Azərbaycanda 2026-cı ilin birinci yarısında qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər çərçivəsində 850 əcnəbi inzibati qaydada ölkədən çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin ilk altı ayı ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər inzibati hüquq pozmaları ilə bağlı ümumilikdə 9757 qərar qəbul edilib.
Qeyd olunub ki, inzibati qərar qəbul edilən əcnəbilərdən 4852 nəfər Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı saxlanılıb. Araşdırmalar zamanı onların ölkədə olma və yaşama hüququ verən sənədlər olmadan yaşadıqları, ölkəyə gəliş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, qanunsuz əmək fəaliyyətinə cəlb edildikləri və ya qeydiyyatda olduqları ünvanda yaşamadıqları müəyyən edilib.
Məlumata görə, miqrasiya qanunvericiliyini pozan 850 əcnəbi inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılıb və onların ölkəyə girişinə qanunvericiliklə müəyyən edilmiş müddətə məhdudiyyət qoyulub. Digər şəxslərin isə ölkədə yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.
Hesabat dövründə ölkədə qanunsuz miqrasiyanın təşkilinə dair 4 fakt da aşkarlanıb. Araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə Azərbaycana gətirildikdən sonra qanunsuz yollarla iş və müvəqqəti yaşamaq üçün icazə sənədləri ilə təmin edilməsinə cəhd göstərildiyi müəyyən olunub.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı tədbirlərin davam etdirildiyini bildirib.