Modern.az

Türk dünyasının iki qardaş dövləti arasında əməkdaşlıq daha da dərinləşir

Türk dünyasının iki qardaş dövləti arasında əməkdaşlıq daha da dərinləşir

Ölkə

Bu gün, 12:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin hazırkı səviyyəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən mesajlar Azərbaycan–Türkmənistan əlaqələrinin strateji xarakter daşıdığını və əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Tarixi, mədəni və mənəvi bağlar üzərində formalaşan Azərbaycan–Türkmənistan münasibətləri bu gün siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və humanitar əlaqələr sahəsində dinamik inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, münasibətlərimizin möhkəm təməli məhz ortaq tarixə, ortaq dəyərlərə və qardaşlıq münasibətlərinə söykənir. Bu amil iki ölkə arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın əsas dayağı kimi çıxış edir. Səfər zamanı diqqət çəkən məqamlardan biri Türkmənistanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq prosesinə verdiyi dəstəyin xüsusi qeyd olunması oldu.

Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması təkcə humanitar layihə deyil, həm də qardaşlığın və həmrəyliyin rəmzidir. Bu addım Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə aparılan yenidənqurma siyasətinə verdiyi dəstəyin konkret ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycan və Türkmənistan arasında humanitar-mədəni əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir. Son illərdə qarşılıqlı şəkildə keçirilən Mədəniyyət Günləri, yaradıcı kollektivlərin çıxışları və şəhərlər arasında qardaşlaşma təşəbbüsləri xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması dövlətlərarası münasibətlərin cəmiyyətlərarası əməkdaşlıqla tamamlandığını nümayiş etdirir.

Prezident cənab İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qismində qəbul olunmasında Türkmənistanın göstərdiyi dəstək oldu. Bu hadisə yalnız diplomatik uğur deyil, eyni zamanda yeni regional əməkdaşlıq modelinin formalaşmasının göstəricisidir. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, tarix, mədəniyyət, nəqliyyat-kommunikasiya əlaqələri və Türk dünyası çərçivəsində əməkdaşlıq baxımından regionun ayrılmaz hissəsinə çevrilib. Bu yanaşma Prezident İlham Əliyevin irəli sürdüyü “Böyük Mərkəzi Asiya” konsepsiyasının praktik müstəvidə daha da gücləndiyini göstərir. Səfərin mühüm nəticələrindən biri də nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalardır.

Qlobal geosiyasi proseslərin fonunda etibarlı və təhlükəsiz nəqliyyat dəhlizlərinin əhəmiyyəti sürətlə artır. Azərbaycan və Türkmənistan Xəzər hövzəsində yerləşən iki mühüm tranzit ölkə kimi Şərq-Qərb və Orta Dəhliz marşrutlarının inkişafında mühüm rol oynayırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi etimad olmadan nəqliyyat layihələrinin uğurlu icrası mümkün deyil. Məhz siyasi qarşılıqlı fəaliyyət nəticəsində iki ölkə arasında yükdaşımaların həcmi artır, regional və beynəlxalq logistika imkanları genişlənir. Enerji sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Zəngin enerji resurslarına malik olan Azərbaycan və Türkmənistan qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verən dövlətlər sırasındadır. Hər iki ölkənin enerji siyasəti regional sabitliyin və iqtisadi inkişafın təmin edilməsinə xidmət edir. Bu baxımdan enerji sektorunda qarşılıqlı fəaliyyətin genişləndirilməsi yalnız ikitərəfli maraqlara deyil, həm də daha geniş regional əməkdaşlıq perspektivlərinə cavab verir.

Səfər zamanı imzalanan sənədlər də münasibətlərin institusional əsaslarının daha da möhkəmləndirildiyini göstərir. Müxtəlif sahələri əhatə edən razılaşmalar iqtisadi, nəqliyyat, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın yeni mexanizmlər əsasında inkişaf etdirilməsinə şərait yaradır. Qarşıdakı dövrdə Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclası çərçivəsində bu razılaşmaların konkret layihələrə çevrilməsi gözlənilir. Prezident cənab İlham Əliyevin Türkmənistanın beynəlxalq arenadakı uğurlarına və neytrallıq siyasətinə verdiyi yüksək qiymət də iki ölkə arasında qarşılıqlı hörmət və dəstək münasibətlərinin göstəricisidir. Azərbaycan hər zaman Türkmənistanın beynəlxalq təşəbbüslərini dəstəkləyib və bundan sonra da bu mövqeyini davam etdirəcək.

Eyni zamanda Türkmənistan da Azərbaycanın regional və qlobal təşəbbüslərinə ardıcıl dəstək göstərir ki, bu da münasibətlərin strateji mahiyyətini daha da gücləndirir. Bütün bunlar göstərir ki, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və səfər çərçivəsində aparılan müzakirələr Azərbaycan–Türkmənistan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. İki qardaş dövlət arasında siyasi etimadın yüksək səviyyəsi, iqtisadi maraqların üst-üstə düşməsi, ortaq tarixi və mədəni dəyərlər əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik yaradır. Bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası, regional sabitlik və Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!