Modern.az

Dilimizdə haqqı və ədaləti müdafiə edən sözlər daha çoxdur

Dilimizdə haqqı və ədaləti müdafiə edən sözlər daha çoxdur

Ölkə

Bu gün, 22:22

Azərbaycan əlifbası tarixin bütün mərhələlərində şərəfli bir yol keçmişdir. Azərbaycanın ilk əlifbaları kimi Orxon-Yenisey, Alban əlifbası haqqında kifayət qədər məlumatımız var. Ərəb yürüşlərindən sonra İslam dininin qəbulu və əhalinin savad əldə etməsi üçün mədrəsələrdən istifadə olunurdu. Beləliklə uzun illər Azərbaycanda da ərəb əlifbasından istifadə olunmağa başladı.

Böyük rus şairi Lermontov Qusarda sürgündə olarkən çox şeydən yazıb. Məncə, ən gözəl fikri Azərbaycan dili haqqında yazdığıdır:”Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, umumən Asiyada Azərbaycan dilini bilmək də bir o qədər əhəmiyyətlidir".

1918-1920-ci illərdə Milli hökumət əski əlifbadan istifadə etməklə Azərbaycan(türk) dilində  dövlət və kargüzarlıq işlərini aparırdı. Hökumət gələcəkdə Əlifba komissiyası yaratmaqla əlifba islahatı aparmağı nəzərdə tuturdu. Hətta 1918-ci ilin dekabrında Əlifba komissiyası ilk iclasında latın qrafikalı əlifbaya keçməyi tövsiyə edirdi. Lakin 1920-ci ilin aprel işğalı əlifba islahatının həyata keçməsinə imkan vermədi. 

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yanında Əlifba Komitəsi yaradıldı. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarl ilə latın qrafikası ərəb qrafikası ilə bərabər hüquqlu hesab edildi və 1924-cü ildən məcburi dövlət əlifbası elan olundu. 
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1928-ci il 11 oktyabr dekreti ilə respublika latın qrafikalı əlifbaya keçdi.

1929-cu ildə Azərbaycanda  ərəb qrafikalı əlifbadan istifadə qadağan olundu və latın qrafikalı əlifba tətbiq olunmağa başladı.

Lakin latın qrafikalı əlifba Mərkəzi qane etmirdi. Çünki Moskva kirill qrafikalı əlifbaya üstünlük verirdi. Ona görə də 1939-cu ilin iyulunda Azərbaycan SSR Ali Soveti 1940-cı ilin yanvarın 1-də kirill qrafikasına keçmək haqqında qərar qəbul etdi. Azərbaycanda kirill qrafikasından SSRİ dağılına qədər istifadə olundu. 

1990-cu ildə yaradılmış  Əlifba Komissiyası kirill qrafikasından latın qrafikasına keçmək haqqında Azərbaycan parlamentinə müraciət etdi. 1991-ci il dekabrın 25-də Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Lakin bu qanunun tətbiqi  xeyli ləngidi. Nəhayət, 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdı.

2001-ci il avqustub 9-da ümümmilli lider Heydər Əliyev  avqustun birinci gününün Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması haqqında fərman imzaladı.

Azərbaycan Respublikasının Prezidenti, Qarabağın Fatehi İlham Əliyev Azərbaycan dilini yüksək qiymətləndirərək deyir:” Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.

Dövlət başçısı Azərbaycan xalqının keşməkeşli və mübarizələrlə dolu olan tarixinə nəzər salaraq deyir:” Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”.

Prezident İlham Əliyev Azərbaycan dilinin Azərbaycandan kənarda yaşayan və bu dili dərin məhəbbətlə sevən insanlar üçün daha oxunaqlı etmək üçün deyir:”Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimoloji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir".

Dilimiz şirindir, anlaşılandır, daha çox xeyirxahlıq, səmimiyyət aşılayır. Dilimizdə haqqı və ədaləti müdafiə edən sözlər daha çoxdur. Dilimizdə insanlığı təhqir edən sözlər o qədər də çox deyil. Çox təəssüflər olsun ki, Qərbdə özünə sığınacaq  tapan bəziləri  dilimizi nufuzdan  salmağa çalışan söyüş və təhqirə meydan verirlər. Çox təəssüf. Əvvəla, Qərb heç bir zaman Azərbaycanın uğurunu rahat həzm etməyib. İkincisi, Qərb 30 il işğal altında qalan torpaqlarımız və bir milyon qaçqın və köçkün həyatı yaşayan insanlarımız haqqında    ədaləti müdafiə edən heç bir fikir söyləmədi. İndi necə olur ki, Qərb kimlərə isə qucaq açır? İnanmayın. Özümüzü sevək, xalqımızı sevək, dilimizi sevək, suveren dövlətimizi  qorumağı vəzifə borcu bilək.

Anar İsgəndərov

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr