“Qabusnamə” kitabında Keykavus oğluna nəsihət edərkən yazır: kişidən 4 nişanə qalmalıdır, ev, kitab, xeyirli övlad və ağac. Bu nişanələr insanı tarixdə yaşadar, el içində başını uca edər.
Haqqında ürək sözlərimi bölüşmək istədiyim filoloq, şair, yazıçı, siyasətçi və diplomat titullarını doğruldan Hidayət Orucovdur. 40-a yaxın kitabın müəllifidir, əsərləri dünyanın 20 dilinə tərcümə edilib. Əmək fəaliyyətinəi isə İrəvanın Mehri rayonunun Maralzəminli məktəbində başlayıb.
Qəzet redaktorluğundan Azərbaycan Respublikası Prezidentinin millətlərarası müşaviri vəzifəsinə qədər yüksələndə artıq Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin etibarını qazanmışdı. Sonra Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə müşaviri oldu. Azərbaycan Respublikasının dini təhsil və milli azlıqlar məsələsi üzrə dövlət məsləhətçisi olanda da respublikamızda dini təlatümlər yox dərəcəsində idi. Vaxtında və çevik şəkildə təşkil etdiyi iş üslubu ilə bu incə məsələlərin öhdəsindən gələ bilirdi, dini cərəyanların Azərbaycana təhlükə yaratmasının qarşısını peşəkarcasına ala bildi.
2012-ci ildən etibarən Azərbaycan Respublikasının Qırğızstan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.
2010-cu ildə Astanada ATƏT-in milli məsələlər üzrə sessiyalarının birində Hidayət Orucov da çıxış edirdi. Birmənalı şəkildə ATƏT-in işçi qrupu və sədrinə dəyərli sübutlar və sənədlər təqdim etməklə, təşkilataın iclasında iştirak edən erməni nümayəndəsini mat vəziyyətində qoydu. O zaman ona verilən vaxtdan əlavə vaxt ərzində belə çıxışını dayandırmayıb, sözünü sona yetirən Hidayət Orucovu Azərbaycanın tərəfində olanlar alqışladılar.

Sonrakı görüşlərimiz isə tutduğum xidməti vəzifəm, yəni ki, AzTV-nin Mərkəzi Asiya respublikaları üzrə xüsusi müxbir psotunun rəhbəri kimi Hidayət müəllim Qırğızıstana səfir təyin olunandan sonra baş tutdu. Səfir təyin olunduğu az müddət ərzində parakəndə Azərbaycan diasporunun başını bir yerə yığa bilmişdi. Üzərinə düşən diplomat missiyasını layiqincə yerinə yetirirdi desəm, yanılmaram. Bilirsiniz ona niyə inamım yaranmışdı?! Çünki Hidayət müəllim Azərbaycan tarixini, ədəbiyyatını gözəl bilir. Nizamini, Nəsimini, Füzulini oxuyub. Azərbaycan muğamlarının rəngini duyur. Belə insanlar diplomat kimi xalqının sözünü deyə bilir, millətinin xaricdə yaşayan nümayəndələrini səfirlikdə açıq ürəklə qarşılaya bilirlər. Belə şəxsiyyətlər Vətən və onun vətəndaşları, soydaşları ilə nəfəs alırlar.
Azərbaycan tarixini, ədəbiyyatını, musiqisini bilməyən məmur-səfir missiyasını tam yerinə yetirə bilmir. Belə halların dəfələrlə şahidi olmuşam. Və belə qənaətə gəlmişəm ki, Mərkəzi Asiya Respublikalarında işlədiyim vaxt iş prinsiplərini müşahidə etdiyim Namiq Abbasov, Hidayət Oricov, Abbasəli Həsənov və Rəşad Məmmədov mayası Azərbaycan adlı sevgi ilə yoğrulmuş Vətən övladlarıdırlar.
