Modern.az

Paşinyan anklav kəndlərlə bağlı yeni təklif irəli sürdü

Paşinyan anklav kəndlərlə bağlı yeni təklif irəli sürdü

Ölkə

Bu gün, 15:00

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sərhədin delimitasiyası prosesində anklav və eksklavlarla bağlı bütün həllini tapmamış məsələlər razılaşdırılmalıdır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun eksklav kəndlərlə bağlı açıqlamasını şərh edərkən səsləndirib.

C.Bayramov bu məsələlərin sərhədlərinn delimitasiyası çərçivəsində həll olunacağını bildirib.

Paşinyan anklav və eksklav kəndlərdən danışarkən "Artsvaşen" adlandırdığı Başkənd yaşayış məntəqəsinin (Gədəbəyin kəndi-red.) adını çəkib və onun Ermənistana məxsus olduğunu iddia edib.

Baş nazir vurğulayıb ki, anklav və eksklavlar məsələsindən imtina edə bilməz və bu problem Almatı Bəyannaməsi, eləcə də delimitasiya prosesində əsas götürülən xəritələr əsasında həll olunmalıdır.

Paşinyanın sözlərinə görə, bunun iki mümkün həlli var. Birinci variant həmin ərazilərin de-yure aid olduqları ölkənin tərkibində qalmasıdır.

İkinci variant isə sərhəd boyunca və ya konkret ərazilərdə qarşılıqlı razılıq əsasında ərazi mübadiləsinin aparılmasıdır.

"Belə prosedurlar beynəlxalq praktikada mövcuddur. Bu məsələ Ermənistan qanunvericiliyi və Konstitusiyası çərçivəsində həll edilməlidir", - o bildirib.

"Hesab edirəm ki, biz də güzgü prinsipi ilə hərəkət etməli və Almatı Bəyannaməsinə uyğun davranmalıyıq. Bu yanaşma paraflanmış və seçkilər vasitəsilə vətəndaşlar tərəfindən dəstəklənmiş razılaşmadan irəli gəlir", – Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, yanaşma "kim hansı əraziyə nəzarət edirsə, həmin ərazi onundur" prinsipi ilə deyil, sülh sazişinin məntiqi əsasında qurulmalıdır.

Xatırladaq ki, hazırda Azərbaycanın işğalda 4 kənd qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Onlar hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.
 
Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.

Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.
Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır