Modern.az

Rəqəmsal köçərilərin yeni mərkəzi Bakı ola bilərmi? - təklif 

Rəqəmsal köçərilərin yeni mərkəzi Bakı ola bilərmi? - təklif 

Ölkə

Bu gün, 15:18

Son illərdə dünyada distant işləyən xarici mütəxəssislərin və "rəqəmsal köçərilərin" özlərinə yeni yaşayış və iş yerləri seçməsi qlobal trendə çevrilib. Təhlükəsizlik mühiti, zəngin mədəniyyəti və sürətlə inkişaf edən infrastrukturu ilə Bakı da bu mütəxəssislərin diqqətini çəkən şəhərlər sırasındadır. Bəs Azərbaycanda rəqəmsal köçərilər üçün xüsusi viza rejiminin yaradılmasına ehtiyac varmı? Ölkəmizə intellektual kapitalın axınını gücləndirmək üçün hansı güzəştlərə gedilə bilər?

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Fariz İsmayılzadə qlobal miqyasda ən yaxşı insan resursları uğrunda ciddi mübarizənin getdiyini vurğulayıb:

"Son 30 ildə dünyada qloballaşma prosesi gedir. Bu proses kapitalın bir ölkədən digərinə keçməsinə, ticari əlaqələrin genişlənməsinə və insan resurslarına birbaşa aiddir. Hazırda dünyada ən yaxşı insan resursları üzərində böyük rəqabət yaşanır. Böyük mərkəzlər, qlobal ticari qovşaqlar özlərinə alimləri, elm adamlarını və biznesmenləri cəlb etməyə çalışırlar. Bu, həmin şəhərlərin hərtərəfli inkişafına hesablanmış strateji addımdır".

Deputat qeyd edib ki, bir çox ölkələr beyin axınını stimullaşdırmaq üçün cəlbedici şərtlər təklif edir:

"Biz bunun Dubay və İstanbul kimi mərkəzlərin timsalında aydın nümunələrini görürük. Həmin şəhərlərdə xarici mütəxəssislər üçün imtiyazlar, xüsusi viza rejimmləri və ya vergi güzəştləri yaradılır. İndi dünyada əsas mübarizə elm, kapital və texnologiya üzərində gedir. Təbii ki, Azərbaycanda da bu məsələlərlə bağlı müəyyən bir strateji siyasi xətt olmalıdır. Ən yaxşı beyinləri ölkəmizə cəlb etmək üçün biz də müəyyən stimullaşdırıcı qaydalar tətbiq etməliyik. Məsələn, bəzi ölkələrdə yüksək keyfiyyətli kadrların cəlb olunması məqsədilə xüsusi viza növləri mövcuddur".

Fariz İsmayılzadə rəqəmsal köçərilərin və mütəxəssislərin cəlb edilməsi zamanı dövlət maraqlarının və regional həssaslığın qorunmasının vacibliyini də önə çəkib:

"Bu məsələlərdə müəyyən balansı saxlamaq olduqca vacibdir. Çünki biz coğrafi baxımdan kifayət qədər həssas zonada yerləşirik. Miqrasiya məsələləri hər zaman yalnız elm və texnologiya ilə bağlı olmur, bəzən bu, birbaşa milli təhlükəsizlik faktoruna toxunur. Ona görə də bütün bu riskləri və həssas məqamları nəzərə alıb, ona əsasən balanslı addımlar atmaq lazımdır".

Distant işləyən mütəxəssislərlə yanaşı, ölkənin elm və təhsil sahəsinə birbaşa cəlb olunan əcnəbilərin sayı da maraq doğurur. Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna verilən rəsmi cavabda ölkənin ali təhsil ocaqlarındakı mövcud mənzərə bəyan edilib.

Rəsmi statistikaya əsasən, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətindən əcnəbi və vətəndaşlığı olmayan mütəxəssislərin sayı 95 nəfər təşkil edib. 

2023-cü ildə isə əcnəbi və vətəndaşlığı olmayan 500-ə yaxın şəxsə yaşama icazəsi verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada