Modern.az

Azərbaycan Ordusu dövlətimizin gücünün və suverenliyinin əsas təminatçısıdır

Azərbaycan Ordusu dövlətimizin gücünün və suverenliyinin əsas təminatçısıdır

Ölkə

Bu gün, 17:40

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlərdən biridir. Bu əlamətdar tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunun, xalqımızın milli təhlükəsizliyinin təmin edilməsində göstərdiyi misilsiz xidmətlərin və Vətənə sədaqət nümunəsinin təntənəsidir. Güclü dövlətin əsas dayaqlarından biri olan qüdrətli ordu müstəqilliyimizin qorunmasının, ərazi bütövlüyümüzün və suverenliyimizin etibarlı təminatçısıdır.

Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə milli hərbi kadrların hazırlanması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmağa başlandı. Məhz buna görə də bu gün qürurla qeyd edə bilərik ki, müasir Azərbaycan Ordusunun təməlində Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik düşüncəsi dayanır. Ümummilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ölkəmizdə mütəşəkkil və peşəkar ordunun formalaşmasına imkan və gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Müstəqilliyimizin ilk illərində ölkəmiz ciddi təhlükələrlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda dövlət idarəçiliyində mövcud olan səriştəsizlik ordu quruculuğu prosesinə də mənfi təsir göstərmiş, ordunun formalaşdırılması istiqamətində ciddi problemlər yaratmışdı. Ayrı-ayrı silahlı dəstələrin müxtəlif qüvvələrin nəzarətində fəaliyyət göstərməsi ölkənin müdafiə qabiliyyətini zəiflədirdi. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesinə start verdi.
1994-cü il mayın 12-də Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı atəşkəs haqqında sazişin imzalanmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ başlandı.

Uğurlu dövlət siyasəti nəticəsində ordunun maddi-texniki bazası gücləndirildi, şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və döyüş ruhunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Bu addımlar gələcəkdə güclü və peşəkar ordunun formalaşmasına mühüm töhfə verdi.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi və həmin tarixdən etibarən hər il ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Bu qərar Azərbaycan Ordusunun tarixi ənənələrinə verilən yüksək dəyərin və dövlətin öz Silahlı Qüvvələrinə göstərdiyi xüsusi diqqətin təzahürü idi.
Bu gün Ulu Öndərin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazası ən müasir tələblər səviyyəsində yenilənmiş, hərbi büdcə dəfələrlə artırılmış, ordumuz ən müasir silah və texnika ilə təchiz edilmişdir. Hərbi sənaye potensialının gücləndirilməsi, peşəkar kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasında layiqli yerini tutmuşdur.

Azərbaycan Ordusunun qüdrəti, peşəkarlığı və yüksək döyüş hazırlığı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, sarsılmaz siyasi iradəsi və müdrik sərkərdəlik məharəti sayəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və xalqımızın çoxillik ədalət mübarizəsini qalibiyyətlə başa çatdırdı. 

Bu tarixi Zəfərin qazanılmasında şəhidlərimizin misilsiz qəhrəmanlığı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin vətənə sədaqəti, cəsarəti və peşəkarlığı həlledici rol oynadı. Döyüş meydanında nümayiş etdirilən yüksək hərbi məharət və sarsılmaz döyüş ruhu Azərbaycan Ordusunun gücünü və xalq-ordu birliyinin möhkəmliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Ordusunun gücü və qətiyyəti Vətən müharibəsindən sonrakı dövrdə də öz təsdiqini tapdı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi tam şəkildə təmin olundu. Cəmi 23 saat davam edən uğurlu əməliyyat zamanı Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək dövlətimizin gücünü, ordumuzun hazırlıq səviyyəsini və Ali Baş Komandanla xalqın sarsılmaz birliyini növbəti dəfə nümayiş etdirdi. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu və üçrəngli Dövlət Bayrağımız ölkəmizin bütün ərazilərində qürurla dalğalandı.

Bu gün Azərbaycan Silahlı Qüvvələri müstəqil dövlətimizin təhlükəsizliyinin, xalqımızın dinc və firavan həyatının keşiyində ayıq-sayıq dayanır. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, hərbi qulluqçulara göstərilən dövlət qayğısı və vətənpərvərlik ruhunda yetişən gənc nəslin ordu sıralarına böyük marağı Azərbaycan Ordusunun gələcəkdə daha da güclənəcəyinə əminlik yaradır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin bundan sonra da yeni-yeni uğurlara və daha böyük zəfərlərə imza atacağına sarsılmaz əminliklə inanırıq.

Zaur Şükürov,
Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!