Şəhidlik xalqın yaddaşına və kimliyinə yazılmış ən ali zirvədir. Vətən uğrunda canından keçən oğulların xatirəsini əbədiləşdirmək, onların əmanətlərinə müqəddəs baxmaq, həssaslıqla yanaşmaq hər birimizin həm mənəvi, həm də vətəndaşlıq borcudur. Şəhid analarının, həyat yoldaşlarının, övladlarının kövrək qəlbi, gözündən axan hər bir damla yaş bizim üçün müqəddəsdir. Onların narahatlığı, həyəcanı hər birimizin narahatlığıdır. Bütün bunlara baxmayaraq bəzən ən dərin ehtiramın kölgəsində emosiyalar hər şeyi üstələyə bilir.
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimovanın şəhid general-mayorun məzar daşı ilə bağlı müraciəti hər birimizin qəlbini göynətdi. Şəhid anasının addımı, oğlunun xatirəsinə göstərdiyi sonsuz diqqət çox təbii və anlaşılandır. Bir ananın övladının məzarı üzərində gördüyü kiçik bir ləkə belə onun üçün böyük bir yaraya çevrilə bilər.

Bu həssaslıq qarşısında baş əyməmək mümkün deyil. Lakin məsələnin digər tərəfi də var. Bilirik ki, şəhidlə bağlı adi bir müraciət bütün qurumları anında hərəkətə keçirir. Şəhidlərimizin xatirəsinə ehtiram heç vaxt kağız üzərində qalmayıb. Bu, Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin dəyişməz yanaşmasıdır.
Polad Həşimovun uyuduğu ərazinin rəsmi olaraq Müdafiə Nazirliyinin balansında olmasına və Bakı Abadlıq Xidmətinin oradakı işləri bir il əvvəl təhvil verməsinə baxmayaraq, müraciət daxil olan kimi aidiyyəti üzrə hərəkətə keçilib.
Modern.az-ın sorğusundan dərhal sonra Bakı Abadlıq Xidmətindən bildiriblər ki, əməkdaşlar operativ şəkildə əraziyə cəlb olunub, nöqsanın aradan qaldırılması üçün işlər aparılıb və tamamlanıb.

Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva onu da qeyd edib ki, vaxtilə o abidələr ucaldılarkən şəhid ailələrinin hər bir arzu və istəyi, iradı nəzərə alınıb, portretlər və detallar onların razılığı ilə, hətta bəzi hallarda iki dəfə dəyişdirilərək tam qüsursuz şəkildə təhvil verilib. Şəhidlərimizin məzar daşlarına göstərilən diqqət bu gün də eyni məsuliyyətlə davam etdirilir. Qurum rəsmisi əlavə edib ki, onlar şəhid analarının kədərini dərindən anlayır, hər bir addımdakı ana təlaşını müqəddəs sayırlar.
Lakin unutmamalıyıq ki, dövlət qurumları da, bu xalq da Şəhidlərimizin xatirəsini qorumaq üçün gecə-gündüz çalışır. Yaranan kiçik bir texniki nöqsanı böyük bir diqqətsizlik kimi qiymətləndirmək, emosiyaların təsiri ilə hər kəsi ittiham etmək bəzən görülən böyük əməyə və göstərilən sonsuz ehtirama kölgə salır. Şəhidlərimiz hamımızın qürur mənbəyidir. Onların ruhunu şad etmək isə yalnız məzarlarını uca tutmaqla deyil, həm də bir-birimizə, xüsusən də bu xatirəni yaşadan hər bir əməyə səbr və anlayışla yanaşmaqla mümkündür.