Modern.az

İşsiz qalanların kreditini sığorta şirkəti ödəyə bilər – Deputat

İşsiz qalanların kreditini sığorta şirkəti ödəyə bilər – Deputat

Ölkə

Bu gün, 10:38

Azərbaycanda kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutan yeni mexanizm hazırlanır. Qaydalar təsdiqlənərsə, müəyyən hallarda qaytarıla bilməyən kredit borclarının sığorta şirkəti tərəfindən ödənilməsi mümkün olacaq.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, hazırda borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi halları üzrə sığorta tətbiq olunur və bu sahə Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Hazırlanan yeni qaydalar isə kredit götürən şəxslərin işsiz qalma riskinin sığortalanmasını nəzərdə tutur.

Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar özlərindən asılı olmayan səbəblərdən – iş yerlərinin bağlanması, işdən azad edilmələri və digər oxşar hallara görə kredit ödənişlərində çətinliklə üzləşirlər. Yeni mexanizm tətbiq edilərsə, belə hallarda kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılana bilər.

V.Bayramov qeyd edib ki, kredit risklərinin sığortalanması həm vətəndaşların maliyyə yükünü azalda, həm də bankların risklərini minimuma endirə bilər.

Deputat diqqətə çatdırıb ki, bu sığorta növünün tətbiqi kredit götürən şəxslər üçün əlavə xərc yarada bilər. Bununla belə, Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alaraq, bankların faiz endirimlərinə getməklə sığorta səbəbindən yaranacaq əlavə xərcləri kompensasiya etməsinin mümkün olduğunu bildirib.

Vüqar Bayramov hesab edir ki, kredit risklərinin sığortalanması ilə bağlı yeni qaydaların qısa zamanda təsdiqlənməsi məqsədəuyğundur. Onun fikrincə, bu mexanizm həm bank sektorunda mütərəqqi dəyişikliklərə səbəb olacaq, həm də maliyyə sektorunda risklərin azalmasına töhfə verəcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr