Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Modern.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, ölkənin bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava şəraiti iyunun 28-i axşamadək davam edəcək.
Bildirilib ki, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağışın güclü olacağı gözlənilir. Güclü yağıntılar nəticəsində bəzi həssas ərazilərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın ehtimalı var. Həmçinin şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
FHN vətəndaşlara intensiv yağıntı zamanı subasma, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, təhlükə yarandığı halda isə dərhal yaxınlıqdakı yüksək əraziyə çəkilməyi və xilasedicilərin göstərişlərinə ciddi əməl etməyi tövsiyə edir.
Nazirlik ildırım təhlükəsi ilə bağlı da xəbərdarlıq edərək, elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefonlardan istifadə edilməməsini, açıq havada elektrik xətləri, antenalar və hündür ağacların altında dayanılmamasını məsləhət görür. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın səngiməsini gözləmək tövsiyə edilir.
Müraciətdə həmçinin qeyd olunur ki, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, eləcə də hündür ağacların altından uzaq durmaq lazımdır.
FHN əlavə edib ki, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməli, güclü külək zamanı dənizə girməkdən çəkinilməlidir. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olunduğu bir daha xatırladılıb.