Azərbaycandakı dövlət xəstəxanalarında tibbi sığorta çərçivəsində müayinə və əməliyyatların pulsuz həyata keçirilməsinə baxmayaraq, pasiyentlərə yazılan bəzi dərmanların sığorta paketinə daxil edilməməsi vətəndaşlar arasında müzakirələrə səbəb olub. Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) ünvanlanan sorğuya rəsmi cavab verilib.
Agentlikdən Modern.az-a bildirilib ki, hazırda stasionar (xəstəxanada yataraq) şəraitdə icbari tibbi sığorta çərçivəsində aparılan müayinə və müalicələr zamanı istifadə olunan bütün dərman preparatları və tibbi sərflər tamamilə pulsuzdur:
"Stasionar şəraitdə tibbi göstəriş və həkim göndərişi əsasında aparılan müalicə zamanı istifadə olunan dərmanlar, tibbi sərfiyyat və hətta gündəlik qidalanma icbari tibbi sığorta təminatına daxildir və vətəndaşlardan bunun üçün heç bir ödəniş tələb olunmur".
Bununla yanaşı, qurum ambulator (evə yazılan) müalicələr üçün sığorta paketinin genişləndirilməsi istiqamətində mühüm addım atılacağını bəyan edib. İTSDA-nın rəsmi açıqlamasına görə, yaxın gələcəkdə ambulator şəraitdə də pulsuz dərman təminatına başlanılacaq:
"Ambulator şəraitdə həkim tərəfindən yazılan resept əsasında, ilk növbədə ürək-damar xəstəlikləri üzrə dərman təminatının icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulur".