Quba Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Modern.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda şəhid olmuş qəhrəmanların, eləcə də Quba Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin sabiq üzvü Əlibala Kərimovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Rayon İcra Hakimiyyətinin və Respublika Ağsaqqallar Şurasının nümayəndələri, rayon ağsaqqalları və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Konfransda Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov son beş ildə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında çıxış edən Şura üzvləri Laçın Səfərəliyev və Fərman Seyidov, Qırmızı Qəsəbə qəsəbəsi İsak Xanukov adına 1 nömrəli tam orta məktəbin direktoru Yavuşva Simanduyev və Dövlət Arxivinin Quba filialının direktoru Şirin Müzəffərov qurumun fəaliyyətini qənaətbəxş qiymətləndirərək gələcək fəaliyyətlə bağlı təkliflərini səsləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılıb, Quba Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi seçilib. Səsvermənin nəticələrinə əsasən, İldırım Məmmədov yenidən Quba Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Konfransın sonunda çıxış edən Tahir Süleymanov və Tariyel İbrahimov ağsaqqalların cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadıqlarını vurğulayaraq yeni seçilmiş rəhbərliyə uğurlar arzulayıblar.

