Modern.az

Onlar bu ləqəblərlə məşhurlaşdılar - Qatır Məmməd, Çalpapaq Kərəm, Kobra 

Onlar bu ləqəblərlə məşhurlaşdılar - Qatır Məmməd, Çalpapaq Kərəm, Kobra 

Ölkə

Bu gün, 14:31

Qəhrəmanlar adlarını tarixə qızıl hərflərlə yazdırırlar. Lakin elə isimlər var ki, biz onları rəsmi sənədlərdəki adları ilə deyil, cəbhənin çətin sınaqlarından keçən gizli ləqəbləri ilə tanıyırıq. Dillər əzbəri olan bu çağırış adlarının pərdəarxasında isə çox vaxt unudulmaz hekayələr dayanır.

Tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu rəsmi sənədlərin kənarında qalan, gizli rabitə dalğalarından cəbhə xronikasına köçən həmin sirli ləqəblərin hekayəsini Modern.az-la bölüşüb.

O deyir ki, müharibədə ləqəblər iki yerə bölünürdü - təsadüfi yarananlar və xidməti kod adları: 

"Xüsusilə kəşfiyyat bölmələrində hərbçilərin təhlükəsizliyi üçün rabitədə xüsusi çağırış adlarından istifadə olunurdu. "Kobra", "Santos", "Luna 7", "Çalpapaq Kərəm" kimi kodlar zamanla həmin döyüşçülərin ayrılmaz vizit kartına, mülki həyatda belə çağırılan ləqəblərinə çevrildi. Mənsə heç bir xüsusi şifrə daşımırdım, elə səngərdə də "Rey" olaraq çağırılırdım".

R.Kərimoğlu xatırlayır ki, Birinci Qarabağ müharibəsinin ən əfsanəvi və hərbi çevrələrdə yaddaqalan simalarından biri Yaqub Rzayev idi. Cəbhədə hər kəs ona "Qatır Məmməd" və ya "Ala Yaqub" deyə müraciət edirdi. Qarabağda ilk özünümüdafiə dəstələrinin və batalyonun qurulmasında misilsiz xidmətləri olan bu cəsur komandirin "Ala" ləqəbi, əlində və qolunda yaranan xəstəlik ləkələri ilə bağlı idi.

Bu ailənin vətən sevgisi təkcə Yaqubla bitmədi, onun oğlu Canpolad Rzayev də atasının yolu ilə getib və Xocalı soyqırımı günü yüzlərlə dinc sakini xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Kəşfiyyat bölməsinin ən unudulmaz simalarından biri isə "Hindistan 5" kodu ilə tanınan Çingiz Hüseynov olub:

"Həm peşəkar döyüşçü, həm də qızıl kimi qəlbə sahib olan Çingizə dərisinin tünd rənginə və hindistanlılara bənzərliyinə görə "Qara" və ya "Hindistan 5" deyə də müraciət edirdik.

Azərbaycanın Milli Qəhrəmanı Ələbbas İskəndərovun rabitə kodu isə "Dağlı" idi. Ağdamın dağlıq relyefində doğulub boya-başa çatdığı üçün komandirləri ona bu adı layiq görmüşdülər".

İlk kəşfiyyatçılardan olan Xeyrulla İbrahimov, yəni "Kobra" isə Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi, Divizion Komandirinin müavini, həmçinin Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. 20 il davam edən qüsursuz xidməti ərzində "Kobra" ləqəbini qazanıb.

Rey Kərimoğlu bildirir ki, bəzi döyüşçülərin ləqəbləri təsadüfən, heç bir xüsusi səbəb olmadan qoyulsa da, bu gün onların hər biri Azərbaycanın qəhrəmanlıq salnaməsinin unudulmaz simvollarıdır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada