Modern.az

Siyasi rəqiblərin, intriqantların aləti olmaq...

Siyasi rəqiblərin, intriqantların aləti olmaq...

Ölkə

7 Noyabr 2014, 12:45

Əgər deyilsəydi ki, müəllimlər fağırlığı bir kənara qoyub,  öz sosial problemlərini kütləvi aksiyalar vasitəsilə ictimai rəyə daşımaq və müvafiq instansiyaların diqqətini bu etiraza yönəltməyə çalışırlar, bunu hardasa başa düşmək olardı. Axı müəllim kontingenti  əmək haqlarının azlığı cəhətindən bütün kateqoriyalardan öndə gedir və üstəlik, bu gün istər kommunal xərclər, istərsə də başqa məsələlər  yönümündə heç bir imtiyaz da daşımır. Amma ilin-günün bu çağında heç müəllim üçün də etiraz notlarına köklənmək səbəbləri böyük, mitinq ideyası cəlbedici  deyil. Çünki uzun zamandır ki, repititorluq fəaliyyəti artıq lap aşağı siniflərdən başlayır və fərasəti, savadı olan əksər fənn müəllimləri tənbəl, intellektsiz, yaxud, işgüzar imicə sahib valideynlərin hesabına öz gəlirlərinin yüksəkliyini təmin edə bilirlər.

Buna rəğmən də, müəllimlərin gileyinə təbii yanaşmaq olardı. Onların durumunu dəyişmək üçün konsepsiyalar, çözüm metodları səlahiyyətli masalar üzərindən götürülüb bir küncə atılmasa  da, ortaya qəti həll mexanizmləri hələ də çıxmayıb. 

Qarabağ qaziləri və şəhid ailələrinin adından danışan bir qrup qazinin   siyasi qüvvələrlə bir araya gəlib kütləvi aksiyalarda iştirak bəyanatı verməsi, qeyzli emosiyasını qabarıqlaşdırması isə, açığı, gülünc səslənməklə bərabər, həm də bir nankorluq kimi görünür. Ona görə yox ki, niyə dikbaş davranır, niyə meydanı, küçəni, radikal müxalifəti seçir. O baxımdan ki, kim də etiraz etməli olsa, qazilər etməməlidirlər; küskünlüklərində haqlı deyillər, narazılıq üçün tutarlı və köklü səbəbləri coxdan minimum həddə enib.

Məgər dövlətin verilən qalaq-qalaq sərəncamları, tikilən evlər, ayrılan maşınlar,  ali  təhsil müəssisələrində təhsil haqqı güzəşti, pulsuz reabilitasiya, xaricdə müalicə kimi ardıcıl aparılan sosial siyasət, bu istiqamətdə 2018-ci ilə qədərki bəlli planlar həkimlərinmi, mühəndislərinmi, elm adamlarınınmı sosial durumunu hədəfləyir?    

Təkcə 2014-cü ilin 9 ayında 1453 nəfər avtomobillə təmin olunub ki, onlardan 677 nəfəri Qarabağ əlilidir. İndiyəqədər isə 3138 Qarabağ müharibəsi əlili bu təminatı əldə edib. Hazırda növbədəkilərin təsnifatında 277 Qarabağ əlili qalır ki, onların avtomobil təminatının qarşıdakı ildə tamamlanması nəzərdə tutulur.

1990-cı illərin  sonlarından başlanan mənzil tikintisi bu günə qədər davam edir və Qarabağ əlili, şəhid ailələrinin mənzil təminatı statistikası üçün arxivləri eşələməyə heç bir ehtiyac yoxdur. Kəsilən qırmızı lentlərə informasiya kanallarından şahidlik etdiyimiz üçün göz yaddaşımıza əminliklə  güvənmək lazımdır.  Həqiqətin təhrifi qarşısında bunca etibarlı faktlar silsiləsi dayanırkən, Qarabağ qazisi öz ağlını siyasi opponentlərə necə qarət etdirə bilir, bunu anlamaq çətindir.    


Əgər Qarabağ qazilərinin bir qrupu ölkədəki barışmaz siyasi mübarizəyə, həmçinin, hakimiyyətdaxili bəzi qüvvələrin şəxsi intriqalarına  dəqiq “diaqnoz” qoya bilsəydi, onların maraqlarında bir alətə çevrilmək istəməsəydi, onda niyə düz bir il bundan öncə başlayan silsiləli özünüyandırma oyununa  cəlb olundular, indi isə kütləvi aksiyalarda siyasi rəqiblərin ətrafında davakar tonda görünürlər?!

Üstəlik, adam bilmir ki, müxalif medianın səhifələrindən özünü ölkənin sosial siyasətindən ciddi şəkildə gileyli göstərən və aksiyada bu kateqoriyanın iştirakının  guya  kütləviliyini önə çəkib,  bütün Qarabağ qaziləri və şəhid ailələri adından  danışanlar, doğrudanmı qazidirlər, yoxsa, bu saxta status altında bir təhdid atmosferi yaratmağa, eləcə də hansısa təmənnalar qarşılığında  müxalifətin aksiyasının cəmiyyətin dəstəyini aldığını sərgiləməyə   çalışırlar?!

Fərz edək ki, onlar həqiqətən də qazidirlər, maddi cəhətdən sıxıntıları var, bu, o deməkdirmi ki, 20-30 Qarabağ qazisinin obyektiv və subyektiv səbəblərdən himayədən kənarda qalması ciddi laqeydlik faktıdır, “başqa əlillərə göstərilən comərdlikdən, mərhəmətdən  mənə nə”prinsipi ilə aksiya fürsəti axtarılmalı və özünü müxalifətin səngərinə salmalıdır? Yaxud, əgər həmin qaziləri sadəcə, göstərilən diqqətin səviyyəsi razı salmırsa, maksimum dəstək umulursa, heç kəs heç yerdə heç kəsə komfortlu həyat vəd edə bilmir. Sosial problemlər qatar sürəti ilə həll olunmur, ahəstə şəkildə yerinə yetirilir. Hansısa qazinin sığındığı müxalif cinahda  problemsiz həyat vədləri yalnız saxta xarakter daşıya və hakimiyyət zirvəsinə yürüməyə çalışanların əlində şirnikləndirici vasitə ola bilər.  

Qarabağ qaziləri və şəhid ailələrinin etiraz hərəkatı çox-çox keçmişlərdə qaldı. 1998-99- cu il onların sosial cəhətdən depressiv durumunun və miskinliklərinin  ən ağır zamanları idi. Həm də ölkənin özündə iqtisadi durumla ilgili proqressiv addımlar ləng atılırdı. Bununla belə onların tələblərinin mitinqlər, piketlər, aclıq aksiyası formasında gündəmə gəlməsi hakimiyyəti tədbirlər planı işləməyə vadar etdi, o vaxtdan bu günə münasibətlər  anlaşma, dialoq, diqqət, başlıcası, böyük himayə, qəyyumluq çərçivəsində aparılır.        

Əgər ötən il bəzi hakimiyyətdaxili qruplaşmaların oyunu ilə  baş verən özünüyandırma aksiyası və bunun təhtəlşüur şəkildə cahilcəsinə bir epidemiya halına keçməsi  Qarabağ qazilərinin gerçəkliyin ifadəçisi yox, fitnəkarlıq alətinə çevrildiyini təsdiqlədisə,  5-10 qazinin, şəhid ailəsinin adından danışıb, indiki hakimiyyətə kükrəyən, asi kəsildiyini hündür səslə ifadə etməyə çalışanlar da cəmiyyətdə ajiotaj yaratmaq, aqressiv davranmaqla, yalnız siyasi müxalifətin əlinə oynayırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı