirklənmə səviyyəsi mümkün normadan dəfələrlə artıb. Ermənilər Sərsəng su anbarı vasitəsilə də Azərbaycana qarşı özünəməxsus siyasəti davam etdirirlər. Sərsəng su anbarı Tərtər çayı üzərində 1976-ci ildə inşa edilib və onun ümumi su tutumu 560 milyon kub metrdir. Qarabağ hadisələrindən qabaq Tərtər çayının suyunun yığıldığı bu nəhəng su anbarından ayrılan kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcəbədi, Ağdam və Goranboy rayonlarının əkin sahələrinə su verilirdi. Ümumiyyətlə 79 min hektar əkin sahəsi Sərsəng su anbarı vasitəsi ilə suvarılırdı. Lakin, 10 ildən artıq müddətdir ki, Sərsəng su anbarı işğal altındadır, onun texniki qurğularına xidmət göstərilmir, su reciminə riayət olunmur. Su anbarı qəza vəziyyətində olduğu üçün su anbarından aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə Sərsəng su anbarı işğal altında olandan bəri illik su sərfinin 85-90%-ni su lazım olmayan vaxtlarda, xüsusi ilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15%-ni buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə, suvarmanın qeyri mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır.
Bu gün yuxarıda qeyd olunan 7 rayon Sərsəng su anbarının suyundan demək olar ki, istifadə edə bilmir. Ərazi iddiaları bəs deyilmiş kimi, ermənilər bir tərəfdən əraziyə gələn bütün çayları hədsiz dərəcədə çirkləndirir, digər tərəfdən isə imkan düşən kimi Azərbaycan ərazilərini tamamilə sudan məhrum etməkdən də çəkinmirlər.
Təqribi hesablamalara görə, son 18-20 il ərzində Sərsəng su anbarının qarşısının alınması ilə ölkəmizə 325 milyon manat məbləğində ziyan dəyib.
İşğal ərazisində qalmış Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Canlıgöl, Qaragöl və digər göllərin çirkləndirilməsinə dair rəsmi məlumatlar var.
İşğal altında olan Kəlbəcər rayonu ərazisindəki “İstisu” mineral suyu Ermənistanın «Cermuk» şirkətlər qrupu tərəfindən qablaşdırılaraq erməni məhsulu adı altında xarici bazarlara çıxarılıb. Kələbəzrdəki qızıl yatağı da ermənilər tərəfindən qanunsuz olaraq istismar olunmaqdadır.
Beynəlxalq normalara zidd olmasına baxmayaraq, ermənilər Şuşadakı tarixi abidələrdə və qəbirlərdə qazıntı işləri aparır, onları “erməniləşdirməyə çalışırlar. Təkcə Şuşada 190 hektarlıq qoruq zonasında 235 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları qalıb. Amma mənfur erməni siyasəti bu abidələrdən yan etməyib və onlar da dağıntıya məruz qalıblar.
Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçıları tərəfindən törədilən yanğınların vurduğu ziyanın da miqyası çox böyükdür. Ermənilərin törətdikləri yanğınlar nəticəsində hər il Azərbaycan təbiətinə 500 min manatdan çox ziyan dəyir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanın təbii sərvətlərinin dağıdılması və talan edilməsi nəticəsində ölkəmizə 23 milyard manatdan çox ziyan vurulub.
Ekoloji problemlərin hazırki dünyada qlobal mühümlüyünü nəzərə alsaq, onda beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyanın qarşısını almaq üçün öz sözlərini deməlidirlər. Amma beynəlxalq təşkilatlar daha çox susmağa üstünlük verir. Qeyd edək ki, hələ 2006-cı il sentyabrın 6-da BMT Baş Məclisinin 60-cı sessiyasında Azərbaycanın ərazilərindəki vəziyyət müzakirəyə çıxarılıb. Həmin sessiyada işğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın təbiətinə vurduğu ziyanla, yanğınların törədilməsi ilə bağlı ciddi narahatlıqlar diqqətə çatdırılıb. Daha sonra əraziyə ATƏT-in qiymətləndirmə missiyası göndərilib. Yaradılmış xüsusi komissiya yanğınların törədildiyi ərazilərdə olub və hesabat hazırlanaraq BMT-yə təqdim edilib. Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərlə bağlı həmin şirkətin təmsil olunduğu ölkələrin dövlət başçısına etiraz məktubları göndərib. Bütün bunlara rəğmən Azərbaycan ərazilərində ekoloji terror davam etdirlir, işğal altındakı torpaqlarımızda narkotik bitkilərin plantasiyaları beçərilir. Ətraf mühitə və inkişafa dair Rio-de-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.
Lakin, ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərin təbiətini viranə qoyurlar.
Ekologiya və təbii sərvətlət naziri Hüseynqulu Bağırov: “Çox təəssüf ki, bu məsələyə Avropa dövlətlərində ikili standartlarla yanaşırlar. Müəyyən səbəblərdən bir çox ölkələr, beynəlxalq təşkilatlar ermənipərəst mövqe tutublar. Bəzi dövlətlər Ermənistandan vasitə kimi istifadə edirlər. Problemi biz beynəlxalq təşkilatların böyük tədbirlərində və ikitərəfli görüşlərdə də qaldırırıq. Bizim vəzifəmizdir ki, bu yöndə işlərimizi ardıcıl olaraq davam etdirək. Çalışırıq ki, bu faktları daha geniş formada dünyada yayaq və Ermənistanın təcavüzünün təkcə Azərbaycan üçün deyil, regionumuz üçün böyük təhlükələr yaratdığını beynəlxalq aləmə çatdıraq”.
Təhminə Paşayeva