Ötən ilin noyabr ayında dünyada ilk dəfə olaraq Hidayət Orucovun təşəbbüsü ilə Bişkek şəhərində 80 il əvvəl Azərbaycandan Mərkəzi Asiyaya sürgün olunan repressiya qurbanlarını və o qanlı tarixi yad etmək üçün “Oddan törənənlər” adlı Beynəlxalq konfrans keçirdi. Konfransda Mərkəzi Asiayadan , Türkiyədən, Rusiyadan olan repressiya qurbanlarının nəvə -nəticələri, tədqiqatçı alimlər, dövlət xadimləri və siyasətçilər iştirak edirdilər. 80 il sonra Azərbaycan adı ilə yada düşdüklərinə görə o şahidlərin hər birinin gözündə sevinc və kədər yaşları var idi. Mərkəzi Asiya Respublikalarında Azərbaycan adıyla keçirilən bu möhtəşəm konfransda acı tariximizin və bu günkü başımıza gətirilən hadisələrin bir daha elmi cəhətdən izahı əslində çox böyük uğur idi.
Qırğızstan Respublikasının prezidenti Almazbek Atambekovun 2012-ci ildə Bakıya rəsmi səfərindən sonra Azərbaycan prezidentinin razılığı əsasında Bişkekdə ümummilli lider Heydər Əliyevin adına park salınması qərara alındı. Bişkek şəhərinin ən gözəl yerlərindən birində 4,5 hektarlıq yer artıq bu məqsədlə tikinti işlərinin başlanğıcındadır. Parkda ağaclar əkiləcək. O ağaclar boy atandan sonra qırğızlar deyəcəklər ki, bura Azərbaycandan bizə hədiyyədir. Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov günü-gündən iqtisadi yüksəlişi artan Azərbaycanın resurslarından istifadə edilməsi ilə, Bişkekdə 1200 yerlik bir məktəb də inşa etdirmək fikrindədir. Bu isə yuxarıda Şərqin fəlsəfi fikir tarixindən biri olan “Qabusnamə” kitabından gətirdiyim fikrin təsdiqidir.
Türk dünyasının bir parçası olan Qırğızıstanda diplomat Hidayət Orucov yaşının bu vaxtında çox həvəslə, ürəklə işləyir. Can yanğısı ilə hər bir sənədi dəfələrlə nəzərdən keçirir, haqq səsimizin dünyaya çatması üçün öz təbliğatını əsirgəmir.
İki gün öncə Prezident İlham Əliyev 70 illik yubileyi münasibətiylə Hidayət Orucovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplom”u ilə təltif edib. Azərbaycan diplomatiyası tarixində və Azərbaycan diplomatına verilən ilk “Fəxri diplom”dur. Buna qədər isə Heydər Əliyevin silahdaşı olan Hidayət Orucov Azərbaycanın “Şöhrət” ordeni, Gürcüstan Respublikasının “Vicdan” ordeninə də layiq görülüb.
Azərbaycanın prezidenti İlham Əliyev Almazbek Atambayevlə Bakıda olan rəsmi görüşündə belə bir fikir işlətmişdi: “Mən belə hesab edirəm ki, Qırğızıstan prezidentinin Türk dünyasının birləşməsi yolunda etdiyi səylər bizim birliyimizi daha da artıracaq. Biz öz tərəfimizdən hər zaman Türk dünyasının birliyinin möhkəmlənməsi üçün real imkanlardan istifadə edirik”.
Bəli, həmin o Türk dünyasının birliyinin möhkəmlənməsi, bu birliyin səylərinin və imkanlarının artması üçün Azərbaycan prezidentinin Qırğızıstandakı elçisi Hidayət Orucov o etimadı doğurltmaqdadır. Yaşından asılı olmayaraq , Azərbaycan diplomatları bu xislətdə, bu xarakterdə Azərbaycana xidmət edərlərsə, Azərbaycanın dərdləri, bəlalaları başından tez keçər.
Hidayət müəllim! 70 yaşınız mübarək! Yaxşı ki, varsınız! Yaxşı ki, bu vətənin ağrı və dərdlərini öz içərinizdən keçirə bilirsiniz. Hətta qəlbinizdə o dərlərdən əriş-arxac qəm izləri qalsa da!!!



