Azərbaycan tarixində əvəzsiz xidmətləri olmuş bir çox görkəmli ziyalı və siyasi xadimin məzarı ölkə hüdudlarından kənarda yerləşir. Cümhuriyyət dövrünün banilərindən Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Türkiyədə, Əlimərdan bəy Topçubaşov Fransada, Fətəli xan Xoyski və Həsən bəy Ağayev isə Gürcüstanda dəfn olunublar. Mədəniyyət xadimlərimizdən böyük şair İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, Mirzə Şəfi Vazeh və Mərkəzi dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun məzarları isə Tbilisidədir.
Ötən il Nəsiminin məzarının Azərbaycana köçürülməsi ilə bağlı Suriya tərəfi ilə ilkin təmasların aparıldığı bildirilsə də, sonradan bu istiqamətdə hansısa yenilik olmadı. Bu baxımdan xaricdəki hansı dahinin dəfn yerinin ölkəmizə gətirilməsinin real və məqsədəuyğun olduğu məsələsi yenidən gündəmə gəlib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında bu addımın yalnız müəyyən hallarda atılmasını doğru hesab etdiyini bildirib:
"Əlbəttə, bu çox vacib məsələlərdən biridir, amma bütün ziyalıların məzarını gətirməyin əleyhinəyəm. Harada ki təhlükə var, məzarın qorunması problemi var, oradan köçürülmə düşünülsün. Məsələn, Yusif Vəzir Çəmənzəminlinin məzarı itib, həbsxananın yanında su anbarı tikilib. Ona ancaq simvolik bir məzar düşünülə bilər. Bizdə "mütləq cismi cəhətdən burada olmalıdırlar" yanaşması olmamalıdır, onlar ruhən zatən Azərbaycandadırlar".
Deputat xüsusilə yad ölkələrdə qalan xadimlərin xatirəsinin qorunması risklərinə toxunub. Onun fikrincə, Mirzə Fətəli Axundov, Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyskinin də məzarlarını Azərbaycana gətirmək olar. Çünki yad məmləkətlərdə o ərazilərin taleyinin necə olacağı, yol və ya bina tikintisinə düşüb-düşməyəcəyi bəlli deyil. Bu təhlükələri nəzərə alaraq belə addım atmaq lazımdır. Lakin bir məsələ də var:
"Türkiyədə dəfn olunanlara toxunmağa dəyməz. Rəsulzadənin məzarına toxunmaq doğru olmaz. Onlar artıq öz məmləkətimiz sayılan Türkiyədə, rahat bir yerdədirlər. Harada dünyasını dəyişmək taleyin seçimidir, amma onların əsl arzusu müstəqil Azərbaycan idi. Bu ölkənin də onların son mənzili olmağa haqqı çatır və biz bunu hər halda düşünməliyik".