Akademiya. Bu ad çox böyük addır. Bir vaxtlar bu ad yek idi. Sovet dövründə bir akademiya vardı ki, bu da Azərbaycan Elmlər Akademiyası idi. Onun da prezidenti ən yüksək maaş alan insan idi. Mədəniyyət sahəsində isə Akademik Dram Teatrı fəaliyyət göstərirdi. Sonra sovet dağıldı. Bilirsiniz də... köhnə qanun var. Təzə ay çıxanda köhnə ayı doğrayıb ulduz edirlər. Ona görə də köhnə akademiyanı doğrayıb müxtəlif akademiyalar yaratmağa başladılar. Daha doğrusu yaranmadı. Sadəcə adları çönüb akademiya oldu. Konservatoriya Bakı Musiqi Akademiyası adlandırıldı, Neft-Kimya İnstitutu Bakı Neft Akademiyasına çevrildi, bir vaxtlar Bakı Ali Partiya Məktəbi kimi böyük şöhrəti olan bir əlçatmaz təhsil ocağı Dövlət İdarəçilik Akademiyası oldu. Bəh-bəh-bəh. Bəh-bəhi yaman tez dedim. Gəlin əvvəldən yavaş-yavaş gəlim. Bəh-bəhi sonda bir daha xatırladaram.
BAKI MUSİQİ AKADEMİYASI
Musiqi təhsili almaq sovet dövründə çox qəliz məsələ idi. Xüsusi müsabiqədən keçdikdən sonra səni musiqi məktəbinə qəbul edirdilər. Təsəvvür edin ki, qəbul o qədər ciddi imiş ki, balaca Müslüm Maqomayevi musiqi məktəbinə götürmürlərmiş. Mən Müslüm Maqomayev olmasam da, bu cür müqavimətlə qarşılaşmışdım. 6 nömrəli musiqi məktəbinə məni anamın inadından sonra qəbul elədilər. Sovet dövrü olmasına baxmayaraq, təhsil pullu idi. Yəni ki “xozrasçyot” – təsərrüfat hesablı. Ayda anam 16 rubl 50 qəpik pul ödəyirdi. Yeddi ili oxuyub başa çatdırdım. Dövlət imtahanı verdim. Mənə şəhadətnamə verdilər. Dedilər ki, bu natamam orta təhsildir. Orta təhsil almaq istəsən, gərək Asəf Zeynallı adına Musiqi Texnikumuna girəsən. Ondan sonra isə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına daxil ola bilərsən ki, ali təhsilli musiqiçi olasan. O vaxtlar orta təhsilli musiqi savadını o cümlədən iki məktəb – Bülbül adına 11 illik Orta Məktəb, bir də Dzerjinski klubunu yanındakı 11 illik Musiqi Məktəbi veriridi. Baxmayaraq ki, orta təhsil 10 il idi.
Bütün bunları sadalamaqda məqsədim odur ki, sırf ali musiqi təhsili almaq üçün mən gərək 7 il musiqi məktəbində, 4 il texnikumda, 5 il isə Konservatoriyada oxumalıydım. Düz 16 il. Müstəqillik dövründə Konservatoriyanın adını Akademiya etmək məqsədəuyğun idi. Keyfiyyətini deyə bilmərəm, pilləvari irəliləliyişə görə bu struktur məğbul sayla bilər. Amma konservatoriya akademiya olanı 23 ildir ki, nə Üzeyir Hacıbəyov doğulub, nə də sonbeşik Xəyyam Mirzəzadə.
RƏSSAMLIQ AKADEMİYASI
Bu sahədə də çox ciddi bir qəbul vardı. Hamının bitirdiyi 10 illik orta məktəbi başa vurandan sonra, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verməliydin. Sonra isə İncəsənət İnstitutunun müvafiq fakültəsinə daxil olmaq şansı əldə edə bilərdin. Bu sahədə ən yüksək pillə isə Leninqrad Rəssamlıq Akademiyası idi. Müstəqillik dövründə bunu Bakıda açılan Rəssamlıq Akademiyası əvəz etdi. Keyfiyyətini deyə bilmərəm, pilləvari irəliləliyişə görə bu struktur məğbul sayla bilər. Amma Akademiya açılanı nə Əzim Əzimzadələr doğulub, nə də sonbeşik Tahir Salahov.
FRUNZE ADINA ALİ HƏRBİ AKADEMİYA
Hərbçi olmaq sovet dövründə çox asan idi. Amma hərbi sahəyə rəhbərlik etmək hər insana qismət olmurdu. Əgər əvvəldən özünü hərb sənətinə bağlamaq istəyin vardısa, onda orta məktəbin 7-ci sinfindən Naxçıvanski adına Hərbi Məktəbə, yaxud da Moskvada Suvorov Hərbi Məktəbinə oxumağa gedə bilərdin. Bu toxum sayılırdı. Hərbçi olmaq sümüyün iliyinə yedizdirilirdi. Daha sonra hər hansı Ali Hərbi Məktəb önündə dururdu. Əsgərlik xidməti də bu dövrün içində sayılırdı. Bundan sonra leytenant rütbəsi alıb başlayırdın 25 illik hərbi xidmətinə. Əgər səndə qeyri-adi bir qabiliyyət görsəydilər göndərirdilər Moskvadakı Frunze adına Ali Hərbi Akademiyaya. Buranı bitirənlər general-mayor və daha yüksək rütbələrə və hərbi vəzifələrə yüksələ bilərdi.
İndi bütün bunları müstəqillik dövründə açılan Silahlı Qüvvələrin Ali Hərbi Akademiyası əvəz edir. Amma Akademiya açılanı nə Şıxlinskilər, Mehmandarovlar doğulub, nə də sonbeşik Barşadlılar.
ALİ PARTİYA MƏKTƏBİ
Ali Partiya Məktəbi. İndiki dillə desək, Dövlət İdarəçilik Akademiyası. Elə binası da həmin binadır. Buranı sovet vaxtı bitirən insanlar sonralar partiya eşalonunda yüksək vəzifələr tuturdular. Yüksək vəzifəyə yüksəlməyənləri də olurdu. Məsələn, qonşumuz, yazıçı Əmir Mustafayev bu məktəbi bitirsə də, vəzifə almamışdı. Müstəqillik dövründə dövlət qəzetinin baş redaktoru olması isə onun Heydər Əliyevə sədaqətinin nəticəsi idi.
Bu Ali Partiya Məktəbindən yüksəyi isə Moskvada yerləşən Sovet İttifaqı Kommunist Partiyasının Ali Partiya Məktəbi, qısa desək VPŞ (Vısşaya Partiynaya Şkola) idi.
HAŞİYƏ: MODERN.AZ saytının “Qeyri-ixtisaslı jurnalistlər” rubrikası
Görəsən mətbu orqanlarının bolluğu dövründə Jurnalistika fakültələri Azərbaycanın qəzet, jurnal, sayt, radio, televiziya bazarını yüksək ixtisaslı jurnalistlərlə təmin edə bilərmi? Yaxud, sualı başqa cür qoyum. Bu ali təhsil ocaqlarında keçirilən dərslər qəzetlərin, jurnalların, radioların, saytların, televiziyaların öz jurnalistlərinə qoyduğu tələblərlə üst-üstə düşürmü? Burda bir misal yada düşür: “Cin ayrı, şeytan ayrı”.
Ona görə də Modern.az saytının “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasını çox maraqla izləyirəm. Belə qənaətə gəlmək olar ki, jurnalist işləmək üçün heç də hansısa ali məktəbin hansısa fakültəsini bitirmək vacib deyil. Ya bacarığın olmalıdır, ya da qələmin. Bunların ikisi də olsa sənə zaval yoxdur.
MİLLİ ELMLƏR AKADEMİYASI
MEA-da son illərdə böyük dəyişikliklər var. Qapıda turniketlər quraşdırılır. Hamı işə vaxtında gəlib-gedir. Qoca direktorlar yenisiylə əvəzlənir. Gün o gün gələcək ki, Nobel mükafatı da alacağıq. İnşallah!
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Təsəvvür edin ki, mən Dövlət İdarəçilik Akademiyasının müəllimiyəm. Və auditoriyada TQDK yolu ilə daxil olan tələbələr yox, hazırda vəzifədə oturan, sonradan püxtələşmək, biliklərini artırmaq üçün bu təhsil ocağına üz tutanlar əyləşib. Biri DYP-nin böyüyüdür. Mən onun qiymətinimi kəsə bilərəm? Əsla. Maşınım həmən cərimə meydançasına gedər. İcra başçısına gözün üstə qaşınmı var deyə bilərəm? Əsla. O başçıdır, başım gedə bilər. Qrupda olan hər hansı bir vəzifəli adama güldən ağır söz də deyə bilmərəm. Çünki onlar artıq hakimi mütləqdirlər. Sadəcə diplom dalınca Dövlət İdarəçilik Akademiyasına gəliblər ki, tərcümeyi-hallarına yazsınlar: “Mən “partşkola”nı bitirmişəm”.
Yaxşısı budur özümü bihörmət etməyim. Birindən oğlumu işə düzəltmək xahişi edim, o birindən yubileyimin banketinin hesabını verdirməyi rica edim. O birindən altı sot torpaq istəyərək, sonradan satıb pula çevirim. Daha nələr, daha nələr. Sonra da hər yerdə fəxrlə qeyd edim: Filan başçı, filan nazir müavini, filan idarə rəisi, filan JEK müdiri mənim tələbəm olub. Bəzilərinin auditoriyada sifətlərini görməsəm belə...
Allahın işinə qarışmaq olmaz. Kiminə ağılı, elmi birinci yetirir, amma vəzifə qismət eləmir. Kiminəsə vəzifəni birinci yetirir, bilik dalınca sonra “Partşkola”ya göndərir. Təcrübə isə sübut edir ki, vəzifə bütün siyasi elmlərdən irəlidir. Yox elə bilməyin ki, onlar da qeyri-ixtisaslı jurnalistlər kimidir. Əsla. Onların ixtisası, ixtisaslarına uyğun diplomları da var. Lap göz deşir. Qiymətləri də “beş”dir. Burda atamın bir nəsihəti yadıma düşür: “Mahir, qoy qiymətin lap ”3” olsun. Amma başının içində bir şey olsun”.